Свобода людям, независимость нациям!

Qırmızı köynəkli “SSSR” fanatı...

4100 30.09.2022 13:00 Колумнисты A A

 

Dünən adının çəkilməsinə ehtyac olmayan supermarketdə yaşı 55-60 arasında olan bir kişi gördüm, əynində qan qırmızısı rəngində qısaqol köynək vardı.

Əvvəlcə çox fikir vermədim, çünki qəlbində gənclik eşqi, coşqusu daşıyan yaşlı insanlar olur, gənclər kimi geyinir, onlar kimi hərəkətlər edirlər. Sandım ki, bu da modern gəncliyə ayaq uyduranlardandır.

Amma ağsaqqal (doğrudan da qısa tüklü ağ saqqalı vardı) üzü mənə sarı dönəndə gördüm, nə gənclik, nə modernizm, adam ilişib qalıb sovet dönəmində. Onun qrımızı köynəyi əslində SSRİ bayrağı imiş. Həmvətənimizin köynəyinin sinəsində iri hərflərlə S S S R yazılmışdı, onun altında isə 1991-ci ildə dağılmış dövlətin iri və rəngli gerbi həkk olmuşdu.

Qaldım baxa-baxa. İndi bu kişi niyə belə edir? Nəyi yaşadır, nəyin xiffətini çəkir? Gəlmişdilər, gördük. Müstəmləkəydik dəə, başqa adı var? Bu dövləti quranda da gəlib bizi qırdılar, gedərayaq da qırıb getdilər. 1941-45-də yarım milyon oğlumuzu aparıb Ukraynada, Belarusiyada, Polşada, Almaniyada qırğına verdilər.

Bu gün dövlətimizi, millətimizi, torpağımızı qoruyan oğullardan 3 mini şəhid olduğuna görə iki ildir özümüzə gələ bilmirik, görün, SSRİ-nin güdazına gedən yarım milyon kişinin itkisi nə deməkdir.

Amma neynirsən, insanlarımız fanatikcəsinə yapışıblar ki, “gül kimi dövlət idi”, “yaxşı yaşayırdıq”, “qanun-qayda vardı”, filan-bəsməkan.

Budur, 35 ildir SSRİ dövründə törədilən dövləti cinayətlərdən (kütləvi qətliamlar, kütləvi repressiyalar, kütləvi deportasiyalar, insanların təhkimli kəndli kimi işlədilməsi, modern quldarlıq və s.) yazırlar, bitmir, tükənmir, hər dəfə yeni-yeni dəhşətli faktlar üzə çıxır, amma yenə də gerbli köynək geyənlər var.

Eləsinin birinə yaxınlaşıb, desən ki, qardaş, sən Stalinin vaxtında çar dövrünün atributu olan köynək geyinə bilərdinmi, dönüb adamla dalaşar, deyər, geyərdim, o tərəfə də keçərdim, Allahdan başqa heç kəsdən qorxum yoxdur.

Əslində isə hamımız bilirik ki, SSRİ dövründə nəinki çar xiffəti çəkən, hətta ABŞ-a, İngiltərəyə rəğbət bəslədiyinə eyham edən adamı gecəylə götürərdilər, səsi Soljenitsının “Arxipelaq QULaq”, Şalamovun “Kolım hekayələri” yazdığı yerlərdən gələrdi.

Açıqca görünürdü ki, sinninin altmışında əyninə SSRİ köynəyi gedən adam o dövrdə gənc olub və böyük vəzifə tutmayıb, dal qapıdan adlayaraq SSRİ-nin maddi nemətlərindən barınmayıb, olsa-olsa, hansısa müəssisədə komsomol katibi olub, böyük vəzifələrə ümidliykən, SSRİ dağılıb və bu şəxs, necə deyərlər, yanıq qalıb. Ona görə də “nakam sevgisi”ni sinəsində yaşadır.

Qırmızı köynəkli ağsaqqal həyat yoldaşı ilə birlikdə arabasını sürüb yanımdan keçəndə qulağıma dəydi, rusca, Moskva ləhcəsi ilə danışırdılar. Belə rəyə gəldim ki, onlar son günlərdə müharibə və səfərbərlik qorxusundan övladları ilə birlikdə Rusiyadan ana vətəninə qayıtmış “rus patriot”lardandır.

Belə baxanda bir şey deyil, nə SSRİ bərpa olunasıdır, nə Stalin təzədən diriləsidir, amma orda-burda söhbət düşəndə görürsən ki, belələri minlərlədir, sadəcə, çoxu pərdələnir, supermarketdə gördüyüm kişi kimi bayraqdarlıq eləmir.

Eyni məsələ Çe Geveraya münasibətdə də var. Baxırsan ki, bəzi gənclər sinəsinə Çe Gevarının məşhur şəkli həkk olunmuş köynəklər geyirlər, qürur duya-duya gəzirlər. Komandante Çe haqqında əsl həqiqətlər isə internet resurslarında doludur. Adam öz dövrünün bin Ladeni olub, yüzlərlə günahsız insanı, uşaq-qoca demədən, boynunun dalından güllələyib, Kubadan gedib başqa bir ölkədə -Boliviyada partizanlıq edib, inqilab etmək, hökumət dəyişmək istəyib – sanki Boliviya xalqı buna mandat veribmiş ki, gəl bu işləri elə. Bildiyimiz terrorçu. Amma şəkli basılmış köynəklər bütün dünyada dolaşır. Yəqin ki, gün gələcək, bin Ladenin, Əbubəkr Bağdadinin şəkli olan köynəklər də dünyaya yayılacaq.

Dediyim odur ki, fanatiklik pis şeydir – xüsusilə də belə məsələlərdə. Hansısa bir qəddar rejim, istibdad yuvası dağılıbsa, başını buraxın, getsin, qırmızı köynək geyməklə onu geriyə qaytarmaq mümkün deyil.

“SSRİ-nin vaxtında belə qazanırdım, belə xərcləyirdim, Qaqrada, Soçidə kef edirdim” deyən yaşlı adamların bəxti onda gətirib ki, dövlət zəif, hökumət boş olub, qanun bir az sərt olsa, hamısı sosialist əmlakının dağıdılmasına görə mühakimə olunar, güllələnərdilər. Gedib, nəzir versinlər ki, onları güllələməli olan dövlət dağıldı, başları salamat qaldı.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости