Свобода людям, независимость нациям!

"Qarabağ"ın bu axşamkı oyununa dair səhih proqnoz - "Üçündən biri olacaq"

3126 13.10.2022 13:08 Колумнисты A A

 

Siyasətə və dünyada gedən müharibələrə (bir deyil, iki deyil) dair söhbətlər oxucuları, türkün sözü, bıktırdığı üçün, deyirəm, bu gün bir az da futboldan bəhs edək, bir əz əyləncəli olsun.

Bildiyiniz kimi, bu axşam dünya azərbaycanlılarının iki bərkgedən futbol klubundan biri (o biri “Traktor”dur) olan “Qarabağ” yunanların “Olimpiakos” klubu ilə oynayacaq.

Dəqiq nəticə necə olacaq, bilmirəm, amma bəzi politoloqlar şərhvermə dəstiri ilə desək, üçündən biri olacaq: ya komandamız udacaq, ya oyun heç-heçə bitəcək, ya da uduzacağıq (erudisiyaya, fəhmə, öncəgörməyə diqqət edin).

Bir həftə əvvəl Afinada yunanları 3:0 hesabıyla udduğumuza görə güman var ki, komandamız yenə udacaq. Ən azı yaxşı oynayacaq. Amma bu futboldur, bəzən yaxşı oynayanda da uduzursan. Məsələn, elə olur ki, “Barsa” rəqibinin qapısı qarşısında 15 qol vəziyyəti yaradır, amma topu qapıdan keçirə bilmir, rəqibi isə cəmi bir dəfə hücuma keçir, qapı çərçivəsinə bir zərbə vurur, o da qol olur və oyunu udur.

Ona görə də hələ yekə-yekə danışmaq, “meydanda fırtına qoparacağıq, aslanlar kimi savaşacağıq” deyə pafos püskürmək olmaz. Qurban hoca bu işləri bilir, ona görə də heç vaxt oyundan öncə elə söz demir ki, kimsə oyundan sonrakı brifinqdə ona “bəs deyirdin ki” ilə başlayan cümlə qurub sual versin. Adam futbol dünyasının əfəndisidir – həmişə təmkinli, həmişə sayğılı, həmişə soyuqqanlı.

Amma bildiyimiz kimi, yunan azarkeşlər özlərini birinci oyunda pis aparmışdılar, bizim azsaylı azarkeş qrupuna hücum etmişdilər. Futbolda belə şeylər də çox olur, ürəyə salmaq olmaz. Ona qalsa, bir neçə dəfə stadionda olanda görmüşəm, bizimkilər də rəqib qapımıza qol vuranda sevinən gəlmə azarkeşləri söyüb-batırırdılar. Əllərində əlac olsa, onların oturduğu sektora cumub qanqaraçılıq da salardılar.

Bu baxımdan yunan azarkeşləri burada söyməyə elə bir ehtiyac yoxdur, lazım olsa, Şeydayev meydanda olacaq, daha bir qol vurar, onların oturduğu sektora tərəfə qaçar və əl-qol jestləri ilə təxminən bu fikirləri ifadə edər: “Nə oldu, énas anemistíras?” (Heç kəs yanlış anlamasın, bu, yunanca “azarkeş” deməkdir, ana-bacı söhbəti deyil).

İndi bəzi azarkeş dostlar deyirlər, “Olmpiakos”da oynayan oyunçuların, məsələn, “Real”ın keçmiş müdafiəçisi Marselonun qiyməti “Qarabağ”ın oyunçularının hamısının toplam qiymətindən artıqdır. Elədir. Amma bu şərtdirmi?

Bu, o deməkdir ki, Marselonun qiyməti həddindən 10 dəfə şişirdilib, məsələn, Qara Qarayevin qiyməti isə lazım olduğundan 10 dəfə az formalaşıb. Keçən dəfə gördük, Marselonun dizi iki dəfə yerə gəldi. Görünür, yaş öz sözünü deyir.

Bu saat dünyada 18-20 yaşlı elə bacarıqlı, enerjili futbolçular var ki, qiymətləri heç 1 milyon avro deyil, amma 50-100 milyonluq oyunçulardan yaxşı oynayırlar.

Ona görə də “Təkcə “Barselona”nın (“Bavariya”nın, “Mançester siti”nin və s.) bir oyunçusunu satıb, “Qarabağ” klubunu diricə almaq olar” kimi geniş yayılmış gəlişigözəl və aşağılayıcı fikirlərin əsası yoxdur. Bu, ciddi söhbət deyil. O vaxt “Atletiko”da da 50-100 milyonluq oyunçular vardı, amma “Qarabağ”a bata bilmədilər, Bakıda qolsuz, Madriddə qollu heç-heçəyə razılaşdılar. Az qala komandanın baş məşqçisi Dieqo Simoneni işdən çıxaracaqdılar. Yazıq 3-4 il bu mövzuda özələndi. Həmin il “Atletiko” “Qarabağ”dan başqa önünə çıxan bütün komandaları udub Avroliqa çempionu oldu, amma Simone o heç-heçələri sonrakı illərdə də həzm edə bilmədi.

Yəni məsələ futbolçunun qiymətində deyil, ustalığında, əzmində, qeyrətindədir. Əgər bir futbolçu yaxşı məşqçi əlinə düşsə və qazandığı nailiyyətlərlə kifayətlənməyərək, daima daha yaxşı olmaq üçün öz üzərində çalışsa, o, mütləq bir yerlərə çıxacaq.

Qayıdaq axşamkı oyuna. “Qarabağ”ın indiki heyəti klubun təvəllüdündən bəri olub-keçən ən yaxşı heyətdir, ona görə də uğur qazana-qazana gedir. Məndən olsa, bu klub ÇL-də oynayardı. Bəzi dostlar deyir ki, yox, yaxşı ki, ÇL qrupuna düşmədik, yoxsa hər oyunda azı 4-5 qol buraxan “Viktoriya”nın gününə düşərdik. Əminəm ki, elə olmazdı. “Qarabağ” ən azı bir komandanı “Atletiko”nun gününə salardı.

Bu axşam ümummili komandamız “Olimpiakos”a yenə qalib gəlsə, demək, mən deyəndir. Çünki yunan klubu ötən illərdə dünya devləri ilə çox oynayıb və bir xeylisini peşman yola salıb.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости