Свобода людям, независимость нациям!

Qapıçının nənəsi haçan ölüb?

1717 26.02.2023 21:26 Колумнисты A A

Yaxud özümüzü yerlərdə idarə edə bilməyəndə

Türkiyədə zəlzələdən sonra bəzi bələdiyyə sədrlərini də tutub dama saldılar. Bu bizim yazıq bələdiyyə sistemini yadımıza saldı, çünki bələdiyyə sözünü eşidəndə adamın ağlına nə gəlir? İlk növbədə, torpaq alveri. O da əsasən qabaqlar idi. Satılmalı nə torpaq vardısa, köhnə bələdiyyə sədrləri - juliklər, dələduzlar, lotular, quldurlar arasından xüsusi seçilmiş (hökumət tərəfindən, yoxsa bizdə bu işin seçkisi heç vaxt olmamışdır) şəxslər satıb sovublar. Bələdiyyə topraq fondu indi bizdə suyu qurumuş dəyirman kimi bir zaddır.

İkinci olaraq bələdiyyə deyəndə azərbaycanlılar cinayət işi düşünürlər. Çünki axır vaxtlar hökumət tutmağa adam tapmayanda adətən bələdiyyə sədri tutur. Bir növ, dahi klassikin əsərində hər dəfə at xəstələnəndə həkimin imalə olunması əhvalatı kimi şeydir, uzun söhbətdir, bilənlər bilməyənlərə danışsın.

Sözgəlişi, mənim folklorumuzu çox dərindən bilən kəşfiyyatçı dostum İlham Ağalarov Molla Nəsrəddindən bir lətifə danışıb, istəyirəm burda yazım. Deyir bir gün Molla kiməsə qonaq gedir, baxır evin çoxlu pəncərəsi vardır. Molla ev yiyəsinə deyir ki, sizin ev qışda çox isti olmalıdır. Ev yiyəsi soruşur, bu hardan ağlına gəldi, Molla deyir: “Bizim evdə cəmi bir pəncərə var, qışda onu bərk-bərk bağlayırıq, ev isti olur. Sizdə pəncərə çoxdur, gör hamısını bağlayanda ev nə qədər qızacaqdır!”

Həqiqətən, möhtəşəm fikirdir və düşünürəm ki, hökumətimiz də bələdiyyə sədri tutanda bunun qışda istiliyə təsiri olacağını düşünür. Yadıma gəlir, bir-iki il qabaq statistika açıqlamışdılar, hardasa 40-a yaxın bələdiyyə sədrinə cinayət işi açılmışdı.

Bəzi bələdiyyə sədrlərinə isə cinayət işi açılmasına çatmaq qismət olmur. Məsələn, Biləcərinin bir sədri vardı, kimin evdə arvadla sözü çəpləşsə, yolda üstünə it cumsa, nə bilim, Paşinyanın danışığı xoşuna gəlməsə gedib həmin sədri tutub döyürdü. Fağır sədr döyülməkdən boks armuduna oxşayırdı, hətta bir ara yerli idman cəmiyyəti bunu salona qoymaq istəyirdi, ancaq əlaqədar orqanlar vəziyyəti nəzarətə götürdülər, kişini işdən qovdular, təzə sədr qoydular.

Uzun sözün qısası, bizim yerli özünü idarəetmə fəlsəfəsi tam iflasa uğramışdır. Hökumət sanki işarə vurur ki, ey millət, sən özünü yerlərdə idarə edə bilmirsən, sənə respublikada hansısa seçkili orqanlarda vəzifə tutmağı necə həvalə etmək olar?

Bunun növbəti təsdiqini dünən qəzetdə oxudum. Ədliyyə Nazirliyində bələdiyyə işinə baxan Vilayət müəllim var. (Düşünürəm ki, vilayətlərdə yerli idarəçiliyə nəzarəti məhz ona tapşırmaq hökumətimizin uzaqgörən siyasətinin nəticəsidir). Bax, jurnalist ondan soruşur ki, nə üçün Bakıda və başqa şəhərlərimizdə böyük şəhər bələdiyyəsi yoxdur. Vilayət müəllim bunun səbəbini belə izah edir: “Azərbaycan əraziləri işğal edilmişdi, 1 milyon qaçqın-köçkün vardı, ona görə Bakıda böyük şəhər bələdiyyəsi yaradıla bilməzdi”.

Soruşa bilərsiniz ki, köçkünlərin Bakıya mer seçkisinin vacibliyinə nə dəxli var. Ancaq soruşa bilməzsiniz. Çünki müharibə şəraitində hər şeyi soruşmaq olmaz.

Ümumiyyətlə, bu cür səbəb-nəticə əlaqələrini Yaroslav Qaşek “Şveykin macəraları” əsərində hələ yüz il qabaq yazıb qoyub, getmişdir. Buyurun: “Dördqatlı ev var, onun hər qatında səkkiz pəncərə, damında iki kiçik pəncərə və iki tüstü bacası, hər qatda iki kirayəçi var. İndi mənə deyin görüm, qapıçının nənəsi neçənci ildə ölmüşdür?”

Bunun cavabını tapsanız, bələdiyyə seçkisi də keçiriləcək.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости