Свобода людям, независимость нациям!

Qazanılmış istiqlalın qorunması mərhələsi – Neoimperiya ambisiyaları davam edirsə...

1065 28.05.2024 11:35 Колумнисты A A

ABŞ-dən tutmuş Zimbabveyə qədər, demək olar ki, bütün dövlətlərin istiqlal günü var. Bu, ona görə belədir ki, qədim tarixdən üzü bəri müstəqil zaman kəsiklərində çoxsaylı xalqların döyüşkən orduları hücum edərək qonşularını, eləcə də gedə biləcəkləri yerə qədər önlərinə çıxan azsaylı və zəif xalqları əsarət alıtına alıblar və uzun illərdən, əsrlərdən sonra həmin ölkələlər müstəqillik qazanıblar.

Sonra vəziyyət dəyişib, güclülər zəifləyib, zəiflər güclənib, nəhəng imperiyalar dağılıb, yerində başqa dövlətlər yaranıb və onlardan biri böyüyüb imperiya olub, bu dəfə o, başqa xalqları əsarət altına alıb.

Məsələn, vaxtilə Çini, Rusiyanı, Orta Asiyanı, Qafqazı, Türkiyəni, İranı, Yaxın Şərqi, Macarıstana qədər böyük bir ərazini əsarət altına alaraq azman imperiya quran monqollar 20-ci əsrdə Çinin və Rusiyanın əsarəti altına düşdülər. Hazırda onların böyük əksəriyyəti Çində Daxili Monqolustan adlanan muxtar qurumda yaşayırlar, müstəqil Monqolustanın 8 əsr əvvəlki əzəmət və qüdrətindən isə əsər-əlamət yoxdur.

300 il monqol-tatar əsarəti altında yaşayan ruslar isə sonradan birləşdilər, gücləndilər, yarımmüstəqil knyazlıqların əsasında dünyanın ən böyük imperiyasını qurdular, okeanların o tayında özlərinə satellit dövlətlər bərqərar etdilər, vassallar saxladılar.

İndi 14 ölkə SSRİ adlanan qırmızı rus imperiyasından qazanılmış müstəqilliyin gününü bayram kimi qeyd edir. Hələ təkcə bu 14 respublika deyil, bu sırada Avropanın şərqində yerləşən keçmiş sosialist düşərgəsi ölkələri də var – Macarıstan, Şərqi Almaniya, Polşa, Çexiya, Rumıniya, Bolqarıstan, Slovakiya. Ötən əsrin 80-ci illərinin sonunda onlar da rus əsarətindən xilas oldular. Çünki Moskva bu adı “müstəqil” olan dövlətlərdə qoşun saxlayırdı və bir balaca itaətsizlik görən kimi hakimiyyəti dəyişir, həbs edir, güllələyir, yerinə sözəbaxan, “ağıllı kommunist kadrlar” təyin edirdi.

Bir əsrdə iki dəfə Rusiyadan qoparaq müstəqil dövlət olan ölkələr arasında biz də varıq. Bu gün qeyd etdiyimiz gün 1-ci qurtuluşun, dövlət müstəqilliyimizin bərqərar edildiyi təqvimdir. Əslində isə ikinci qurtuluşumuz da asan olmadı, nə qədər itkilər verdik, mərhumiyyətlər yaşadıq.

Hazırda Azərbaycan 33 ildir ki, müstəqil dövlət olaraq yaşayır, dünya arenasında tanınır, BMT-nin üzvüdür, amma müstəqillik uğrunda mübarizə davam edir. Qüdrətli dövlət olana, üzərinə yönəlmiş xarici təhdidləri öz gücüylə dəf edənə qədər bu mübarizə davam edəcək. Xatırlayaq ki, 1918-ci ilin bu günü bərqərar edilmiş Azərbaycan Xalq Cümhuriyyəti də o zaman artıq dünya düzənində tanınmış, öz yerini tutmuşdu və iri addımlarla inkişaf mərhələsinə qədəm qoymaq əzmindəydi. Amma psixopat Leninin əmri ilə 11-ci qırmızı ordu bu gənc respublikanın istiqlalını məhv etdi, nəticədə Azərbaycan türkləri 71 il ərzində səlahiyyətləri geniş olmayan muxtariyyat statusunda yaşamalı oldular.
Hələ yaxşı ki, 106 il öncə Azərbaycanın olduqca azsaylı olan oxumuş adamları, vətənpərvər övladları ortaya çıxaraq, toparlanaraq Azərbaycan dövlətini təsis ediblər. Onlar da olmasa, bu millət sahibsiz qalacaq, əraziləri qonşu ölkələrin arasında pay-bölüş ediləcək, qəlpələnəcəkdi.

Bu, heç kəsə utopiya kimi görünməsin, dünyada bizdən də çoxsaylı olan xalqlar var ki, zamanında öz bağrından savadlı, qeyrətli, uzaqgörən tarixi şəxsiyyətlər çıxara bilmədiiyinə görə 21-ci əsrin bu günündə də milli dövlətçilikləri yoxdur, başqa xalqların içində, onların dominantlığı altında yaşayırlar.

Böyük dövlətlərin neoimperiya ambisiyaları davam edir, sadəcə, bu iddiaların adı, mahiyyəti və itaət altına alma üsulları dəyişib. İndi zəif dövlətlərin üstünə tankla, freqatla, desantla yox, valyuta ilə, investisiya layihələri ilə gedirlər, yerləşirlər və istismar davam edir. Günümüzdə Fransa Yeni Kaldeoniyadan çıxırmı, Korsikaya müstəqillik verirmi? Çıxmır, vermir. 100 il əvvəl üsyanları necə ram edirdilərsə, bu gün də elə edir.

Rusiyanın Ukraynada apardığı müharibənin adı “xüsusi hərbi əməliyyat”, bəhanəsi isə “NATO-nun genişlənməsinə müqavimət” ola bilər, amma mahiyyəti bu böyük ölkəni yarımvassala çevirmək, Moskvanın qapazaltısı etməkdir.

“SSRİ-nin bərpası” söhbətləri havayı yerdən çıxmayıb və söhbət heç də tarixin qısa zaman kəsiyində SSRİ adlanmış qurama dövlətin siyasi quruluşunu, idarəetmə üsulunu bərpa etmək deyil, bu ad altında mövcud olmuş rus imperiyasının sərhədlərini, nüfuz arealını bərpa etməkdir. Moskva Qafqaz və Orta Asiya respublikaların qoluna qolay sayır, onun əsas dərdi Ukraynanı ram etməkdir, ondan sonra “rus çarlarının fəth etdiyi torpaqlar”a yenidən qayıtmaq asandır.

Başqa sözlə, istiqlalı qazanmaq çətindir, qoruyub saxlamaq, möhkəmləndirmək ondan da çətindir.

Ən ümdəsi odur ki, dövlət müstəqilliyinin necə bir şirin nemət olduğunu A.-dan Z.-yə qədər bütün ölkə vətəndaşları dadmalıdır. Bu halda hər kəs müstəqil dövlətdə yaşamağın nə dərəcədə gözəl bir şey olduğunu biləcək və öz vətənini səmimi, şüurlu şəkildə sevəcək.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости