Свобода людям, независимость нациям!

Qəza zolağı və Qəzza namazı

2399 11.10.2023 09:30 Колумнисты A A

 

İsrailin Qəzza zolağı ilə həmsərhəd şəhərlərində, eləcə də Qəzza zolağının özündə yaşayış massivləri yerlə yeksandır, göydən, sözün bütün mənalarında od tökülür, hər kəs başını götürüb bir tərəfə qaçıb.

Bir sözlə, Qəzza zolağı qəza qolağına dönüb. Fələstin xalqı da onunla bərabər “qara zolağ”a girib, nə vaxt və necə çıxacağı sual altındadır.

5 gün əvvələ qədər oralar sakit idi, dünya birliyi Ukrayna və Rusiya arasında gedən amansız müharibədən danışırdı.

Eyni şiddətlə Azərbaycan və Ermənistanın Xankəndidəki olub-qalan hərbi birləşmələri arasında olmuş toqquşmadan bəhs edənlər də vardı. Amma bizim savaş amansız deyildi, amanlıydı, Azərbaycan Qarabağda yaşayan mülki ermənilərə aman vermiş, birinə zərər toxundurmamışdı.

Bu gün HƏMAS-ın İsrailə hücumu zamanı aman vermədiyi 900-dən artıq günahsız insanın qətliamına baxanda Azərbaycan ordusunun nə qədər nümunəvi bir hərbi əməliyyat keçirdiyi göz önünə sərilir. Bunu dananlar, qiymətləndirməyənlər də var, amma həqiqət belədir.

“Günahsız insan” deyirik, sanki əynində hərbi uniforma olan 18-20 yaşlı əsgərlər günahkardırlar və qanları halaldır. Bu, nə qədər amansız bir təsbitdir. O gənclərin yeganə günahı hərbi çağırış yaşına çatmaları və vətən qarşısında borclarını verməyə yollanmalarıdır. Amma bu, eləcə də geydikləri uniforma onları “günahkar” edir, legitim hədəf halına gətirir. Müharibələrin ən eybəcər üzü budur – gənclər kütləvi şəkildə qırılır.

Hələ körpələr, uşaqlar, yeniyetmələr... HƏMAS onların bəzilərini yerindəcə güllələyib, bəzilərini girov götürüb, sonradan başlarını kəsərək edam edib. İsrail qırıcıları və artilleriyaçıları isə “legitim hədəf” saydıqlaı obyektləri, tikililəri vurur, orada gizlənmiş böyüklərlə yanaşı, uşaqlar da ölür.

Ən pisi odur ki, HƏMAS-ın yarım günlük hücumu və hərbi avantürası bu qədər böyük faciələrə və dağıntılara yol açdığı halda, hələ də onları alqışlayanlar, terrorçuları öyərək, “alınlarından öpürəm” deyənlər, “yaxşı iş gördülər” deyə bağıranlar var.

“Yaxşı iş gördülər”, nə etdilər? 40 il boyunca tikilən, qurulan, inkişaf etdirilən, 2,5 milyon insana məskən olan Qəzza zolağı indi xarabalıqdır və bu proses bu gedişlə sonuncu dik bina qalana qədər davam edəcək. Hər iki tərəfdən mindən artıq insan ölüb, minlərlə adam yaralanıb.

Başqa sözlə, hesab etmək olar ki, HƏMAS-ın İsrailə atdığı minlərlə raket dövrə vurub qayıdıb və Qəzza sektorunu dağıdıb.

Necə ola bilər ki, xalqdan səs alaraq, kiçik də olsa bir bölgəni idarə edən təşkilat başladığı hərbi kampaniyanın günortadan sonrasını hesablamayıb. Axı onlar İsrail dövlətinin sərəncamındakı modern hərbi texnikadan, qırıcı təyyarələrdən, pilotsuz uçan aparatlardan, zenit-raket komplekslərindən və sair hərbi cihaz və avadanlıqlardan xəbərsiz deyildilər. Bəlkə düşünüblər ki, dünyaya modern silahlar satan İsrail özünə bu silahlardan “qara günlük” saxlamayıb?

Axı kim bilməsə də məhz Fələstin ərəbləri İsrail siyasilərinin qətiyyətini, dövlətə, millətə təhlükə yarandığı halda necə mobilləşərək, tərəddüd etmədən təhdid nöqtələrini darmadağın etdiklərini, məruz qaldıqları itkiyə görə misli ilə qisas aldıqlarını yaxşı bilirlər.

Bütün bunları bilə-bilə arı yuvasına çubuq uzatmaq, birmənalı olaraq ağılsızlıq idi.

Yenə özümüzdən götürək. 1994-cü ilin may ayında Ermənistanla aramızda bağlanan məcburi atəşkəs sazişindən bir il keçməmiş məğlubiyyəti sinirə bilməyən qüvvələr revanş çağırışı edirdilər. Əslində I Qarabağ müharibəsində böyük itkilər verən xalq bir növ gözüqıpıq olmuşdu deyə yeni hərbi kampaniyaya hazır deyildi və müvafiq çağırışları da dəstəkləmirdi. Amma əgər dövlət rəhbərliyi müharibə qərarı verəcəkdisə, gənc insanlar tabe olacaq, orduda xidmətə yollanacaqdılar.

Ancaq məğlubiyyəti sinirə bilməməyin və coşmuş qisasçılıq hissinin o dövrdəki nəticəsi necə olacaqdı? Heç nə, yeni itkilər (həm ərazi, həm insan resursu), yeni məğlubiyyət, yeni kütləvi məyusluq olacaqdı. Çünki böyük və sürəkli müharibəyə dövlət olaraq hazır deyildik.

Biz güclü olana qədər hazırlaşdıq, bu müddətdə toparlandıq, silah-sursat tədarük və istehsal etdik, daha sonra əlverişli geostrateji situasiyanın yaranmasını gözlədik, necə deyərlər, Allah qismətimizi yetirdi, ağ füqurlarla başladıq, düşməni iki gedişə mat etdik. Biz o kampaniyaya başlayanda strateqlərimiz hər şeyi ölçüb-biçmişdilər, xalq da, ordu da qalib gələcəyimizə əmin idi. Çünki düşmənin resurslarından da xəbərdar idik.

Bu baxımdan HƏMAS rəhbərliyinin öz xalqını uçurumun qırağına gətirərək girdaba yuvarladığı aşkardır. 1994-cü ildə imzalanan Oslo sazişlərindən bəri Fələstin xalqı öz haqlarını tədricən, amma dinamik şəkildə alırdı, yaxın gələcəkdə tam müstəqillik də qazanacaqdı. Artıq xalq hər şeyi sıfırdan başlamalı olacaq.

İndi Qəzza zolağı darmadağındır. Bu qədər qaçqın-köçkün harada yerləşəcək, nə yeyib-içəcək? Hər addımlarında “Allahu-əkbər” deyənlərin üzündən bölgədə nə namaz qılınası məscid qalıb, nə də namaz qılan adam. Fələstinlilər öz qəza namazlarını sonra, dağıntıların tozu, yanğınların tüstüsü, dağıdanların hikkəsi çəkiləndə qılacaqlar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости