Свобода людям, независимость нациям!

Qolbağın açılmasında yeni qaydalar

1429 26.05.2023 10:57 Колумнисты A A

“Hamam hamam içində,

Xəlbir saman içində"

(folklordan)

Hörmətli oxucularımızın məlumatı vardır, bu yaxınlarda Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin haqda saxlanma qərarı çıxarmışdır. Ukraynadan çoxlu uşaq oğurlamaq ittihamıyla cinayət işi açılıb, Putin də bu işdə təqsirləndirilən şəxsdir. İş açılandan sonra bütün dünyada səs-küy qopdu, hər dövlət qərara münasibətini açıqlamağa başladı. Münasibət isə konkret bu sual üzərindədir: “Putin bizim ölkəyə gəlsə, onu tutub məhkəməyə təhvil verəcəyikmi?”.

Bəzi ölkələr deyir tutacağıq. Örnək üçün, Almaniya, Avstriya, Moldova... Bəziləri deyir tutmayacağıq. Qərar verməyə çətinlik çəkənlər, nala-mıxa vuranlar, vaxt qazanmağa çalışanlar da çoxdur. Nə şiş yansın, nə kabab məntiqiylə. Qərbdən, Avropadan da çəkinirlər, Rusiyadan da.

Hələlik bu məsələdə Azərbaycanın mövqeyi açıqlanmayıb. Deyəsən, bunu bizdən soruşan olmayıb, açığı. Əslində ölkəmiz həmin beynəlxalq məhkəmənin heç bir sazişini imzalamayıb, onun qərarlarına tabe deyilik, Putin Bakıya gəlməkdə sərbəstdir. Ancaq bütün ehtimallara hazır olmalıyıq. Diplomatik cəbhədə son illərdəki böyük uğurlarımız da bunu tələb edir.

Məsələn, mən Putini tutub Kürdəxanıya salmaq versiyasını bir qədər düşündüm. Yüz faiz əminəm ki, yoldaş Putin oradan sırf dövlətçiliyə sədaqət ruhunda çıxar. Düzdür, ola bilər arada müxalifətə uysun, 300-400 gün aclıq elan eləsin. Lakin bizim hökumətə heç bir kəs təzyiq edə bilməz. Qərarları müstəqil veririk. Putini Rusiyanın qarşıdan gələn müstəqillik günü bayramı - 12 iyun münasibətilə əfv sərəncamına salıb azad etmək də olar.

Ümumilikdə insan hüquqlarına, beynəlxalq normalara münasibətdə böyük islahatlar aparılır. Bugünlərdə onlardan birini baş nazirin sərəncamı vasitəsilə öyrəndik. Sitat: “Məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında dəyişikliklər edilib. Dəyişikliklərə əsasən elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər elektron qolbağı açarsa və ərazi məhdudiyyəti pozularsa, monitorinq mərkəzinin dispetçeri dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat verməlidir”.

Nə qədər islahat qərardır! Açığı, bu qərardan belə qanmaq olar ki, indiyə qədər elektron qolbaq taxılaraq nəzarətə alınan cəzalı şəxslər (məsələn, ev dustaqları) ürəkləri istəyəndə qolbağı açıb bulvarda, Xızıda, Antalyada gəzməyə çıxa bilirmiş, heç kim də heç kəsə məlumat vermirmiş.

Ancaq bərk durun, qərarın ləzzətli yeri qabaqdadır. Sitat: “Digər dəyişikliyə görə elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilib. Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə; barəsində həbs növündə qətimkan tədbiri seçildikdə; nəzarət subyektinə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə qolbaq açılır”.

Fısqırıq. Fantastika. Deməli, indiyəcən ev dustağı olan, qolbaq taxılan şəxsi nəyəsə görə tutub zindana, dəlixanaya və başqa qapalı, mühafizə edilən azadlıqdan məhrumetmə yerlərinə salanda qolbağı açmırmışlar! Uzaq olsun, elə zənn et oturmusan Kürdəxanıda kamerada, ayağında da qolbaq. Hər axşam da nəzarətçi məmur ekranda baxır ki, sən kamerada yerindəsənmi, qolbağın işığı-zadı yanırmı. Türmə içində türmə, onun da içində türmə. Nağıllarda belə şeylər olurdu. Qalaçanı ala-ala gedirsən, hərəsində bir div uzanıb, qızın dizinə baş qoyub. Və sairə - axşam gələrsiniz ardını danışaram. Nağıl kimi həyat yaşayırıq.

Yazıq baş nazir də məcbur olub, bu haqda əlavə qərar imzalayıbdır. Qanunçuluğa hörmət də öz yerində. Çünki hüquqda bir prinsip var, qanunla qadağan edilməyən hər şey mahiyyətcə icazə veriləndir.

Nəsə, bu həftə elə bil qanundan-hüquqdan çox yazdım, özüm də üşəndim. Düşər-düşməzi olmaz, inşallah. Ovcumun içində də “M” hərfi var, qəzetdə yazılana inansaq bu hərfi olanlar uğurlu insanlardır. Görək də. Qanundan çox yazmağım isə gilas mövsümünə görədir. Səbətdən gilas tökülür.

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости