Свобода людям, независимость нациям!

Qurdlu köşə

1568 11.08.2022 09:20 Колумнисты A A

 

Xalqımızın belə müdrik inancı var ki, yaxşı şeyləri çox tərifləmək olmaz, gözə gələr. Ona görə şəxsən mən həmişə çalışıram hökuməti tənqid eləyim. Səbəb-zad tapmayanda da tənqid edirəm. Məqsəd xoşməramlıdır, o üzdən hökumət bunu başa düşür, tənqidlərimizə dözümlü yanaşır. Nəticədə söz azadlığı üzrə dünya reytinqində Burundi və Cibutinin arasında oluruq. Sözüm bunda deyil. Dünyanın hər yerində korrupsiya var.

Məsələnin qəliz tərəfi odur ki, xalqımızın başqa inancına görə ağzı bədliyə açmaq da olmaz, yəni, pis şeylərdən çox danışarsan, həqiqətən pis olar. Bu mənada qaz idarəmizin təzə müdirini başa düşmək çətindir. Nəyə görə?

Ona görə ki, haçan qəzeti-dəftəri, radio-televiziyanı, interneti-vatsapı açsan, qaz idarəsinin hansısa rayonda kamali-ədəblə mikrafon qurduğunu, camaatı danışdırıb qulaq asdığını görmək mümkündür. Üstəlik, idarənin mətbuat katibi də vaxtilə populyar telekanalda aparıcı olmuşdur, el arasında hörmət qazanmış yoldaşdır. El danışır, bunlar çəkir, yazır. Ən əsası, xəbərin başlığı adətən bu cür gedir: “Qaz idarəsinin rəhbərliyi filan rayonda problemləri dinləmişdir”. Son olaraq belə xəbər vardı: “Füzuli rayonunda vətəndaşların problemləri dinlənildi”.

Fikir verin, daha “qazla bağlı problem” də yazmırlar. Eləcə “problemləri dinlədik” yazırlar. Ümumi şəkildə. Sanki Füzuli rayonunda nəsə ümumi problemlər var imiş.

Destruktiv yanaşmadır. Füzuli rayonunda nə problem ola bilər ki? Füzuli rayonunda heç bir problem yoxdur. Nə ümumi, nə xüsusi. Füzuli rayonunda bu dəqiqə bircə problem var: problemsizlik.

Nəinki orada, qonşu, yaxın Beyləqan, Cəbrayıl, Ağcabədi regionlarında da hansısa problem tapmaq çətindir. Günün günorta çağı əldə fənərlə düş, axtar, ara, tapmazsan. Axırıncı problemləri, maşallah, iki il qabaq həll eləmişik, çıxıb gedibdir.

İdarə isə deyir problem var. Qardaş, lap hesab edək siz də bunu göz qaytarmaq üçün, mənim yuxarıda yazdığım kimi eləmək istəyirsiniz. Lakin tərsi olsa, ağzımızı bədliyə, problemə aça-aça bəlanı şad ellərimizə, şən obalarımıza gətirsək nə olacaq? Bunu da düşünmək lazımdır. Xahiş edirəm belə fəaliyyətə son qoyulsun. Xəbərləri də “Vətəndaşlar dinlənildi” başlığıyla qoymaq olar. Hətta daha mücərrəd, düşmən kəşfiyyatının, xaricdən maliyyələşən qara qüvvələrin anlamadığı şriftli nitq, mətn formaları seçilməlidir. Məsələn, belə: “Füzulidə dinlənildi”. Yaxud, “Vətəndaşlar”. “Füzuli rayonunda” başlığı da olar. Vəssalam. Başa düşən başa düşəcək, düşməyənin gözü çıxsın. Şair demişkən: “Dərviş Yunus söylər sözü, Yaş doludur iki gözü, Bilməyən nə bilsin bizi, Bilənlərə salam olsun!”

Əhvalatın digər mənfi xüsusiyyəti (bəzi “müdriklərimiz” hesab edir ki, bu sözün yerinə “özəlliyi” yazanda dilimiz korlanır) isə belədir: başqa idarələr də həvəslənər, onlar da rayonların canına daraşıb vətəndaşların problemlərini dinləməyə çalışar. Daha doğrusu, qaşınmayan yerdən qan, rayondan problem çıxarmağa çalışar. Bu isə xalqın şən həyatına süni maneələr yaratmaq, yersiz müzakirələr, opportunizm meylləri doğurmaqdır. Sən o kənddə mikrafon qur, mən bu qəsəbədə camaatı çayxananın qabağına toplayım, çəlləyin belinə minib nitq irad edim – olmadı ki. Axırda bunlar yolundan azıb, əlim qurusun bunu yazdığım yerdə, bələdiyyə seçkilərində iştirak etmək istəsələr, qabağını ala biləcəksinizmi? Lazımi qədər qaz maşınları, kameralarımız varmı?

Uzaqgörən olmalıyıq. Ata sözündə deyilən kimi, söhbət dananı qurda verər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости