Свобода людям, независимость нациям!

''Qarabağ Azərbaycandır!'' şüarının və əməlinin müəllifinə...

7933 24.12.2020 14:20 Колумнисты A A

O, bütün millətin ən ümdə arzularını, nəsillərin xəyallarını, narahat ruhların nisgillərini gerçəkləşdirdi.

Qarabağı Azərbaycana, milliətimizin qürurunu, ruhunu özünə qaytardı.

Kim deyir ki, təkbaşına, hər şeyi yalnız o etdi.

O, öncə ən böyük işi bacardı - Azərbaycan xalqını birləşdirdi.

...Xalqın böyük bir qismini öz ətrafında, yerdə qalanları (müxalifət, etiraz elektoratı) isə Ordunun və Qarabağ ideyasının ətrafında topladı.

Xalqdan ordu yaradan lider hər zaman müzəffər olur!

Ordumuzun yenidən qurulmasına, gücləndirilməsinə, müasir texnika ilə təchiz olunmasına illərini və ölkəsinin milyardlarını xərclədi.

Türkiyəni, Pakistanı, ...İsraili arxasına aldı, Rusiya və İranı, həm də Gürcüstanı önəmli müttəfiqinə çevirdi.

Ermənistan regionda faktiki olaraq, tək qaldı...

Savaş dövründə sakit qalan Pentaqonu unutmayaq...

İngiltərəni unutmayaq...

Koronavirusu da unutmayaq!

Prezident Əliyev dünyanı sarıb-sarmış pandemiyanı da Azərbaycana müttəfiq yapdı...

...Bunları necə etdi, bu boyda gücü, fərqli qüvvələri necə neytrallaşdırdı, ya da dosta, açıq-gizli müttəfiqə necə çevirdi...

Gözəl bir müəmma!

Bu sirri biləmməyəcəyik...

Müharibə günlərində, həm döyüş meydanında əmrlər verdi, tarixi məsuliyyətlər daşıyan qərar və sərəncamlara imza atdı...

Həm də informasiya sahəsində döyüşdü...

Belə bir döyüş olmamışdı...

Ölkəsini də, apardığı haqq müharibəsini də, şəxsiyyət kimi özünü də dünya çapında böyütdükcə böyütdü!

12 ölkənin 30-a yaxın və dünya miqyaslı ən yaxşı moderatorları...

Dünya jurnalistikasının ''Sümükqıran itlər''i...

Yoo, kimsəni təhqir etmirik, bu ifadənin məşhur ''İtiqovan''la da əlaqəsi yoxdu.

Bilənlər bilir, Qərbdə jurnalistlərə ''Keşikçi itlər'' deyirlər.

...2007-ci ildə, ''Vaşinqton Post'' qəzetində olanda nəşrin redaktoru bunu özünə münasibətdə də qürurla demişdi...

Gülmüşdük, təəccüblənmişdik...

''Bizdəmi it olduq'', deyə, Bakıdan gedən jurnalistlər öz aramızda zarafatlaşmışdıq.

...Onlar müharibə dövründə Azərbaycanın üstünə, onun liderinin timsalında, məhz öz ''itlərini'' yollamışdılar...

Nəticəni və o böyük ''master klass''ları bilirsiniz...

Onun son illərdə atdığı bütün addımlar sanki bir layihənin ardıcıl sxemləri idi - Vətən müharibəsi layihəsinin!

2009-cu ildən Qarabağı azad etmək üçün Vətən müharibəsi modelində hazırlıqlar apardığı, planın bəzi təfərrüatları tam təsadüfən, mənə bəlli olmuşdu.

Lakin dərinə enəndə, hətta Ermənistanın keçmiş və mənfur lideri Robert Köçəryanın xatirələrini oxuyanda anlayırsan - bu ideya, bu ideal onda daha əvvəllərdən, hələ prezident olmadığı zamanlardan varmış...

Siyasəti ardıcıl izləyənlər nə demək istədiyimi anlayacaq...

İzləməyənlər üçün deyim ki, Qarabağ hədəfi İlham Əliyev üçün hər bir azərbaycanlı kimi, əsas hədəf, əsas arzu, əsas xəyal olub!

Hədəf bəlli, Lider bəlli!

Bu şüar məhz 2020-ci ilin Azərbaycanına və İlham Əliyevə aiddi!

Azərbaycan xalqını dünyada ''Qalib xalq'' etdi.

200 illik bir döngünü (tarixin spiralvari inkişafını) dəyişdirdi: ən maraqlısı da budur ki, yalnız Azərbaycan, yalnız bizim xalq üçün yox!

Həm də və ən əsası, Ermənistan üçün, dünya ermənizmi üçün tarixin axışını dəyişdirdi!

İnsanlıq və Azərbaycan adına, İslam və Türklük adına dünya erməniliyinin, ondan daha böyük güclərin Qafqaz hədəfini, ikinci erməni dövləti xülya və planlarını suya düşürdü!

Bəlanı, faşizmi durdurdu!

Bu prosesin nəticəsində yeni erməni terroru baş qaldıra bilər; amma və lakin ikinci erməni dövləti ideyası cəhənnəmə getdi, gorbagor oldu!

...Onun liderliyində bir xalq olaraq, 44 gün ərzində nə etdiyimizi tamamilə anlamamız indi çətindir.

Lakin mütləq və mütləq, qarşıdakı illərdə miqyası və prosesin tarixiliyini ellikcə, millət olaraq anlayacaq və qəbullanacağıq.

İctimaiyyətdə, hətta hamımızda eyforiya var, olmalıdır, olsa yaxşıdır!

Bu qədər ciddi nəticə aldıq, Qarabağı da içində, varsın olsun eyforiya!

Lakin hər zaman olduğu kimi, bir plan da var!

Onun hər zaman bir planı var!

Sadəcə, zamanlamasını gözlər.

İlham Əliyevin ''zamanlama'' adlı seçiminin özü də bir ''master klass''dır.

Qarabağın azadlığı uğrunda Vətən müharibəsi üçün seçdiyi zaman kimi, zamanlama kimi...

Ordunu gücləndirdi...

Ciddi kadr islahatları apardı...

Qonşuları müttəfiqə çevirdi...

Dostları, Qardaşları və Xalqını səfərbər etdi...

Turanla İslamı ordu kimi, Qarabağ üçün birləşdirdi...

Qarabağda həm də slavyan-türk dualizminin ilk təməlləri atıllır, bərabər çalışma mümkünlüyü yoxlanır...

Sanki Avrasiyanın gələcəyi burada şəkillənir...

Ən yeni tariximiz yazılır...

Onun liderliyində...

Bu gün Onun doğum günü...

Qutlu olsun, Cümhur Başqanı!

Çox yaşayın, çox lazımsınız!

Ən gözəl hədiyyəniz zatən var: Qarabağ Sizindir, Qarabağ Azərbaycandır!

Ali Baş Komandan Azərbaycandır!

 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости