Свобода людям, независимость нациям!

Qazın izi ilə

1043 30.01.2024 11:22 Колумнисты A A

Yanvar ayında dəm qazından ölən zəhmətkeşlərimizin sayında artım var. Təkcə son həftədə 6 nəfər ölüb. Bunlar adətən ailə üzvləridir: Göygöldə ana və qızı, Lənkəranda ər, arvad, Bakıda isə iki qardaş həlak olub. Bir ailədən iki nəfər öləndə faciə daha çəkilməz olur. Üstəlik, ölənlər cavan adamlardır. Bakıda boğulan qardaşlardan biri isə universitetə 700-ə yaxın balla qəbul edilmişdi.

Vəziyyətin kritikliyi hətta Baş Prokurorluğun da diqqətini çəkib. Sitat: “Hava şəraitinin qeyri-sabit olmasıyla bağlı istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmaması, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına düzgün nəzarət olunmaması nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib”(Baş Prokurorluğun Mətbuat Xidməti). 

Qanun keşikçilərimiz faktı təsbit etməklə kifayətlənməyiblər: “Hadisələrin baş vermə səbəbləri hərtərəfli, tam və obyektiv araşdırılmaqla, müvafiq tədbirlərin görülməsi təmin ediləcək”. Əhsən. Tədbir görüləcək, gedək qazı açaq...

Ancaq mən hirsimdən qara zarafat elədim, əslində burada gülməli heç zad yoxdur. O cümlədən prokurorluq hadisələrin baş vermə səbəblərini araşdıra bilməz. Onun buna nə cəsarəti, nə mandatı var. Çünki dəm qazı nəticədirsə, bu ölümlərin başlıca səbəbi kasıbçılıqdır. Biz yoxsulluğumuzdan ölürük. 

Adi bir misal. Vaxtilə ucuz qaz limiti 2200 kuba qədər idi. Sonra hökumətin ağlına gəldi ki, azərbaycanlılara bu çoxdur, limiti 1200-ə saldılar. Nəticədə orta statistik ailə o limitin təpəsinə elə yanvar-fevral aylarında yekə bir daş salır, ilin qalan aylarında ayağı göydə qalır - bəzən qaz üçün ayda 100 manatdan çox ödəməli olursan. Minimal maaşın, pensiyanın 300 manat ətrafında cövlan elədiyini nəzərə alsaq, hazırda dünyada öz gəlirinin üçdə birini qaza verən neçə camaat tanıyırsınız və onlardan hansı neft-qaz ölkəsidir? 

Bu kimi şeylərə görə camaat otağı normal havalandırmağa prestij, harınlıq kimi baxır. “Pəncərəni bağla, isti uçmasın” - necə deyərlər. İnsan yaşayan otaq sutkada bir neçə dəfə ventilyasiya olunmalıdır, qazı əsə-əsə işlədən toplum bunu necə edə bilər? 

Maraqlıdır ki, bizdə qaz pulunu da elə əsasən o kasıblar ödəyir, varlı məmurların, oliqarxların çoxu heç kommunal ödənişləri düzgün ödəmir. Kəndxudanı (kommunalın müdirini) görüb, kəndi (sistemi) çalıb-çapırlar. Villasının qaz sərfi ayda 500-1000 manatı keçir, lakin sayğaca baxana 100 manat verir, ya saxta xətt çəkirlər, ya da qəbzi sıfırlayırlar. Bizdə, maşallah, hər növ saxtakarlıq vardır. Lakin indi mövzumuz bu deyil. 

“Qadını tapın” deyə bir fransız məsəli var, dolaşıq, sirli əhvalatların səbəbi barədə söylənər. Bunun başqa variantı da “pulun izi ilə” adlanır, iqtisadi-sosial məsələlərə aiddir. Yəni pulun dalıyca gedib problemi çözə bilirsən. Kirli pulların izi ilə həm oğruları, həm də yoxsulların ölüm səbəbini tapmaq mümkündür. 

30 manata görə insanlar bir-birini öldürür. Gəncədə olmuşdu bu əhvalat. Yaxud Füzulidə birinin evinə qonaq gəlib, qaz kəsib, kabab çəkib (bu  artıq quş qazın ölümə səbəb olması əhvalatıdır). Arvadı da qazın ətindən yeyib. “Kişi” sonra əsəbləşib ki, sən niyə süfrəyə oturdun, ət hamıya çatmadı, qonaqların yanında biabır olduq. Arvadı bıçaqla doğrayıb öldürüb. Tam miskinlik mənzərəsi... Amma bunlar rəsmi cinayət işlərindəndir, fantaziya deyil. 

Manat yazdım, yadıma düşdü. Bizdə bir dükan şəbəkəsi var, guya heyvanlara yardım edir, pişiklər üçün dükanın qabağında soyuq qış günləri yem, qutu-zad qoymuşlar. Pah. Tanımasan şadlıqdan ağlamaq olar hətta. Amma biz bilirik ki, bu dükanlar şəbəkəsi ayda 300-350 manat soyğunçu, kölə əmək haqqı ilə millətin cavan-cavan uşaqlarına sutkada azı 12 saat satıcılıq yapdırır. Pişiklərə qutu qoyurlar, əsas budur. Satıcıları qaz kimi işlətmək olar. 

Belə riyakarlıqları görəndə adam mətbəxə gedib qazı axıracan açmaq istəyir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости