Свобода людям, независимость нациям!

Qırmızı ləçək qızlar

1242 18.01.2024 13:00 Колумнисты A A

“Aqora” analitik mərkəzi təzəlikcə məktəblilər arasında sosioloji sorğunun nəticələrini açıqlamışdı. Sorğu xüsusilə də ibtidai siniflər arasında keçirilməsinə görə maraq doğururdu, çünki yuxarı siniflərdə uşaqlar bir növ hiyləgərləşir, dona girirlər, balacalar isə səmimi olur, ürəklərindən keçəni deyir. Sorğu “böyüyəndə hansı peşəni seçmək istəyirsiniz” sualıyla keçirilmişdir. Təbii ki, bizdə uşaqlara adətən iki sual verilir, biri budur, o biri də “atanı çox sevirsən, yoxsa ananı” şəklindədir. Fantaziyalarımız bundan o yana getmir. 

Elə uşaqlarımızın cavabları da vəziyyətimizə yaxşı işıq salır. Soruşulan məktəblilərin (861 nəfərə sual verilib) böyük hissəsi polis olmaq arzusunu dilə gətirmişdir - 189 nəfər. Digər yerlərdə müəllim, hərbçi, həkim olmaq istəyənlər gəlirdi. Hətta 1 nəfər pilot da tapılmışdır. 5 futbolçu, 8 yanğınsöndürən və sairə. Deyəsən, orada heç jurnalist olmaq istəyən tapılmayıb, bunu alqışlayıram. Perspektivi olmayan işdir, neyləsinlər?  

İnşallah, yaxın gələcəyimiz sarıdan ürəyimiz sakitdir. Müəllimlər repetitorluğunu edəcək, həkimlər verilişə çıxacaq, əsgərlər səngərdə, polis də asayişin keşiyində duracaqdır. Ta xoşbəxtlik üçün nə lazımdır? Heç nə. Hərtərəfli sakitlikdir. Bircə mən Zahid Oruc tərəfdarlarının seçki prosesində sükutu pozacağından ehtiyat edirəm. 

Təzəlikcə İslandiyada yer yarıldı, vulkan lavası püskürdü. Sözün əsl mənasında torpaq cırıq-cırıq olmuşdu. Lavanın qabağını kəsmək üçün hasar qayırmışdılar, xeyri olmadı. 

Bu yana baxsaq, İran Pakistana raket atıb, ölənlər var. Amerika ilə İngiltərə də Yəməndə husilərin təpəsinə od yağdırır. Putin Odessanı, Tramp Meksikanı, Bayden havanı qaralayıb. 

Ən pis addım Sakit okeandakı Nauru dövlətindən gəlib. Bunlar Tayvandakı seçkiləri tanıyıblar, səhəri gün Çinin tərəfinə keçiblər, o biri gün yenə Tayvanı dəstəkləyiblər. Açığı, dünyanın gələcəyi üçün Naurunun hərəkəti böyük təhlükə yaradır. Orada vəziyyət elədir ki, təyyarəni saxlaya bilməyəndə okeana düşür, futbol oynayanda isə top Ficidən qayıdır, ancaq Nauru mühüm məsələdir. Heç bilmirəm məktəblilərimiz arasında sorğudan necə oldu Nauruya gəlib çıxdım. 

Sözü ona gətirirəm ki, naşükür olmayaq, hökumətimizin qədrini bilək. AXC-Müsavat dövrü yadımızdan çıxmayıb. 

Bu arada bir mahnı eşitmişəm, istəyirəm hörmətli oxucularımız ona öz münasibətlərini bildirsin. Mahnının sözləri belədir: “Ay mənim göyçək qızım, Qırmızı ləçək qızım, Ay gözümün işığı, Evimin yaraşığı, Doqquz yaşa dolubsan, Böyük qızım olubsan, Gərək namaz qılasan, Mömin qızım olasan. Sənə çadra almışam, Bir cannama salmışam, Qızım dayan namaza” və sairə. 

Uşağı doqquz yaşından etibarən çadraya bürümək nə dərəcədə doğrudur? Gec deyilmi? Sonra uşağı 12 yaşda nişanlayanları qınayırlar. Bəzən həbs edirlər. Mənim fikrimi bilmək istəyirsinizsə, yaxşı olar uşaqları bir aylığından çadraya bürüyək. Bu haqda hədis də var. Deyir bir gün kəndli mollanın yanına gəlir, sual edir ki, uşağı neçə yaşda döymək olar. Molla deyir əgər bu fikrə indi gəlibsənsə, artıq gecdir. 

Yazının sonunda ermənilərin propaqandasına nifrətimi də açıqlamaq istəyirəm. Hazırda qar-qur qoparıblar, deyirlər guya 1990-cı ilin yanvarında azərbaycanlılar Bakıda erməniləri qırıb-çatıblar. Hətta yüzlərlə erməni öldürülübdür və sair. Təmiz gopdur. Camaat evini satdı, dəyişdi, çıxdı getdi işinin dalıyca. Oradakılar bəri gəldi, burdakılar o yana getdi, vəssalam. Arada cüzi miqdarda, beş-on yetim-yesirin başı ağrıdı, bu qədər. Bizim Narxozda bir müəllim vardı, Bakıda ermənidən ev almışdı, biz tələbələrdən xahiş elədi, erməninin əşyalarını kamali-ədəblə yük avtomobilinə yığdıq, yola saldıq. Bu mənim dəqiq yadımdadır. 

Ancaq o müəllim yenə Narxozda işləyirmi, burasını dəqiq bilmirəm.    

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости