Свобода людям, независимость нациям!

Qərb revanşistlərinə nöqtəli zərbələr...

2489 01.03.2024 11:15 Колумнисты A A

“Simens qardaşları”ndan Mixael Harmsın rəhbərlik etdiyi heyətədək yol gələn əməkdaşlıq nümunəsi

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci ildən başlasa da, Azərbaycan-Almaniya münasibətlərinin tarixi əsrlər öncəyə gedib çıxır.

İki xalq arasında əlaqələrin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir, 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisindəki mis yataqlarının əsasında iri misəritmə zavodlarını tikməyə başlamasından...

7464.jpg (59 KB)

Təsəvvür edin, həmin zavodlarda əridilən mis Qafqaz bölgəsindəki istehsalın 2/3 hissəsini təşkil edib. Daha sonra adı çəkilən şirkət Daşkəsəndəki kobalt yataqlarının istismarına başlayıb, iş yerləri açılıb, yerli kadrlar yetişib. Sonrakı dövrlərdə Göygöl və Şəmkir bölgələrində yaradılan alman koloniyaları hesabına bu ərazilərdə alman məhəllələr formalaşıb. 20-ci əsrin ən gözəl arxitektura nümunələrindən biri olan Hökumət Evinin tikintisində də alman əsirlərin əməyi var. Bu mənada Almaniyadan Azərbaycanla geniş əməkdaşlıq məqsədilə ölkəmizə 40-dan artıq şirkətinin rəhbərlərinin, həmçinin iş adamlarının gəlməsi, Prezident İlham Əliyevin qəbulunda olmaları həm də tarixi ənənələrə söykənir. Prezident Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə olduqca mühüm mesajlar verdi.

Dövlət başçısının bu qəbulu Almaniyada keçirilən ənənəvi Münxen Təhlükəsizlik Konfransından sonraya, kansler Olaf Şoltsun təşkilatçılığı ilə baş tutan görüşdən sonraya, eyni zamanda Berlində, Azərbaycan-Ermənistan XİN başçılarının sülh danışıqlarının növbəti raundunun keçirildiyi günə təsadüf etdi. İstisna deyil ki, təsadüf yox, zərurət idi həm də. Azərbaycanla əməkdaşlığın ancaq faydalı olduğunu başa düşən, Azərbaycanın rolunu və coğrafi mövqeyini, potensialını dəyərləndirən Almaniya kimi ölkələrlə əməkdaşlıq Azərbaycan üçün da vacibdir.

acf866cf-83aa-3086-8591-c165fb19.jpg (79 KB)

Bu mənada iki ölkə arasında münasibətlərin müsbət inkişaf dinamikası tərəflərə yalnız faydalı perspektivləri vəd edir. Təsadüfi deyildi ki, rəsmi Bakı hələ Qarabağın Ermənistanın işğalı altında olduğu illərdə həmsədrlərin fəaliyyətsizliyinə son qoyulmasından ötrü sıraların genişləndirilməsini, Ermənistanın mövqeyindən çıxış edən ölkələrin qarşılığında Türkiyə olmasa da, ən azı Almaniyanın vasitəçi dövlət kimi proseslərə qatılmasını zəruri sayırdı, lakin bu təşəbbüs də qəbul edilmirdi.

Təbii ki, bu, Almaniyanın siyasətinə etimadın məntiqi nəticəsiydi. Düzdür, bir sıra hallarda “erməni barmağı” Berlin divarlarını da “dəlməyə” nail olur, “alman dəqiqliyi” barədə Azərbaycanda möhkəmlənmiş yanaşmalara “xal” düşür. Məsələn, ötən il Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşməsini əsaslandırmağa çalışmış, iddia etmişdi ki, guya Bakıda da Ermənistandan köçmüş şəxslərlə görüşüb. Amma məlum olmuşdu ki, ümumiyyətlə, belə bir görüş olmayıb. Nə isə...Ümid edirik ki, bu kimi yanlışlıqlar, anlaşılmazlıqlar keçmişdə qalacaq. Hər halda ədalət naminə 28-29 fevralda Berlində, dövlət başçılarının təlimatı əsasında XİN başçılarının görüşünün təşkilində xanım Berbokun əməyi qeyd olunmalıdır.

Məhz bu kimi nümunələri nəzərə alan Azərbaycan Prezidenti qəbulundakı alman iş adamları ilə görüşü zamanı bildirdi ki, Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb, eyni zamanda Almaniya neytrallıq nümayiş etdirir.

 Sitat: “Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir”. Bu, Qarabağla bağlı ədaləti təmin etmiş liderin Almaniyanın mövqeyinə ədalətli, obyektiv yanaşması, böyük qiymətidir.

Dövlət başçımız xüsusi vurğuladı ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir.

 Prezident bu mesajlarla həm də AŞ PA tribunasından Azərbaycana məhz Fransanın təşkilatçılığı ilə çamır atan Almaniya Bundestaqının deputatı, qurumdakı deputat nümayəndə heyətinin rəhbəri Şvabe kimi qeyri-dəqiq almanların islah olunması zəruriliyi mesajını vermiş oldu. Erməni lobbisinin sıralarında yer almış, gözlərini çirkli pullar örtmüş bu kimi şəxslər xaric səsləri ilə həm də Almaniya-Azərbaycan münasibətlərinə kölgə salmağa cəhd göstərirlər, bunu isə ölkəmizdə maraqları olan alman iş adamları da bilməli, həmçinin Almaniya hökumətinin rəsmiləri də məsələnin fərqinə varmalıdır. Onlar bilməlidir ki, Fransanın Azərbaycana qarşı qərəzinin təməlində Qarabağın azad olunması, cinayətkar xunta rejiminin kökünün qazılması dayanır. Odur ki, dövlət başçısı xatırlatdı: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib”.

Alman heyətlə görüşdə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin də cavabı verildi. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır”-söylədi dövlət başçısı. Anti-Azərbaycan kampaniyasının başında dayanan avropalı siyasətçilərdən biri olan Borelə ötən il də sərrast cavab verilmişdi, yəqin xatırlayırsınız. “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Cosep Borel – red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”-söyləmişdi Prezident. Amma görünür avropalı diplomatın hələ də reallığı dərk etməsinə ermənilərin çirkli pulları imkan vermir. Əks təqdirdə, fevralın əvvəlində Ukraynaya səfər edib, Rusiyaya qarşı sinəsini irəli verən Borel heç olmasa təkbaşına öz ərazilərini işğaldan azad edən Azərbaycana qarşı kin qusmazdı, susardı, ədalətli mövqedən çıxış etməsə belə…

borrel.png (441 KB)

Nə baş verib? Azərbaycan Ermənistanla sülh danışığı aparır, bölgədə əbədi sülhün təmin olunması üçün təkliflərini təqdim edir, bəzi qüvvələr niyə növbəti eskalasiya nağılını uydururlar? Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bu gərginliyi tətikləyən Fransa başqa olmaqla Qərb dairələridir, təbii, qonşu ölkələrdən də “pay” düşür. Amma Azərbaycan müharibə tərəfdarı deyil! Dövlət başçısının qeyd etdiyi kimi,  Azərbaycan sülh prosesinə sadiqdir. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Bu günədək Ermənistan sülh prosesini pozmaqdan ötrü dəridən-qabıqdan çıxır. Budur, Berlində nazirlər arasındakı görüşün ikinci günündə, İrəvan açıqladı ki, Laçın rayonu istiqamətindən hələ dəqiqləşməyən sərhədi keçən Azərbaycan əsgərinə qarşı 5 maddə ilə ittiham elan olunub! Sülhü pozan kimdir? Borel danışsın da, niyə danışmır? Makron da susacaq, çünki ayın əvvəli generalını yollamışdı həmin istiqamətdə təxribat planı cızmağa, silahlar, raket sistemləri, zirehli texnikanın növbəti partiyası yol üstədir…Sülhü pozan belə olur!

Ölkə başçısının xatırlatdığı kimi, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Amma və lakin bu gün ermənilərin yanında səf çəkənlər bir dəfə də olsun azərbaycanlıların durumundan bəhs etmədilər. Bu gün də öz istəkləri ilə Qarabağdan köçən ermənilərin yanında olanlar Ermənistandan qovulan 300 min azərbaycanlını “unudurlar”. Bəli, bu, “ikili standartlar” siyasətinin təzahürüdür, bəlkə də daha çoxüzlü standartlar tətbiq olunur. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı, amma Fransadan hərbi dəstək alır, ordusunu yenidən qurur, müasir silahlarla. Bu, nonsensdir!

Ölkəmizin başçısı da haqlı olaraq vurğuladı ki, Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Sitat: “Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir”.

Strasburqdakı ədalətsizliyə dövlət başçısının sərt etirazı təsadüfi deyildi. Axı, alman Şvabe gedib budəfəki “Səlib yürüşü”nün önündə. Odur ki, almanlar üçün də yaddaş dəfətçəsinə yazılmalı məqamlar var.

frank-svabe.jpg (63 KB)

Sitat: “Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür... Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir”. Bu fikirlər 44 günlük müharibə dönəmində Prezidentdən müsahibə götürən alman jurnalistin “Qarabağ sizin nəyinizə lazımdır", kimi əcaib sualını xatırlatdı. O zaman dövlət başçımız möhtəşəm cavabı ilə erməni oyuncağını nokauta salmışdı, gərək Şvabe kimilər də unutmasınlar, İlham Əliyev heç nəyi boşuna demir, dedisə, davamı gələcək!

Prezident alman nümayəndə heyətinə ölkəmizdə iş qurmaq üçün hər cür şəraitin olduğunu Azərbaycanın davamlı inkişaf edən ölkə olduğunu, ölkəmizdə gedən proseslərin və həyata keçirilən işlərin Azərbaycanın normal həyatını təmin etdiyini söyləməklə çatdırdı. Yəni buyurun, kimsə mane olmayacaq, ikitərəfli əlaqələrə töhfə üçün hər cür imkan var. Amma kiminsə ağlında Azərbaycana diktə etmək keçərsə, cavabını alacaq, necə ki, Makron kimilər alır...

Sərrast ifadələrdir: “Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək...Və “Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.

Kəsəsi, Qərb revanşçılarına endirilmiş “nöqtəli zərbə”lərdir. Anlayan üçün hər şey deyilib. Ziyanın yarısından qayıtsalar, “maşa” kimi istifadə etdikləri Ermənistanı da xilas etmiş olarlar, Azərbaycanla körpüləri də birdəfəlik yandırmazlar. Hər halda, alman nümunəsi göstərdi ki, əsrlər boyunca Azərbaycanla normal münasibətləri qoruyub-saxlamaq mümkündür. “Simens qardaşları”ndan Mixael Harmsın rəhbərlik etdiyi heyətədək yol gələn əməkdaşlıq nümunəsi ortada...

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости