Təəssüf ki, qalmaqal yaratmış filmə baxmaq imkanı yoxdur, görmədiyin müharibədə “qan töküldü” yazmaq olur, amma baxmadığın filmi tənqid və ya tərif etmək mümkünsüzdür, bir az da absurddur...
Sabiq nazir Əbülfəs Qarayevin qızının adı keçən qalmaqallı “Məhsəti” filminin Kino Agentliyinin təşkil etdiyi Bakı Beynəlxalq Film Festivalından baxışdan çıxarılması ətrafında qızışan müzakirələrə qoşulmaq niyyətim yoxdur. Səbəb hətta bayağı görünə də bilər: hər iki tərəfdə qadın adı(filmin yaradıcıları hamısı qadındır) və obrazı var. Demək, ehtiyatlı ifadələr seçməlisən, daxili senzuranı gücləndirməlisən və s. Amma söhbət filmdən gedirsə, emosiyaları cilovlamaq da çətindir...
![]()
Layihənin prodüserləri Mariya İbrahimova (Azərbaycan) və Ada Solomonun (Rumıniya) adından yayılmış bəyanatda film haqda mövqelərini zənnimcə, aydın izah ediblər. Diqqət edək: “Təəssüf ki, “Məhsəti” filmimiz Bakı Film Festivalı proqramından çıxarılıb, çünki Mədəniyyət Nazirliyinin Film Şurası ona nümayiş lisenziyası verməkdən imtina edib və filmin mənəvi dəyərlərə uyğun olmadığını bildirib. Filmdə 12-ci əsr şairi Məhsəti Gəncəvini canlandırmaq istəyən gənc aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır”.
Bəyanatda diqqətçəkən etiraz da var: “Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir. Qadın kino yaradıcıları olaraq, qadınların necə təsvir oluna biləcəyinə dair bu cür absurd məhdudiyyətləri qəbul etmirik. Xüsusilə də bu məhdudiyyətlərin modern və dünyəvi bir ölkədən, qadınlara ən erkən səsvermə hüququ verənlərdən biri olmuş və Məhsəti kimi qadın ilhamları yetişdirmiş bir yerdən gəlməsi təəccüblüdür”.
Məlum olur ki, “Məhsəti” filminin premyerası Kaliforniyada “Mammoth Lakes” Beynəlxalq Film Festivalında artıq keçirilib də...

Təəssüf ki, qalmaqal yaratmış filmə baxmaq imkanı yoxdur. Bu “qadağan olunmuş”lara(sovet vaxtı afişada “16 yaşa qədər” yazardılar) təbii maraqdan irəli gəlmir. Görmədiyin müharibədə “qan töküldü” yazmaq olur, amma baxmadığın filmi tənqid və ya tərif etmək mümkünsüzdür, bir az absurd kimi görünür. Əslində o şərait olmalıdır ki, filmin yaradıcıları rəyinə hörmət etdiyi bir neçə kino adamını, jurnalistləri və ya blogerləri toplasın, “Məhsət”yə onların da rəyini alsınlar. Əlbəttə ki, açıq cəmiyyətdə həm də ictimai baxışdan sonra filmin geniş müzakirəsini də təşkil etmək mümkün idi.
“Görünən dağa bələdçi lazım deyil” fikri bu yerdə keçərli deyil, hətta istənilən obyekt haqda qərəzsiz rəy üçün tam yanlış yoldur. Çünki “dağın o biri tərəfində” nə olduğunu bilmək üçün yaxına getməli, gəzməli, daha dolğun informasiyalar toplamaq gərəkir.

Aydındır ki, filmi festivala buraxmayan şura sonrakı qalmaqaldansa, bəribaşdan özlərini mümkün təzyiqlərdən sığortalayıblar.
Qarayevin qızı və yaradıcı komandası gərəkirdi ki, XII əsrdə yaşamış qadın şairə haqda filmə ssenari yazmaq, onu ekranlaşdırmaq üçün “Vikipediya” da oxuduqları ilə kifayətlənməyə. Niyə “Vikipediya” deyirəm? Çünki “Vikipediya” da Məhsəti haqda yazılanlar onların verdiyi bəyanatla eynilik təşkil edir.
Sitat: “Onun (Məhsəti Gəncəvinin-N.S) tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa, hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir. Onun şerlərində şərab və eşq duyğusu tərənnüm olunur”. Başqa bir sitat: “Onu tez-tez saraya dəvət edirdilər. Növbəti ziyafətlərin birində şah sabahkı görüşün şərtlərini söyləyir: gecikən cərimə olaraq üç buynuz şərab içməlidir. İş elə gətirir ki, Məhsəti gecikəsi olur. O, şərtə tabe olaraq, dalbadal iki iri buynuzu doldurub içir. Sonra üçüncü buynuzu doldurur, üzünü şaha tərəf tutub bədahətən şerlə ona müraciət edir ki, ey şah, mən öküz deyiləm və buynuz mənə yaraşmaz. Ancaq mən hətta öküz olsaydım belə, iki buynuz bəsim idi”.

Qarayevlərin Londonda evləri və biznesləri olduğu yeni söhbət deyil. Bu günlərdə Əbülfəs müəllim 69 yaşını Bakıda təmtəraqlı şəkildə qeyd etdiyi barədə məlumatları “bir həftədir Londondayam, bura mühazirə deməyə gəlmişəm” deyərək təkzib etmişdi. Londonu ona görə yada salıram ki, Məhsəti Gəncəvinin həyatı barədə məlumatların əsasən Londonda saxlanan XIII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürüldüyü deyilir. Yəni bu şairənin həyat tərzi haqda dəqiq bilgi yoxdur, yalnız ehtimallardır.
“Vikipediya” əlbəttə ki, etibarlı mənbə hesab oluna bilməz. Üstəlik, əgər adam haqda ancaq rəvayətlərə əsaslanan iddialar varsa... Amma bu o da demək deyil ki, əlində olan azsaylı bilgiləri “müasir yanaşma”, “qadın azadlığı” deyərək istədiyin kimi təqdim edəsən. Gərək, heç vaxt “Bura Azərbaycan” deyəndə onun “altındakı” gerçəklikləri unutmayasan...




