Свобода людям, независимость нациям!

Qeyri-elmi proqnozlar, fəndgir dələduzlar

1473 03.06.2022 09:35 Колумнисты A A

Dünyanın ən fırıldaq işlərindən biri də proqnoz verməkdir. Söhbət elmi proqnozlardan getmir, durduq yerdə, heç nədən, diletant və dələduzluğa meylli adamlar tərəfindən verilən qeyri-elmi proqnozlar nəzərdə tutulur. Yoxsa kim şanlı sinoptiklərimizin verdiyi hava proqnozlarına şəkk edə bilər? Bir həftə öncədən deyirlər, filan günü havanın hərarəti bu qədər, küləyin sürəti, sabirabadlılar demişkən, ebilə olacaq, gəlir, elə də olur.

Statistiklərin verdiyi proqnozlara da şübhə yoxdur. Deyirlər, cari ildə bu qədər gənc evlənib, bu qədəri boşanıb, tendensiya bu cürdür, ona görə də yaxın 5 ildə əhali artımı filan qədər olacaq. Gəlir, elə də olur - 1-2 min o tərəfə, 2-3 min bu tərəfə. Bu, informasiyalara, riyazi hesablamalara dayanan proqnozlardır, bunların yalanı olmaz.

Yaxud NASA-nın, dünya alimlərinin elmi proqnozlarını necə gözardı etmək olar? Hələ 20 il öncədən proqnoz vermişdilər ki, bu gedişlə qlobal istiləşmə olacaq, iqlim kataklizmləri müşahidə olunacaq, fəsillər bir-birinə qarışacaq. Dünən-srağagün bitən soyuq may ayı göstərdi ki, alimlər düz deyirmişlər. İndi də deyirlər, yay çox isti keçəcək. Əl-əlbət, elə olacaq.

Hələ ötən əsrin 60-cı illərində texnologiya alimləri proqnozlaşdırmışdılar ki, yaxın gələcəkdə insanlar telefonda danışanda bir-birini görəcəklər. Bu gün mobil telefonlarla görüntülü danışan bir neçə milyard adam buna təəccüblənmir, amma o vaxt camaat çox mat qalıbmış, deyirmişlər, dünyasında elə şey ola bilməz. Amma oldu.

Bir də var, heç bir elmi, savadı-biliyi, erudisyası, fəhmi, vergisi olmayan adamların verdiyi proqnozlar.

Yeri getməmişkən deyim ki, gələcəyi görmək xüsusunda “Allah vergisi” deyilən bir şey yüzdə yüz fırıldaq söhbətdir. Fenomenal qabiliyyəti olanlara gəlincə, bəli, bütün bəşər əhlindən seçilən nadir istedadlar var. Məsələn, ekstrasens Tofiq Dadaşovun ətrafındakı insanların fikrini oxumasına şəkk etməyin. O kişidə bu qabiliyyət var, 40 il əvvəl konsertində iştirak etmişəm və onun qabiliyyətinin şahidi olmuşam. Adam gözü bağlı halda çaxır çənlərinin arasında bir itoynadan kəndçimizin daşın altında gizlətdiyi maşın açarını tapdı.

Xüləs, qayıdaq proqnoz verənlərə. Əgər adam Kissincerə, türkün sözü, daş çıxaracaq qüdrətdə bir dahi politoloqdursa, onun müharibənin olub-olmayacağı və ya nə vaxt bitəcəyi barədə proqnozunun düz çıxma ehtimalı 50:50-dir. Heç o boyda Putin özü bilmirdi ki, müharibə neçə günə qurtaracaq, elə bilirdi, 3-4 gün çəkəcək, budur, 100 gündür, rus tankı Donbasda “buksavat” edir, rus gəmisi də, kim bilir, hara gedib. Amma bizim Zirəddin 1 ay vaxt qoymuşdu, demişdi, müharibənin 24-cü günü zırıltı bir şey olacaq (nə olacağını konkret deməmişdi) və savaş 1 aya bitəcək. Srağagün, müharibənin 98-ci günü o, təzədən müsahibə verib və proqnozunun necə düz çıxdığından danışıb: “Gördünüzmü, mən deyənlər necə düz çıxdı”.

Ekstrasens həmvətənimizin sözündən belə çıxır ki, Ukraynada müharibə əslində mart ayında bitib, ondan bəri gedən qırğın-qiyamət, atşma-vuruşma, geriçəkilmə-irəligetmə, hamısı sadəcə postmüharibə manevrləridir.

Əslində bu hadisə hamıya dərs olmalıdır ki, heç bir xüsusi təhsili, savadı, qabiliyyəti olmayan adi adamların sayıqlamalarına inanmasınlar, amma xeyri yoxdur, yüz il də bundan sonra orta məktəbi “3"-lə quratan biri çıxacaq, 40 ilin alimlərinin - nüvə fiziklərinin, neyrocərrahların, nanatexnoloqların həll edə bilmədiyi məsələlərin sadə həll yolunu bildiyini deyəcək və minlərlə adam onun ofisinin qapısında növbəyə duracaq.

İndi kimsə deyə bilər ki, sən Nostradamusun, Vanqa nənənin proqnozlarına şübhə edirsən? Utana-utana deyim ki, müəyyən mənada, bəli.

Nostradamus 500 il öncə yaşayan və yer-göylə əlləşən bir şair olub, yazıb-yaradıb, qoyub, gedib. Sadəcə, insanlar müasir dövrdə baş verən hadisələrə dair qeydləri onun katrenlərində axtarırlar... və tapırlar.

Vanqa nənədə, ola bilər, fenomenal qabiliyyət olub, amma bu o demək deyil ki, o, Ağ Evin, Kremlin nə vaxt hansı qərar verəcəyini öncədən bilib. Bunu heç orda oturanlar özləri də bilmir.

 Zirəddin və onun kimilər isə nə Nostradamus kimi katren yaza bilirlər, nə Vanqa kimi qabiliyyətləri var, eləcə ortaya 10 proqnoz atırlar, 3-4-ü tutur, bunlar da deyirlər: “Gördünüzmü?”

Bəs düz çıxmayan proqnozlar, doğrulduğunu görmədiyimiz öncəgörmələr necə olsun?

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости