Свобода людям, независимость нациям!

Qayğı qəsəbəsi

3677 07.06.2022 09:10 Колумнисты A A

Yaxud işığın adımıza keçirilməsi

Hökumət bahalaşmaya qarşı tədbirlər görür. Dünən daha bir hərəkət zəhmətkeşlərimizi o qədər sevindirib ki, 7 adam özünü toka verib öldürüb, 3 nəfər “Koroğlu” metrosu tərəfdə körpüdən atılıb, daha 10 nəfər dəhşətli şəkildə gərnəşibdir. O baxımdan, xahiş edirəm bunu siz bir az ehtiyatla oxuyasınız, hər ehtimala qarşı tanış medsestraya zəng vurun, ya da ən yaxşısı poliklinikanın qabağına gedib orada xəbəri açıb oxuyun: “Elektrik abunəçiləri evdən çıxmadan abonent kodunu addan ada keçirə biləcəkdir. Üstəlik, bu iş üçün rüsum alınmayacaqdır”. Sitatın sonu.

Həqiqətən, dəhşətli xəbərdir. Qan donduran açıqlamadır. Tüklərim biz-biz olub. Şok altındayam. Bir az izah edim.

Hesab edək sənin adın Mameddir, Samed adlı yoldaşdan ev almısan. Keçmiş əyyamlarda Samedin evindəki işığı Mamedin adına keçirmək üçün idarəyə getmək lazım imiş, hətta bu mənasız prosedur üçün pul alınırmış. İndi isə pulsuz və internet üzərindən həll olunacaqdır. Niyə mənasız adlandırdım, çünki mən özüm yetmiş ildir mənzilimi dəyişəndə işıq, su, qaz kimin adınadır, heç vecimə olmur. Əsas odur bunun pulunu mən verirəm. Həmçinin abunəçinin uzun rəqəmli kodu varsa, o kod həmin mənzilə aiddirsə, daha çekin üstündə “Mamed, Samed” yazmağın mənası varmı? Hüquqi baxımdan heç bir mənası yoxdur. O cümlədən işığın pulunu verməyəndə, orada yaşayan işıqsız qalır, daha montyorlar gedib əvvəlki sakinin tokunu kəsmirlər ki.

Lakin indi bu addəyişmə hüququnu bizə veriblər. Nə edə bilərik, minnətdar olmalıyıq. İşıq pulu ucuzlaşsa heç belə sevinməzdik.

Ümumiyyətlə, ölkəmizdə cürbəcür, rəngarəng hüquqlar vardır, vaxtaşırı hökumət onları biz bədbəxt millətin yadına salır, bizi sevindirir, ürəyimizi açır. Tək insanlar yox, heyvan və bitkilərin də haqlarını qoruyurlar. Bu yaxında Abşeron yarımadası, Saray qəsəbəsində bağ evinin həyətindən ayı balası tapılmışdı. (Gör təbiət nə qədər təmizlənib, artıq ayılar Abşerona gəlir. Halbuki AXC-Müsavat dövründə bu zonada ancaq suitinə rast gəlinirdi, o da ölüsünə). Xəbərdə deyilirdi: “Daha sonra ayı balası polislər tərəfindən aşkar edilərək götürülmüş, aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilmişdir”.

Buyur. Bizdə ayı balaları üzrə də dövlət orqanı varmış. Elə bir sahə yoxdur ki, dövlətimizin orqanları onları əhatə etməsin. Dozanqurdular üzrə dövlət komitəsi, canavarlar nazirliyi, alaq otları üzrə agentlik, eşşək idarəsi, gənə, birə və sairə qanəmicilərin məhdud məsuliyyətli cəmiyyəti (MMC), bağırsaq qurdları, hamam böcəkləri, at milçəyi və əqrəblər üzrə qapalı səhmdar cəmiyyəti (QSC) və sairə qurumlar hər gün, hər an flora-fauna aləminin qulluğundadır. Ayı balaları üzrə idarə bunların içində ən güclü səlahiyyətlərə malik olanlardan birisidir. Yadınıza gələr, beş-on il qabaq hansısa ayının balasını nazir balası yemişdi, ölkədə qan su yerinə axırdı, xalq üsyana qalxmışdı, az qalırdıq qəzəbimizdən dombalaq aşaq.

Sonda bir daha millətə gözaydınlığı verək: yetmiş ildir Rəqabət Məcəlləsinin hazırlanmasını gözləyirdiniz, artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və sairə idarəsi (uzun söhbətdir, yadda qalmır) bu kağızı hazırlayıb, Nazirlər Kabinetinə göndərib. Orada məcəlləyə 60 il ərzində baxılacaq, təkliflər, əlavələr ediləcək, sonra Milli Məclisə veriləcək. Milli Məclis 50 ilə qanun düzəldəcək. Ona qədər də ya ayı balası ölər, ya eşşək...

Ancaq yuxarıda yazdıq, ölüm gözlənilmir. Qayğı hərtərəflidir. Laçındakı Qayğı qəsəbəsini də bərpa edirik.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости