Свобода людям, независимость нациям!

Qərb dünyası Karlsona hiddətlənib – Bəs qarşı tərəfin cavab haqqı müqəddəs deyildi?

3014 12.02.2024 09:00 Колумнисты A A

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəninin əks-sədası dünyanın qüdrətli ölkələrindən gəlməkdə davam edir.

Sırasında ABŞ, Almaniya, Britaniya, Fransa və digər ölkələrin rəhbərləri olmaqla, bir çox siyasi xadimlər Putinin mülahizələrinə reaksiya verir, əsasən tənqidi fikirlər səsləndirirlər.

Həmin ölkələrdə işləyən jurnalistlərin əsas qınaq obyekti isə öz həmkarları – Taker Karlsondur. Onu dünyanın ən odioz lideri ilə müsahibə aparmaqda, ona tribuna verməkdə, təhlükəli fikirlərini dünyaya tirajlamağa yardımçı olmaqda, onunla mübahisə etməməkdə, dalaşmamaqda qınayırlar.

Bəli, gerçəkdən belə adamlar da var, bildirirlər ki, gərək Karlson Kremldə, Putinin iş otağında oturduğu zaman onu hərbi cani adlandıraydı, üzünə nasist, aqressor, işğalçı olduğunu deyəydi, Ukrayna müharibəsində ölənlərə görə hesab soraydı.

Karlson haqqında təkcə jurnalistlər və politoloqlar belə düşünmür. Başqa vaxt hər kəsin söz və mətbuat azadlığı olduğunu bildirən, fikir müxtəlifliyini öz prioriteti sayan və dünya ölkələrindən də bunu tələb edən ABŞ bu dəfə hesab edir ki, Karlson Putindən müsahibə almamalı və onun mülahizələrini dünyaya yaymamalıydı. 

Düzdür, Putin dünyanın əksər ölkələrində sevilməyən, aqressor sayılan, hərbi cinayətlərə rəvac verməkdə şübhəli bilinən bir şəxsdir, Ukraynaya qarşı etdikləri də yalnız II dünya müharibəsinin müdhiş cinayətləri ilə müqayisə oluna bilər, amma onun da söz haqqı, özünə bəraət qazandırmaq, törətdikləri əməlləri necəsə əsaslandırmaq hüququ olmalıdır.

Heç ola bilməz ki, bir tərəf öz əlindəki çoxşaxəli, bütün dünyanı əhatə edən, şəbəkələşmiş media resurslarında özünün haqlı olduğuna dair arasıkəsilməz informasiyalar yaysın, şərhlər versin, iddialar irəli sürsün, amma qarşı tərəfin cavab haqqı tanınmasın və səsi batırılsın. Belə plüralizm yoxdur. Adi məhkəmədən tutmuş ali məhkəmələrə qədər hər bir caninin belə özünümüdafiə və söz haqqı var.

Putin həmin qalmaqallı müsahibəsində nə qədər mübahisəli fikirlər səsləndirsə də, tarixi mövzuda uzun-uzadı söylədiyi monoloqlarla öz aqressiv siyasətinə haqq qazandırmağa çalışsa da, onun dediklərinin içində bəlli bir ölçüdə həqiqət də var. Xüsusilə də Putinin kollektiv Qərbin yeni müstəqillik qazanmış və inkişaf etməkdə olan ölkələrə təkəbbürlü, üstdən aşağı münasibət bəslədiyini, onları öz əlaltısına, satellitinə çevirmək istədiyi barədə dedikləri heç də iftira, böhtan deyil.

Taker Karlsonu qınamağın, pisləməyin isə heç yeri yoxdur. Adam jurnalistdir və ictimaiyyətin bilmək istədiyi həqiqətləri ona çatdırmaq, “bəs qarşı tərəf buna nə deyir” sualına qarşı tərəfdən mövqe öyrənmək onun vəzifəsidir. Kreml etriaf edir ki, Putinlə müsahibə götürmək istəyən amerikalı jurnalistlər çox olsa da, onlar araşdırandan sonra məhz Taker Karlsonu seçiblər, ona görə ki, onun müsahibə və şərhlərində obyektivlik və balanslı mövqe görüblər.

Əgər jurnalist Karlson Putinə Kremldə “ey alçaq nasist, otur aşağı, suallarıma cavab ver” deyəcək biri olsaydı, onu, ümumiyyətlə, ölkəyə buraxmazdılar. Hətta o, bu fikirə müsahibənin gedişində gəlsəydi ki, Putinlə ötkəm danışa bilər, kim bilir, müsahibədən sonra başına nə gələrdi.

Bəlkə başqa bir jurnalist 1990-cı ildə Bağdadda Səddam Hüseynə sərt və tərs suallar verə, onu öz sarayında təhqir edə bilərdi? Yoxsa gözübağlı şəkildə Üsəma bin Ladenin gizləndiyi evə aparılan hansısa jurnalist onunla mübahisə etməyi bacarardı?

Bunlar fantastika janrındandır. Həyatda belə şey olmur. Bundan başqa, müsahiblə həmsöhbət olmağı, uzun-uzadı və qızğın şəkildə mübahisə etməməyi, eləcə sual verib, cavab almağı dünya jurnalistlərinə tərifli Qərb jurnalistikası, nəzəriyyəçiləri tövsiyə edib. Məhz onlar deyirdilər ki, jurnalist siyasi partiya, blok üzvü olmamalı, dövlət siyasətinin təbliğatçısına çevrilməməli, hər zaman müstəqil olmalıdır.

Bəs bu prinsip Taker Karlsonun jurnalistliyinə gəlincə niyə unudulur? Məgər o, özünü Ağ Evin, NATO-nun, MKİ-nin mətbuat xidmətinin əməkdaşı kimi aparmağa borcludur?

Ötə yandan, Putinin müsahibəsinin 200 milyonluq auditoriyası göstərir ki, bu qədər adam onun baş verənlərə mövqeyinin nədən ibarət olmasını, izahatının detallarını bilmək istəyirmiş. Karlson məhz bəşər əhlinin bu “informasiya aclığını” doyurub.

İndi bu, o deməkdir ki, biz, eləcə də başqaları Putinin geniş açıqlamalarını oxuyandan sonra dönüb Putinçi olacaq və Rusiyanın hərbi aqressiyasını haqlı saymağa başlayacağıq? Elə şey olmayacaq. Putini də hər kəs tanıyır, Rusiyanın xarici siyasətinin istiqamətlərindən də hamı xəbərdardır.

Yəqin ki, Qərbi narahat edən bu müsahibədən sonra Putinə qarşı olan kəskin mənfi münasibətin dəyişəcəyi deyil, özlərinə olan münasibətə xələl gələcəyidir. Çünki Putin özünü uçurumdan düşərkən rəqibinin ayağından yapışıb onu da özüylə bərabər girdaba sürükləyən döyüşçü kimi aparıb, göstərib ki, Qərb də “Aydan arı, sudan duru deyil”.

Uzun sözün kəsəsi, Taker Karlson Putindən müsahibə almasaydı, biz TF prezidentinin dünyaya, yaxın ölkələrə əsl münasibətinin, niyyətinin nədən ibarət olduğunu dəqiq bilməyəcək, ehtimallarla danışacaqdıq. İndi çox şeyi bilirik.

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости