Свобода людям, независимость нациям!

Quruldayan general – Qurulyov dediyini niyə dandı?

2167 07.04.2024 10:08 Колумнисты A A

Elə bir gün olmaz ki, rusiyalı deputatlar, diplomatlar, veteran hərbçilər, politoloqlar, “zilalıar” Rusiyanın qonşularını hədələməsinlər, nəsə bir aşağılayıcı və ya təhdidkar fikir bildirməsinlər.

(Yuxarıdakı cümlədə bir sözün (“ziyalılar”) dırnaq işarələri arasına alınması ona görədir ki, onların açıqlamaları neosazim səciyyəsi daşıyır, ziyalılıqla daban-dabana ziddir).

Bu şəxslər 32 il öncə dağılmış SSRİ-nin xiffətini hələ də çəkir, Rusiya imperiyasının sərhədlərini bərpa etmək barədə düşünür, böyük və firavan dövlət bərqərar etməyin yeganə yolunu aqressiv siyasət yeritməkdə, Rusiyanın ətrafında yerləşən və güclərinin çatdığı bütün müstəqil dövlətləri yeni rus imperiyasının tərkibinə qatmaq üzərində mülahizələr yürüdürlər.

Bu günlərdə elə şəxslərin sırasına Dövlət Dumasının deputatı, general Andrey Qurulyov da qoşulub. Bir sıra teleqram kanallarında onun “Ukraynadan sonra Rusiya Qazaxıstana hücum edəcək” məzmunlu səs yazısı yayılıb.

İndi Qurulyov belə bir ifadə işlətdiyini boynuna almır, bu barədə yayılan informasiyanı “feyk” adlandırır və həmin sözü deyən şəxsin səsinin onun səsinə bənzədiyini iddia edir.

Adamın yadına 1999-cu ildə Rusiyanın baş prokuroru Yuri Skuratovun saunada iki qadınla əylənərkən çəkilmiş videokadrların yayılmasından sonra “o, sadəcə mənə oxşayan adamdır” deməsi düşür. Rusiya mediası sonradan bu sözü milyon dəfə tirajlayaraq leksikona ironik “Skuratova oxşayan adamlar” istilahı gətirmişdi.

İndi general Qurulyov da eyni fəndə əl atıb – səs bənzərliyindən danışır.

Təcrübə deyir ki, belə ifadələr heç vaxt təsadüfən səslənmir. Qurulyov o adamlardandır ki, az qala hər gün bu və ya digər şəkildə o cür sözlər deyir. Sadəcə, onun sözləri Rusiyanın təklənmə prosesinin şiddətləndiyi indiki vaxtda yerinə düşmür, strateji planın vaxtından qabaq açıqlanması səciyyəsi daşıyır. Görünür, buna görə daha yuxarılarda ona bərk təpiniblər, ağzına yiyəlik etməsini məsələhət görüblər. Ona görə də o, tez-tələsik təkzib açıqlaması verməyə məcbur olub.

Ancaq Qurulyov quruldasa da, quruldamasa da, bir sıra rusiyalı “qırğı”ların Qazaxıstana, ümumiyyətlə, postsovet məkanı ölkələrinə aqressiv yanaşmaları, vaxtaşırı neimperiya ambisiyasından doğan ifadələr işlətməsi heç kəsə sirri deyil.

2014-cü ildən, Rusiya Krımı və Donbası Ukraynadan silah gücünə qoparandan bəri Kremlətrafı siyasi dairələrin ritorikası xeyli dəyişib. Onlar Ukrayna ilə məsələnin uğurla başa çatmasından sonra daha nə kimi bənzər planları olduqları barədə müzakirələr aparır, müxtəlif mülahizələr yürüdürlər.

Bunu hamıdan çox edən liberalizmin “L”-indən xəbəri olmayan, amma partiyasının adını Rusiya Liberal-Demokrat Pariyası qoyan Vladimir Jirinovski idi. O, keçmiş SSRİ respublikalarının müstəqiliyini qəbul etmirdi, “tarixi ədalətin bərpa olunacağı” günün gələcəyini iddia edirdi. Jiriniovskinin ölümündən sonra onun əlindəki estafeti çox adam qapıb.

Hazırda 56 yaşı olan deputat Qurulyov onlardan biridir və bu cür aqressiv fikirləri ilə ölkə xaricində də tanınır. Bütün Avropa İttifaqı ölkələrinin, Böyük Britaniyanın, ABŞ-ın, Kanadanın, İsveçrənin, Avstraliyanın, Yaponiyanın, Ukraynanın, Yeni Zelandiyanın ona şəxsi beynəlxalq sanksiya tətbiq etməsinin səbəbi də budur.

Qazaxıstanın Ukraynadan sonra Rusiyanın hərbi aqressiyasının qurbanı olacağına dair fikirlər isə yeni deyil. Belə bir plan nəzəri olaraq həmişə mövcud olub. Çünki postsovet ölkələri içində rusların və digər slavyan xalqlarının kompakt şəkildə yaşadığı 3 ölkədən biri məhz Qazaxıstandır. Son illərdə bu ölkənin demoqrafik durumu qazaxların xeyrinə dəyişmiş olsa da, vaxtilə qazaxlar heç də ölkədə həlledici çoxluğa malik deyildilər. Ərazisinə görə dünyanın 9-cu ölkəsi olan Qazaxıstanın şimalında rusların çoxluqda olduğu vilayətlər və şəhərlər var. Düşünülür ki, Rusiya Qazaxıstana qarşı hərbi avantüraya əl atacaqsa, məhz həmin vilayətlərə istinad edəcək və “ikinci Donbas” vaqiəsi yaradacaq.

Bunu qazaxlar hələ SSRİ-nin dağıldığı ilk aylardan bilirlər. Əslində ölkənin birinci prezidenti Nursultan Nazarbayevin ölkə paytaxtını Almatıdan keçmiş adı Selinoqrad olan və rusların çoxluqda yaşadığı şəhərlərdən biri kimi tanınan Astanaya köçürməsi rus aqressiyası qarşısında qala qurmaq məqsədi daşıyırdı. Paytaxt köçürüləndə RF prezidenti Boris Yeltsin və yaxın ətrafı bundan narazı qalmış, Nazarbayevdən hesab sormuşdular.

O baxımdan burası dəqiqdir ki, deputat Qurulyov boşuna yox, sadəcə vaxtından tez quruldayıb.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости