Свобода людям, независимость нациям!

Qarqarda batan Olqa və suya düşən “rus icması”

5020 13.05.2022 18:35 Колумнисты A A

Bütün dünya yığışıb Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoyulmasını, daha doğrusu, rus ordusunun işğalı dayandırması üçün çalışır, Kreml də bu arada Ermənistanla Azərbaycan arasında “vasitəçilik” etmək iddiasından əl götürmür. Belə yerdə “özünə umac ova bilmir, özgəsinə əriştə kəsir” misalı yada düşür. Azərbaycan deyir Qarabağ məsələsi bitib, Ermənistanla delimitasiya və demarkasiya prosesini, digər anlaşmaları yerinə yetirmək üçün heç bir problem yoxdur, hətta erməni və azərbaycanlı nazirlər (XİN başçıları) iki dəfə birbaşa telefonla danışıblar, kiminsə ortaqlığı olmadan. Amma Rusiya deyir yox, gəlin, mən sizi danışdırım, rusca, Mirzoyanla Bayramovun ingiliscə danışmağına qıcıq olurlar. Budur, növbəti dəfə Düşənbədə üçlü görüş olacaq, artıq bu gün Rusiya XİN rəhbəri hər iki nazirlər ayrı-ayrılıqda görüşüb. Görəsən, Sergey Lavrov Ararat Mirzoyanın qulağına nələri pıçıldayıb, “ara, Araratcan, geri çəkilmə, 6 bəndlik təkliflər yollamısan, lazım gəlsə, 1-2-sini də artır, uzat söhbəti”, deyibmi?..

Lavrovun Qarabağ məsələsinin həllində oynadığı “rol” bizə yaxşı məlumdur. Nazir olduğu dönəmdə “mənim damarlarımdan erməni qanı axır” və “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”, açıqlamaları qalıb yadımızda. Hə, bir də İrəvandan Ağrı dağının şəklini telefonu ilə çəkməsi səhnəsi...Ağrı (ermənilərin Ararat dediyi) dağının şəklini ermənisayağı çəkən birisi Araratla Azərbaycanın, ya Türkiyənin xeyrinə danışmayacaq ki...

Özü də cəmi bir həftə əvvəl Putin Lavrovun dediklərinə görə İsrail rəhbərliyindən şəxsən üzr istədi. Amma nədənsə Rusiya prezidenti baş diplomatını başa salmaq istəmir ki, mən demişəm, “beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, ona görə də “erməni damarı”nı qoy bir tərəfə!

Belə görünür ki, məsələ təkcə Lavrovluq da deyil. Ötən həfdə Azərbaycanın dövlət təhlükəsizlik orqanları məcbur oldu Rusyadan gələn əsassız iddialara cavab verdi. Ermənistandakı ABŞ səfirliyində bir alayın əsgəri qədər heyət olduğu halda, üstəlik də bu ölkədə Qərbə məxsus laboratoriyaların mövcudluğu haqda müzakirələr illərdir davam edir, amma Rusiya “laboratoriya”nı Azərbaycanda axtarır. Absurd!

Belə müttəfiqlikmi olar? Yaxud Azərbaycanın razılığı əsasında Rusiya sülhməramlıları Qarabağda yerləşdirilib. Amma sülhməramlı funksiyasını yerinə yetirməli olan kontingent Azərbaycan hərbçilərinə atəş açan erməni quldur-separatçı-terrorçularını himayə edir, onların səngər qazmasına, bunkerlər tikməsinə, silahlanmasına yardımçı olur. Şuşa yaxınlığında Azərbaycan hərbçilərinə qumbara atan terrorçunu da gizlətdilər. Nəticədə Xankəndinin özündə ermənilər bir-birinə silah çəkir, ara-sıra bir-birini qırırlar. Amma belə davam edə bilməz, çünki hadisə Azərbaycan ərazisində baş verir və Azərbaycan öz ərazisindəki erməni sakinlərin də təhlükəsizliyinə cavabdehdir. Deməli, bu özbaşınalığa son qoymağın məqamı çatıb artıq. Qarabağdakı separatçılar isə bu günlərdə iddia etdilər ki, sülhməramlıların nəinki 5 ilin tamamında bölgədən getməsi müzakirə mövzusu deyil, onlar hətta 20 il də ərazidə qala bilərlər. Onların nəzərində, “məsələlər həllini tapana qədər”. Hesab edirlər ki, günün birində “status” alacaqlar, “müstəqil” olacaqlar, qanuni orduya, polisə malik olacaqlar, daha nələr. Bunu onlara dedirdən var təbii ki...

Kimliyi bəlli: Azərbaycanın dəfələrlə etiraz etməsinə baxmayaraq, Xankəndiyə “stepanakert” deyən, “Dağlıq Qarabağ” adlı qondarma addan istifadə edən, azərbaycanlılarla ermənilərin təmasına birmənalı şəkildə imkan verməyən Rusiya!

Bu günlərdə Ağdərə şəhərində “Birinci rus mərkəzi”nin açılışı oldu. Masis Mailyanın ideyası, Rusiyadakı iş adamları Vaaqn Xaçatryan və Artur Arzumanyanın dəstəyi ilə açıldığı iddia olunur. Amma əgər Rusiya razı olmasa, erməni separatçıları başını divara vurar, buna getməzdilər. Rusların yaşamadığı Ağdərədə “rus mərkəzi” nə deməkdir?

Diqqət edin, “artsax respublikası prezident aparatı” adlı qondarma qurumun “rus dili məsələləri üzrə şöbəsi” varmış. Onun rəhbəri Seyran Karapetyan deyib ki, bu ilin fevralından rayon mərkəzləri və Xankəndindəki məktəblərin 7-14 yaşlı məktəblilərinə PULSUZ RUS DİLİ KURSLARI təşkil olunur, yekunda da sertifikatlar verilir. Deməli, bu kursları icra etmək üçün kadrlar da gətirilib Rusiyadan. Hansı yolla? Məlumdur. O da bildirilib ki, Ağdərənin ardınca Əsgəran və Xocavənddə də “RUS MƏRKƏZLƏRİ” açılacaq, yaxın günlərdə...

Ötən ay Xankəndində Rusiya bayraqları ilə aksiyaların keçirilməsi təsadüfi deyildi. Proses gedir, sonda rus pasportlarını parçalamaq üçün zəmin hazırlayırlar. Bax, belə “vasitəçilik” edir, sülhyaratma missiyasını “həyata keçirir” şimal qonşumuz...

Qarabağ işğalda olarkən oraya qanunsuz səfər edən ölkələrin vətəndaşları olaraq həmsədr ölkələr “liderlik“ edirdilər. Rusiya vətəndaşları isə birinciydi. Rusiyanın keçmiş milyarderi Şuşada “eşşək yarışması” keçirməsi yadınızdadır? 44 günlük müharibədən sonra Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, sülhməramlılar yenə də Laçın dəhlizindən keçməklə qanunuz səfərlərə yaşıl işıqyandırır. Laçın dəhlizi faktiki olaraq nəzarətsiz yola çevrilib. Qarabağda “rus icması” yaratmaq niyyətini həyata keçirmək istəyənlər məkrli planın icrası ilə bağlı davamlı şəkildə çalışırlar, hətta rus milliyyətindən olanların köçürülməsini də təşkil edirlər.

Bu gün birinin “səsi” çıxdı. Erməni mediasının yaydığı Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində Rusiya vətəndaşı olan qadın itkin düşüb. Məlum olub ki, Qarqar çayında boğulan qadın Rusiya vətəndaşı Olqa Sanikovadır, Xankəndində yaşayırmış. Mayın 9-da Qarqara düşən qadının meyiti hələ də ortada yoxdur.

Hamı qadını axtarır, ermənilər, ruslar. Amma kimsə soruşmur ki, Rusiya vətəndaşı Olqanın Xankəndində nə ölümü varmış? Yaxud bu qadın Bakının icazəsi olmadan, pasportuna Azərbaycan möhürü vurulmadan nə gəzirmiş bizim torpaqlarda? Bəlkə də “rus icması”nın nümayəndələrindən birinin çayda batması həm də icma planının suya düşməsi deməkdir...

Amma Rusiyanın Bakıdakı səfirindən açıqlama gözləməyə haqqımız var, deyilmi? O səfirdən ki, bu günədək hələ də Şuşaya səfər etməyib, ermənilərin xətrinə dəyər deyə...Qoy desin, ölkəsinin vətəndaşı niyə qanunsuz olaraq Xankəndi şəhərinə gəlib? Hansı ki, Putin də Qarabağı Azərbayacanın AYRILMAZ TƏRKİB HİSSƏSİ hesab etdiyi halda...

Elşad PAŞASOY

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости