Свобода людям, независимость нациям!

Qələbə görməmişliyi

2166 23.11.2022 13:29 Колумнисты A A

 

Hamısı görməmişlikdəndir. Birdən-ikiyə qələbə görmüş olsaydılar, bu cür hövllənməzdilər, adi futbol qələbəsinə görə 23 noyabrı istirahət günü etməz, küçələrdə qol götürüb oynamaz, dünyanın dilinə düşməzdilər.

Bu baxımdan Səudiyyə Ərəbistanını təmsil edən milli komandanın Qatarda keçirilən mundialda Argentinanı məğlub etməsinə (2:1) görə ölkədə ümummilli bayrama səbəb olmasının motivi bəllidir.

İndi oturub-durub bu olaya lağ edirik, amma deyəsən, yadımızdan çıxıb ki, 10-12 il əvvəl biz də eləydik. “Qarabağ” Norveçin “Rusenborq” klubuna qalib gələn gecə şəhərdə nə pəstəha çıxarmışdıq, yadınıza düşür?

Minlərlə azarkeş “Gənclik” metrostansiyasının həndəvərində qışqırışırdı, hər kəs bir-birini təbrik edirdi, gənclər avtomobillərinin pəncərəsindən, “lyuk”undan özlərini çıxararaq, üçrəngli bayrağımızı göyə qovzayaraq şəhərin mərkəzi küçələrində siqnallaya-siqnallaya dövrə vururdular.

Əslində bu, ictimai asayiş qaydalarının, eləcə də yol hərəkəti qaydalarının pozulmasıydı, amma polislər göz yumurdular, anlayırdılar ki, bu qələbə bayramıdır, sevinənlərin kefini pozmaq olmaz.

Ondan sonra belə hadisələr çox oldu. “Qarabağ” avropalı klublarla görüşdə o qədər çox qələbə qazandı ki, futbol qələbələri adiləşdi. Azarkeşlər eləcə sevinə-sevinə evlərinə dağılışırdılar.

Bir də elə kütləvi coşqu 2020-ci ilin noyabrın 8-də, Şuşa düşmən işğalından azad olunduğu gün baş verdi. Bu artıq idman qələbəsi deyildi, real, müharibə qələbəsi idi, çox böyük zəfər idi. Onun yanında Rəşad Sadıqovun “Rusenborq”un qapısına vurduğu qol nəydi ki? Heç nə.İndiki parametrlərlə götürsək, dronla düşmən tankı vurmağa bərabər idi. Amma 2020-də yüzlərlə tank, blindaj, top batareyası vurulmuşdu.

Ona görə də iki ay əvvəl “Qarabağ” Fransa kimi qabaqcıl futbol ölkəsinin məşhur komandalarından birini – “Nant”ı məğlub edəndə paytaxtda böyük coşqu olmadı. Bu hadisə 10-12 il öncə olsaydı, məsələ avtomobillərin siqnal verər-verə dövrə vurması ilə bitməzdi, əməlli-başlı atəşfəşanlıq olardı, millət gecəni yatmazdı, yeyib-içib çığırışardı.

Yəni görməmişlik belə şeydir. Bu gün hətta bizim milli komanda dünya çempionatında iştirak etsəydi və Argentina, Braziliya və ya Almaniya kimi güclü komandalardan birinə qalib gəlsəydi, biz də o günə düşərdik. İnşallah, nə vaxt mundiala qatılarıq, kiməsə qalib gələrik, o zaman danışarıq ki, biz özümüzü səudiyyəli azarkeşlərdən nə qədər fərqli apardıq.

Ona görə də din qardaşlarımızın bu coşqusunu anlayışla qarşılamalıyıq. Ancaq onlar da gərək barıtı çox eləməsin. Qabaqda hələ iki oyun var. Birini də udsalar və ya heç-heçə etsələr, növbəti mərhələyə keçəcəklər, bax, onda daha ürəkdən sevinə bilərlər. Yox, qrupda qalacaqlarsa, onda bugünkü kütləvi sevinc haram olacaq.

Hələ yaxşı ki, Səudiyyə Ərəbistanında spirtli içki yasaqdır, yoxsa, vallahi, qələbə sevincindən qəlbləri riqqətə gəlmiş gənc ərəblər gecədən səhərə kimi araq, pivə, çaxır hortladar, nə zibillər qaynadardılar. Ertəsi gün məlum olardı ki, nə qədər azarkeş səhrada azıb, nə qədəri qəzalarda ölüb, nə qədər bıçaqlaşma qurbanı olub və sair və ilaxır. Acı statistika.

Belə çıxır ki, ərəblər də yaxşı qurtarıb, dünya futbolu da. Yoxsa yuvarlaq dəridən olan bir şeyin iki dirəyin, bir tirin altından keçməsinə görə dünya miqyaslı qanqaraçılıq olardı.

Bu cür kütləvi coşqu ondan xəbər verir ki, 355 gündən sonra, yənin gələn il noyabr ayının 12-də Səudiyyə Ərəbistanından bu böyük zəfərin 1-ci ildönümü olacaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости