Свобода людям, независимость нациям!

Qatillərin “bizi qırdılar” şivəni qopardığı gün – 4 iyun unudulmur

3260 04.06.2024 09:05 Колумнисты A A

O məşum gündən 31 il keçir. Amma 4 iyun günü dövrün şahidlərinin yaddaşında diri qalıb - dünənki gün kimi. Çünki o gün və ondan sonra iyun ayının sonuna qədər baş verən hadisələr şahidlərin şüurunda silinməz izlər buraxıb.

1993-cü ilin 4 iyunu haqsızlığın, həyasızlığın ərşə qalxdığı gün idi. Təkcə ona görə ki, milli qvardiyanın qəhrəman əsgərlərini xaincəsinə avtobusda gülləboran edərək öldürən qatillər və onların siyasi dəstəkçiləri zeytun yağı kimi üstə çıxmışdılar, parlamentin dövlət televiziyası ilə birbaşa translyasiya olunan iclasında ağlamsına-ağlamsına xalqa hökumət qüvvələrinin 69 vətən oğlunu gecə yatdığı yerdə güllələyib öldürdüyünü deyirdilər. Ağızlarından od və öd tökülürdü.

İlk olaraq bunu uzun illər Azərbaycana rəhbərlik etmiş, ölkədə yaxşı ad qoymuş və Kremlin iradəsi ilə vəzifədən haqsız uzaqlaşdııldığı üçün xalq arasında nüfuzlu adam kimi tanınan İmam Mustafayev demişdi.

O, nədən sinninin 80-i adladığı bir vaxtda bu qədər qırmızı yalan danışmışdı, yalnız təxmin etmək olar ki, kommunist əqidəsinə sadiq qalmışdı, yeni hakimiyyəti sinirə bilmirdi. 83 yaşlı bu şəxsə artıq vəzifə lazım deyildi, zatən respublikanın ağsaqqalı kimi ictimai vəzifəsi də vardı. Ancaq onun görünməmiş iftirası sarı qusquta sarmaşığı kimi bütün ölkəni sardı, sonrakı hadisələrdə həlledici rol oynadı. İndi nə vaxt İmam Mustafayevin adı çəkilir, adamın yadına Surətlə ortaq cinayətə qol qoyduğu düşür. (4 iyundan qabaq el arasında ona “imam kimi adamdır” deyirdilər).

Həqiqət bundan ibarət idi ki, 4 iyun günü lənətlik qiyamçılardan heç kim ölməmişdi, “hücuma məruz qalan” briqadadan yalnız Mehman adlı bir nəfər həlak olmuşdu, onu da ağ bayraq götürüb hökumət qüvvələri ilə danışığa getdiyinə görə Surətin adamları vurmuşdular. Qiyam zamanı həlak olanların hamısını surətçilər öldürmüşdü. Qiyamçılar iyunun ikinci ongünlüyündə Gəncə şəhər İcra Hakimiyyətinin binasında vəzifələri bölüşərkən bir-birləri güllələmişdilər.

Parlamentin iclasının canlı yayımla verilməsi hansı zərurətdən doğmuşdu, hələ də müəmmalıdır. Bir şey ki belə bir qanlı hadisə baş verib, gələn informasiyalar qeyri-səhih, kirli, ziddiyyətlidir, hamısının araşdırılması lazımdır, dövlət sirlərinin göydə uçuşduğu bir iclası xalqa təqdim etmək, ictimaiyyəti tamamən çaşdırmaq nəyə lazım idi? Ondan əvvəl hansı dövlətdə belə şey olub və ya ondan sonra harada o cür oldu?

“Xalq hər şeyi bilməlidir” və ya “bizim xalqdan gizli işimiz yoxdur” ritorikasının puçluğu ortaya çıxdı. Birləşmiş revanşist qüvvələrin parlamentdəki nümayəndələri görünməmiş həyasızlıqla təşəbbüsü ələ aldılar. Onları yalnız iki-üç gündən sonra susdurmaq mümkün oldu, onda da artıq gec idi, dövlət rəsmilərinin bir qrupu qiyamçıların əlində girov idi, güc strukturlarının rəhbər şəxsləri isə “xalqın igid oğlu” elan edilmiş, “sözünü deyən” Surətin bandit dəstəsini zərərsizləşdirməkdən imtina edirdi.

1 il əvvəl olsa dönəmin güclü təşkilatı AXC qiyamçıları öz qüvvəsi ilə zərərsizləşdirə bilərdi. Ancaq nə AXC həmin AXC idi, nə də onun formalaşdırdığı könüllü batalyonlara müvafiq əmr verən vardı. Prezident Elçibəy vətəndaş müharibəsi başlanmasınıi istəmirdi, bir xalqın oğullarının bir-birinə güllə atmasına qarşıydı.

Bir il 3 ay sonrakı hadisələr göstərdi ki, xalqın oğullarının bir-birinə güllə atmasının faciəvi səhv olması barədə söhbət havayı şeydir. 1994-cü ilin oktyabrında hökumət qüvvələri baş nazir vəzifəsini tutan Surətin rəhbərliyi altında yeni qiyama başlayan bandit dəstəsini gecəylə tərksilah etdi, qırılan qırıldı, qaçan qaçdı, ələ keçənlər də türməyə dolduruldu. 1993-cü ilin iyununda Gəncədən Bakıya silahlı yürüş edən adamlar darmadağın oldular. Məlum oldu ki, onların elə bir gücü, qüvvəsi yoxmuş, bir tutarlı zərbəyə bənd imişlər.

1993-cü ilin iyununda onlara o zərbəni vuran olmadı. Həm də ona görə ki, arada siyasi bufer vardı. Ölkənin müxalifət düşərgəsinə aid qüvvələrin, demək olar ki, hamısı, xalqın Elçibəy iqtidarından narazı kəsimi, eləcə də 1 il əvvəl gəlirli vəzifələrini itirmiş partokratlar qiyamçıların tərəfində idi. Qiyamçılara vurulan zərbə tutarlı olacağı təqdirdə, onlar sadəcə, susacaq, hər hansı bir aksiyaya əl atmayacaqdılar. Onlarda nə elə bir cəsarət vardı, nə də həvəs. Olsa-olsa, xalqı etiraz aksiyasına AMİP çağıra bilərdi.

Ancaq bu partiyanın qiyamda çəkdiyi bütün “əziyyət”, göstərdiyi xidmət iyun ayının axırlarında mərhum eks-prezident Heydər Əliyevin bir teleçıxışı ilə puç oldu. Əliyevin həmin çıxışının ertəsi günü rayonlarda minlərlə adam AMİP-i tərk etdi, partiyanın rəhbərliyi isə ikiyə bölündü, idarə heyətinin bir yarısı Əliyevin komandasına keçməyi məqbul saydı.

Bunlar çox sonra oldu, iyunun 4-də isə Gəncədə hökumətə qarşı qiyam törədilmiş, dövlətə silah qaldırılmış, dövlət qulluqçuları öldürülmüş və girov götürülmüşdü. Bu, heç vaxt və heç cür haqq qazandırılası hərəkət deyildi. Ancaq təbliğat elə getmişdi ki, Gəncə şəhərində minlərlə dinc sakin qiyamçıların tərəfində vuruşmağa hazır idilər. Onlara başqa bölgələrdə də dəstək verənlər vardı.

Bu, onda irəli gəlirdi ki, adamlar hakimiyyəti zəif, qətiyyətsiz görmüşdülər. Hakimiyyət bir az sərt və qətiyyətli olsa, qiyamçıları asanlıqla təkləyə bilərdi. Fəqət iqtidar komandasında ekstremal situasiyada doğru qərar vermək təcrübəsi yox idi. Bəlkə də ölkə qanlı müharibədə olmasaydı, fərqli addımlar atmaq olardı. Ancaq qarşıda Ermənistanın işğalçı qüvvələriydi, arxadan ikinci cəbhəni isə Surətin adamları açmışdı.

Daha çox gecdir, “elə olsaydı, belə olardı”, “belə olmaması üçün filan şeylər olmalıydı” kimi təsbitlərin artıq heç bir mənası yoxdur. Hər şey 31 il geridə qalıb. 4 iyun qiyamından sonra itirdiyimiz ərazilər də tam şəkildə qaytarılıb, məşhur ifadə ilə desək, “Qarabağ heç vaxt olmadığı qədər bizimkidir”.

Ancaq 4 iyun qiyamının ölkənin demokratikləşməsi prosesinə vurduğu xəsarət eləcə də qalır. Əslində bu da mübahisəli məsələdir. 1992-ci ilin payızından 1993-cü ilin iyununa qədər ölkədə gedən siyasi proseslər, söz-söhbətlər, siyasi arenadakı hərc-mərclik, qırdı-qaçdılıq, dönəmin müxalifətçilərin 1-2 aya hakimiyyətə gəlməliyik, yoxsa gec olacaq” həşiri, iqtidarda olan qüvvənin 3-4 yerə qəlpələnməsi və bir-birinin boğazından yapışması göstərdi ki, biz o vaxt demokratiyaya hazır olmamışıq.

Bəs indi hazırıqmı? Ehtimal ki, nə vaxtsa hazır olacağıq.

Allah 4 iyun günü həlak olan qvardiyaçılara rəhmət, onların qatillərinə isə bir daha lənət eləsin.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости