Свобода людям, независимость нациям!

Qələbəmizi həzm edə bilməyənlərə Şuşa şapalağı - Pislik özlərinə qalacaq!

2398 27.08.2022 16:19 Колумнисты A A

“ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər. Fransa və ABŞ səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Şuşada keçirilən konfransdakı çıxışı zamanı deyib. O, bu hərəkətin ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini söyləyib: “Çünki bu ölkələrə görə, münaqişə hələ bitməyib”.

Prezident köməkçisi həmçinin bildirib ki, Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq Qarabağ münaqişəsinin həllinə töhfə verməyib. “Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla da bir daha etinasızlıq nümayiş etdirdilər”, - deyə o vurğulayıb və Minsk Qrupunun reanimasiyasına yönəlik cəhdləri “riyakarlıq və utancverici addım” adlandırıb.

“Minsk Qrupunun həmsədrlik missiyasını yerinə yetirən dövlətlər beynəlxalq ictimaiyyət qarşısında müəyyən dərəcədə utanmalıdır. Çünki BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həmin dövlətlərə beynəlxalq ictimaiyyətinin mandatı verilmişdi ki, bu ədalətsizliyi aradan qaldırsınlar, işğal və təcavüzə son qoysunlar. Bir qarış Azərbaycan torpağı işğaldan azad olunmadı, bir Azərbaycan vətəndaşı öz torpağına qayıtmadı. 30 illik uğursuz fəaliyyətdən sonra kimisə Minsk Qrupunun həmsədri təyin etmək yalnız utancverici addımdır. Burada hər hansı fəxarət duyacaq addım yoxdur ki, bundan danışılsın. Bizim üçün artıq belə bir təsisat yoxdur. Minsk Qrupu özü özünü sui-qəsdə düçar etmiş təsisatdır, artıq tarixin bir hissəsidir”. Bunu da H.Hacıyev söyləyib.

Azərbaycan hakimiyyəti və dövləti adından yerində verilmiş tam ədalətli, eyni zamanda, yetərincə sərt bir bəyanat. Tam haqlı və dəqiq qiymətləndirmə. Ərazi bütövlüyümüzə dil uzadanlara ağrılı bir şapalaq!..

Biz deyəsən, uzun illər özünü Azərbaycan xalqına dost-tərəfdaş kimi sırımağa çalışmış bəzi Qərb ölkələrinin əsl simasını 44 günlük müharibədən sonra daha yaxşı tanımağa başlamışıq. Azərbaycanın möhtəşəm zəfəri belə görünür, bir çoxlarının maskasını yaxşıca yırtıb.

Səfirlər “konflikt bitmədiyi üçün...” Şuşaya getmirmişlər. Demək, bunlar Şuşanı ən yaxşı halda mübahisəli şəhər hesab edir, suverenliyimizi, ərazi bütövlüyümüzü sual altına alırlar. Elə isə ərazi bütövlüyümüzü tanımayan dövlətin Bakıda niyə səfirliyi olmalıdır? Həmçinin bizim ABŞ və Fransada səfir saxlamağımız haqda da düşünməyə dəyər...

Əcəb işdir. Görəsən konflikt ABŞ və Fransa üçün necə bitməli imiş ki, razı qalsınlar? Torpağın qanuni və halal yiyəsi olan Azərbaycanın istədiyi şəkildə, yoxsa ABŞ-ın, Fransanın və onların “maşası” Ermənistanın arzuladığı kimi?

Qəribədir, deyilmi? İndi guya Qərbin bu iki nüfuzlu dövləti dünyada əmin-amanlığa, münaqişələrin həllinə can atır, hətta ən təcrübəli diplomatlarını prosesə cəlb edirlər, amma burdan-bura artıq tarixə çevrilmiş konflikti təzədən qızışdırmaq, erməni radikal-revanşistlərə və onların sərsəm “miatsum” ideyasına nəfəs verməyə çalışırlar, erməni lobbisinin maraqlarının yedəyində gedərək, destruktiv və pozucu siyasətlərindən əl çəkmirlər.

Guya onların nəzərincə Qarabağ ixtilaf hələ həllini tapmayıb. Bizsə deyirik, tapıb və nida işarəsi! Sonra? İndi neyləyək? Bu sizin ərazidir, yoxsa Azərbaycanın? Yekun qərar Azərbaycanın olmalı idisə, o da qərarını verib, iradəsini ortaya qoyub. O zaman 2 ildir davam edən bu əbləh dirənişin adı nə, Azərbaycanla məzələnmək, yoxsa? Niyə yer üzərindəki irili-xırdalı bütün münaqişələr yalnız “Sem dayı”nın “resepti” əsasında “yoluna” qoyulmalıdır?..

Bu, əlbəttə ki, hər şeydən öncə beynəlxalq hüquqa Qərbin “ikili standart” yanaşmasının növbəti bariz təzahürüdür. Heyrətə gəlirsən, Ukraynada Avropanı, Qərb dövlətlərini Rusiya işğalına qarşı birləşdirən, “Lend-liz” qanunu qəbul edən ABŞ Güney Qafqazda bunun tam əksini edir: separatçıları dövlət səviyyəsində dəstəkləyir, onlara hələ də maliyyə yardımları ayırır, Ermənistanı yeni işğalçı planlara şirnikləndirir, – özü də Avropanın enerji təminatı məsələsində Azərbaycana ciddi ehtiyacları yarandığı zamanda.

Bu aşırı həyasızlığa biz indi nə ad qoyaq?! Erməni sevgisinin, xristian təəssübkeşliyinin də axı bir həddi-hüdudu, sərhədi olmalıdır!..

Belı münasibət 50 milyonluq Azərbaycan xalqına xəyanətdir! Onun müstəqil şəkildə var olmaq, inkişaf eləmək haqqına kobudcasına girməkdir, onun iradəsinə tüpürmək cəhdidir! Ancaq ABŞ və Fransada bu əcaib siyasətin müəllifləri gərək unutmasınlar ki, bu yolla onlar Qafqazın aparıcı xalqı olan Azərbaycan xalqının yalnız nifrətinə ümid bəsləyə bilərlər. Və yaddan çıxarmasınlar: burada heç kəs çörəyi burnuna yemir, bununla özlərini də, təbliğ elədikləri “Qərb-xristian dəyərləri”ni də Azərbaycan xalqının gözündən geridönməz şəkildə salırlar!

Bax, bu dəqiqə maraq üçün, bizim cəmiyyətdə sorğu keçirilsə, sizi əmin edirəm ki, Rusiyaya daha çox rəğbət üzə çıxacaq, nəinki iki gün öncə üzdəniraq Minsk Qrupuna təzə həmsədr təyin eləməklə Azərbaycana pisliyindən əl çəkməyən ABŞ-a. Hələ biz Ermənistanı özünün “kiçik bacısı”, yəni doğması sayan Fransanı demirik...

Və sonda. Azərbaycan xalqı pislikləri adətən tez unudan, fəqət, təcavüzkara, xainlərə baş əyməyən böyük, mərd bir toplumdur. Odur ki, özünüzü yormayın. Yaddaşımızda şər qüvvə kimi qalmayın. Artıq işlənmiş “erməni kartı” ilə təzədən üstümüzə gəlmək, “xof” yaratmaq yetər! Əgər 30 illik işğal dövründə bu taktika bir şeyə yaramayıbsa, arxasında durduğunuz Ermənistan layiqli cəzasını alandan sonra heç yaramayacaq! Yağışdan çıxanın yağmurdan qorxusu olmaz...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости