Свобода людям, независимость нациям!

Qarabağlının hıçqırtısı, erməninin kinosu, bizim kino adamlarının "kino çıxartması"

2154 24.06.2022 09:15 Колумнисты A A

“Ay İsmayıl! İsmayıl, mən gəlmişəm, ay İsmayıl! İsmayıl, bir çölə çıx, ay İsmayıl!

Ay Firəngiz xala! Firəngiz xala, İsmayıl evdədi?

Niyə cavab vermirsiz?

Ay Ziyəddin!

Ziyəddin, gəlmişik, ay Ziyəddin!

Kim var evdə?!

Ay Ziyəddin, niyə cavab vermirsiz adama?

Ayə, hardasız?

Ayə, niyə dinmirsiz?

Niyə səsiniz gəlmir?

Hanı bu boyda evlərin sahibləri?

Hanı bu millət, bu camaat?

Ay Zimistan! Ayə, sən niyə cavab vermirsən bəs?

Bu millət hara getdi görən?

Ay Allah, hanı bu insanlar?!”

Və...Bütün bu fəryadı müşayiət edən hıçqırtı, hönkürtü...

Sosial şəbəkədən bixəbərlər bunu oxuyub zənn edər ki, yəqin hansısa tamaşa, ya filmdən epizoddur. Amma əslində təbii filmdir, Azərbaycanın, azərbaycanlının bir neçə dəqiqəyə sığan dəhşətli taleyinin təcəssümüdür. Bəlkə də dünyanın müharibə mövzulu qısametrajlı filmlərinin ən möhtəşəm nümunələrindən olmağa layiq kadrlardır. O fəryad kimə məxsusdur, videoçəkiliş haradadır doğru-dürüst bilmirəm, azı 29 ildən sonra özünün darmadağın edilmiş kəndinə, ev-eşiyinə qovuşmuş bir insanın hayqırtısıdır. (Yazı dərc olunandan sonra feysbuk istifadəçisi Vasif Qurbanov yazdı ki, çəkiliş Kəlbəcərin Yuxarı Qılınclı kəndində aparılıb. Girişdə bəhs etdiyimiz dəhşətli xitabın müəllifi də o, özü imiş-E.P.) İçin-için ağlayır, haraylayır, səsinə kimsə səs vermir, çünki 30 ilə yaxın davam edən işğal dönəmində adlarını çəkdiyi və çəkmədiyi çoxsaylı insanlar yurd niskili ilə dünyadan köçüblər. Vətən həsrətilə…Hətta sonuncu vəsiyyətlərinə də əməl etmək mümkün olmayıb, Qarabağda dəfn olunmaq arzuları gözlərində qalıb, gözlərini əbədiyyətə yumublar.

  Agdam_1.jpg (7.68 MB)

Bəlkə də heç bir bəzək-düzəyə, qrimə-filana ehtiyac duymadan bu kadrları tərcümə edib, beynəlxalq festivallara təqdim etsək, yüksək ödüllərə layiq bilinər. Nə bilmək olar? Düzdür, Azərbaycana münasibətdən xəbərsiz deyilik, eləcə də bizim dərdimizə, fəlakətlərimizə biganə münasibətdən. Amma daşdan ha deyillər, onların da ürəyi var, film dili bəlkə təsir etdi. Axı, həm də bu kadrlarda erməninin adı belə çəkilmir, bəlkə “anonim”liyin faydası oldu. Onsuz da filmə baxanlar maraqlanacaq nə baş verdiyi haqda…

Bax, sənətkar istərəm elə bu kadrları qoya qarşısına, bir hovur hönkür-hönkür ağlayandan sonra götürə qələm-kağız, başlaya. Azərbaycan ordusunun azad etdiyi yurd yerlərinin özləri də şəhiddir, qazidir, veterandır. Onlar ordumuzun olmadığı, yaxud da uzaqda olduğu dönəmlərdə darmadağın ediliblər, girovluqda, əsirlikdə…Heç olmasa azad edildikdən sonra onların səsini-fəryadını, gününü, güzəranını bütün dünyaya yaymaq lazımdır. Həm də gələcək nəsillərimizə. Unutmamaq üçün, dərs olması naminə həm də.

Ermənistan öz istəyi ilə Dağlıq Qarabağ və ətraf rayonları tərk etməyəcək”  - SİYASİ ŞƏRHÇİ - Günün Səsi

 

30 illik işğal dönəmində dünya çaplı filmlər ərsəyə gətirə bilmədik. Dedik məğlubiyyət sindromu yaşayırıq. Zəfər qazandıq 44 günlük Vətən savaşından sonra! İndi də bir çoxları deyir ki, yaxşı əsərlərin yazılması, filmlərin çəkilməsi üçün gərək illər keçsin.

Bu, erməni köpəyoğlu necə olur ki, 6 ölkə ilə birlikdə “Axırıncı sakin” adlı film çəkir, Azərbaycanın “hücum”u haqda mif uydurur, tək qalan qızın guya “əsir düşmüş” atasını gözləməsindən bəhs edir, dünyada özünün “yazıq” obrazını yaradır, ardınca o filmi Kannda keçirilən “Aralıq dənizi” festivalına təqdim edir…Amma biz 4 minə yaxın əsir, itkin və girov götürülmüşlərimizin bircəciyinin taleyindən film çəkib dünyaya haray çəkmirik?

Deyilə bilər ki, ermənilərin “Qarabağ”la bağlı çəkdiyi, “Kann film festifalı”nda “ən yaxşı” 56 filmdən biri seçilən “Əgər külək əsərsə” filminin büdcəsi 12 milyon dollar idi. Bizim “Dolu”nun büdcəsindən 12 dəfə çox…Doğru. Maliyyə önəmlidir, özü də çox. Amma hər şey demək deyil axı…

Necə olur ki, ermənilər həmin filmin rejissorunu - Nora Martirosyanı Fransadan tapıb gətirirlər, saxta səslərinə səs vermək üçün, amma biz…

2016-cı ilin aprelində cəmi 4 günlük müharibə oldu. Ermənilər “Cənnətin qapıları” filmi ilə Moskva kinofestivalınadək gedib çıxdılar, rusiyalı aktyor heyətini də cəlb etməklə. Yaxud 2020-ci ildə Berlin Beynəlxalq Film Festivalının "Forum" proqramında “Qara Bax Artsax” filmi də var idi. ABŞ-da yaşayan erməni milyarder Kİrk Krekoryan isə Hollivudda saxta “erməni soyqırımı" mövzusunda çəkilən “Vədə” filminin çəkilişi üçün 100 milyon dollar ayırmışdı və türkə nifrət üstə köklənmiş bu film də “Oskar”a namizədlərdən oldu.

Ermənilər təkcə saxtakarlığı tirajlamaqla işlərini bitmiş saymırlar. Həm də Azərbaycanın addımlarını diqqətlə izləyirlər. Məsələn, bir müddət öncə Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribata əl atdılar. Açığı, həmin filmlə yaxından tanışlığım yoxdur, kaş ki, arzuladığımız film ola…

Amma olsa belə “bir güllə bahar olmaz” misalı. Ermənilər əcnəbiləri də öz saxtakarlıqlarına cəlb etməyi bacarırlar. Necə ki, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri, filmini britaniyalı rejissoru, Emil Hessenin “Artsax müharibəsi’’ndən bəhs edən ”45 gün: Millət uğrunda mübarizə” adlı, 2021-ci ilin istehsallı sənədli filmi “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatına namizəd olmuşdu.

İyunun 25-27-də isə Xankəndidəki “Vallex Garden kompleksinin kino zalı”nda rejissor Aram Şahbazyanın “Moskviç, məhəbbətim”, “Çnçik” və “Ayı yeyən yeni doğulmuş” filmlərinin premyerası keçiriləcək. Şahbazyan bildirib ki, “Moskviç, mənim sevgim” filmi Ermənistan-Rusiya birgə istehsalıdır. “1996-cı il lentə alınıb, miqrantların pasportlarının olmadığı dövr, onlar kifayət qədər qeyri-müəyyən vəziyyətdə yaşayırdılar. Mövzu Martakert şəhərində yaşayan, Azərbaycanın erməni kəndindən köçmüş miqrant üzərində qurulmuşdu. Bu adamın gündəlikləri var idi, onlardan birini götürdük və beləcə film yarandı”, - deyə A.Şahbazyan bildirib. Görürsünüz, yenə də Rusiya ilə birgə istehsal, yenə də “erməni faciəsi” və “Mən tez-tez Artsaxa gedirəm, Artsax məndən ayrılmazdır. Burada Artsaxda birinci və 44 günlük müharibəni gördüm, təbii ki, beynimdə çoxlu mövzular var və onlardan birini film şəklində təqdim etməyə ümid edirəm”, - rejissor daha sonra deyib. Yəni hələ davamı gəlir...

Həbsxanadan keçən ömür yolu - Rasim Balayevin HƏYAT HEKAYƏSİ

 

İndi qayıdaq bizə...Təqribən bir ay əvvəl Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçildi. Ondan sonra tufan qopdu. 2012-ci ildə, mərhum Rüstəm İbrahimbəyovun sədrlik etdiyi təşkilata alternativ yaradılan Kinematoqrafçılar İttifaqının rəhbərliyi hesab edir ki, “əsl ittifaq” odur. Qarşı tərəf də deyir mən niyə güzəştə getməliyəm? Təsəvvür edin, adında “ittifaq” olan iki qurum birləşə, faydalı işlə məşğul ola bilmir. Bu gün Azərbaycan və Ermənistan arasında kommunikasiyaların qurulmasından bəhs edirik, amma iki dəyərli sənətkarımız Rasim Balayevlə Şəfiqə Məmmədovanı bir masa arxasında əyləşib kinonu necə reanimasiyadan çıxardaq mövzusunda müzakirə aparan görmürük. Acınacaqlı deyilmi? Rasim müəllim addım atmağa hazır görünür.

Sitat: “İstəyirəm ki, bundan sonra da birlikdə olaq, təkliflər edək, kinomuz üçün kollektiv şəkildə yararlı olaq”. Qarşı tərəf nə deyir? Cavab yoxdur hələ ki...

 

Bu mövzuda ixtiyar yaşlı insanların bir-birini “yaş yuyub, quru sərməsi” ağrılıdır. R.Balayevin “O Əbdül sənətə və insanlığa ləkədir. Onun nə sənətdə, nə də ki, insanlıqda izi yoxdur” sözlərinə Şeyx Əbdüldən ““Qaçaq Nəbi” filmini mən çəkmişəm və ona görə Rasim Balayev dövlət mükafatı alıb, gözündən gəlsin” cavabını eşitmək adamı pəjmürd edir.

Rüstəm İbrahimbəyov məlum siyasi proseslərə qatılanda, hətta bircə dəfə də olsun bir masa arxasında əyləşib birgə çay içmədiyi müxalifətin prezidentin namizədi olanda yazmışdım və özünə də şəxsən demişdim ki, mən sizi Azərbaycan kinosunun şöhrətini dünyaya yayan sənətkar olaraq görmək istəyirəm, çünki siz ölkəmizin vitrinində olan tək-tük sənət adamlarındansınız. Dünyasını dəyişdi və son mənzili Vətən torpağı oldu. Bundan sonra bir çoxları onun böyüklüyündən bəhs etməyə başladılar, vaxtilə ona qarşı amansız olanlar belə. İndi də ağsaqqal, ağbirçək statusunda olan sənət adamlarımızın kinomuzu dirçəltmək əvəzinə, bir-birini öldürməyə və həm də kinomuzun kliniki ölüm keçirməsinə göz yummaları, düşməni sevindirməyə yönəlik fəaliyyəti gənc nəslə, yaxud ümumilikdə məmləkətə nə qazandıracaq?

Bizlər sizlərin filmlərinizlə böyüdük, dəyərli sənətkarlarımız. Bu fani dünyanı boş, mənasız qovğalara xərcləməyin faydasız olduğunu daha yaxşı bilirsiniz, bizim deməyimiz artıqdır. Lütfən, dayandırın bu mənasız, cansıxıcı davanı! Ya birgə, ya ayrılıqda dövlətə və millətə faydalı işlə məşğul olun, dövlətin ayırdığı vəsaitlər havaya sovrulmasın. Heç olmasa o ağdamlı kişinin hıçqırtısından bir kino ərsəyə gətirin, hazır ssenariniz yoxdursa...Biz sizdən kino istəyirik, sizin öz aranızda dava açmağınızı, "kino çıxartmağınızı" arzulamırıq!

 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости