Свобода людям, независимость нациям!

Qapını bağlayıb siçanı tutmaq

1994 30.09.2022 09:10 Колумнисты A A

Şimal qonşumuz bütün dünyanın gözü qabağında biabır olmaqda davam edir, deyəsən bu prosesin qarşısını almaq heç cür mümkün olmayacaqdır. Orda kişiləri zorla tutub orduya basmaq, qırğına vermək istəyirlər, nəticədə camaat qaçır. Hara gəldi qaçırlar. Qazaxıstan, Gürcüstan, Finlandiya sərhədlərində uzun növbələr, basabas müşahidə edilir. Ruslar Putinin mənasız əmriylə ölməkdənsə Monqolustan çöllərində, Arktika buzlaqlarında gizlənməyə belə razıdır.

Dünyanın altıda biri qədər ərazi tutmuş Rusiya imperiyasının gözü doymurdu, daha yeni ərazilər tutmaq istəyirdi, bəlkə də indi ora-bura dağılışan fərari ruslar gələcəkdə həmin o sığındıqları ərazilərin yeni “lnr”, “dnr”lərinin əsasını qoyurlar. Bu baxımdan, bəzi dövlətlər rus fərariləri ərazisinə buraxmaq istəmir, viza qaydalarına yenidən baxmaq fikrindədir. Bizim müxalifət isə etiraz aksiyası keçirmək istəyir, deyir iqtidar sərhədi açsın. Nə qədər yersiz aksiyadır... Sanki şimaldan minlərlə dezertir Bakıya gəlsə hamısı müxalifətə qoşulacaq, Milli Şura nəhayət hakimiyyətə gələcəkdir. Mənim Azərbaycan iqtidarından qətiyyən xoşum gəlmir, ancaq bu dəqiqə Rusiya ilə quru sərhədini bağlı saxlamaq ən düzgün qərardır. Bəlkə də 30 ildə bu iqtidarın bundan düzgün qərarı olmamışdır.

İddia edilir ki, Rusiyadakı soydaşlarımız üçün qapını açmalıyıq. Ancaq sərhədi necə biri üçün açıb, başqası üçün bağlayacaqlar? Bunu tənzimləmək çox çətin, hətta imkansızdır.

Ümumiyyətlə, qonum-qonşularımızın görkəminə, davranışına baxanda fikirləşirsən ki, elə hamısı ilə sərhədi bağlamaq daha yaxşı hərəkətdir, biz bunu tənqid edərkən uzaqgörən olmamışıq. Özünüz baxın: şimalda kişiləri öldürən rejim başdadır, cənubda qadınları. Lap o populyar ata sözündəki vəziyyətdir - aşağı tüpürürsən saqqal(lı molla)dır, yuxarı tüpürürsən bığ(sız Putin). Qalmışıq udquna-udquna. Paşinyanın da üzünə ta nə qədər tüpürmək olar, əyləncəsi azalıbdır. Deyir mənə xəritə verin, coğrafiyanı öyrənim. Bizim ordu Ermənistanın qlobusunu hazırlayır, topa qoyub atacağıq, öyrənsin.

Ancaq vətəndaşlarımız tam işsiz də deyil, siçan tuturuq. Sözün əsl mənasında. Bakıda Fəvvarələr bağında bir nəfər siçan paltarı geyinib uşaqları əyləndirir, pul yığırmış, polis bunu tələyə salıb, aparıb idarədə pişiklərə yedizdirib. Zarafat edirəm, salamatçılıqdır, yalnız siçan dövlətimizin qanun-qaydalarına tabe olmadığı üçün 200 manat cərimə edilmişdir.

Yeri gəlmişkən, hörmətli oxuculara məlumat verim ki, hazırkı pişiklər siçan yeməyi o qədər də xoşlamırlar. Mənim bir avara pişiyim var, qabaqlar hər həftə hardansa siçan tuturdu, gətirib qapıya buraxırdı, bəzən də salamat şəkildə! Nəinki yeyirdi, heç qıyıb öldürmürdü. Bunun sayəsində az qalmışdı evi siçan bassın. Sonra əhvalatın əsrarını öyrəndim, elmi şəkildə araşdırdım və məlum oldu ki, pişik ona yemək verdiyim üçün mənə minnətdarlığını bu üsulla çatdırırmış, siçanları tutub gətirirmiş mən yeyim. Mən də israrla siçanları yemirdim, hətta buna görə pişik incimişdi, təzə-təzə münasibətlərimiz düzəlibdir. Söhbət elədim, başa düşdü.

Qayıdaq Fəvvarələrdəki siçanın əhvalatına. Mən bu hərəkətdə də dövlətçiliyimizin yanındayam. Doğru ediblər onu cərimə ediblər. İlin-günün bu vaxtında sən əgər vətənpərvər insansansa (əcaib söz alındı), pis məqsədin yoxdursa, niyə məhz siçan paltarı geyinib paytaxtın mərkəzinə, şəhərimizin qonaqlarının çox olduğu yerə çıxırsan? Sanki istəyir qonaqlarımız gedib xaricdə belə propaqanda aparsın: “He-he, Azərbaycanda hökumətin əlindən camaat siçana dönübdür”. Bu isə tamamilə böhtandır, şərdir, dəyirman, qara və sairə - komplekti özünüz məndən yaxşı bilirsiniz, ta niyə yazım...

Əsl azərbaycanlı bu saat yalnız aslan paltarı geyinib şəhərə çıxmalıdır. Minimum pələng, bozqurd və yaquar. Patriot qadınlarımız bəbir paltarı geyməlidir, bu həm də qəşəng görünür. Yoxsa siçan... Utanmazın birisi. Sənə o cərimə azdır, mən polisin yerinə olsam ona şöbədə siçan dərmanı verərdim.

Yazını klassik ədəbiyyatımızdan bir misra ilə bitirirəm:

“Bu siçan, seri siçan,

Basıbdır hər yeri siçan".

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости