Свобода людям, независимость нациям!

Qalmaqallı qətlin bitməyən söhbəti – Ömürlük həbs cəzasının səsi Avropadan gəldi

3789 08.06.2024 11:05 Аналитика A A

 

2003-cü ildə baş verən o hadisə ölkədə ciddi ajiotaj doğurmuşdu. Bir gənc qətlə yetirilmişdi və o, ölkədə yaxşı tanınan bir məmurun – Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun oğluydu.

Bu, adi bir kriminal hadisə olsa da, bəlli səbəblərdən ona siyasi don geydirildi. Həm də bunu təkcə siyasi hakimiyyətə qarşı mübarizə aparan müxalifətçilər etmədi, zərərçəkən tərəfin özü də məsələni siyasiləşdirdi.

Güman ki, məqsəd qətldə ittiham olunanların cəzasını ağırlaşdırmaq idi. Yoxsa qətldə təqsirləndirilən iki şəxsdən biri olan Vüqar Əliyevə Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsi ilə ittiham verilməzdi. Həmin maddədə zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə cinayəti nəzərdə tutulub.

Belə çıxırdı ki, Ruslan Aslanovu atasının xidməti vəzifəsi ilə bağlı öldürüblər. Əslində isə bu, tamamilə absurd ittiham idi və sonradan məhkəmədə açıqlanan ifadələrdə də ortaya çıxdı ki, gəncin qətli sırf namus üstündə, qısqanclıq motivi ilə başlayıb.

Ancaq gənc oğlu qətlə yetirilmiş İH başçısı qulluq mövqeyindən, əlaqələrindən, imkanlarından istifadə edərək qətli törədən qızdan və onun nişanlısı Vüqardan qanunvericilikdən nəzərdə tutulan maksimum cəza ilə qisas almaq niyyətinə düşmüşdü və o, buna nail oldu.

Yalnız bir fərq oldu ki, qətli törədən və bunu danmayan 15 yaşlı Lamiyə Quliyeva adlı qıza yaşından da 5 ay artıq (15,5 il) cəza kəsildi, onun nişanlısına, qətldə yardımçı kimi iştirak edən Vüqara isə ömürlük həbs cəzası verildi. Əgər o zaman güllələnmə cəzası müvafiq qanunvericilikdə olsaydı, birmənalı şəkildə Aslan Aslanov Lamiyə-Vüqar cütlüyündən ən azı birini güllələtdirəcəkdi. Vüqara CM-nin 7 maddəsi ilə ittiham verilməsinin səbəbi məhz bu əndazəsini aşmış qisas hissi idi.

O vaxtlar vəkillər bu barədə çox danışdılar, mətbuat çox yazdı, hər kəs fərqindəydi ki, sözügedən qətldə ağırlaşdırıcı məqamlar olmayıb və ortada namus söhbəti, zorlama iddiası, seksual təqibetmə motivi var, əsl qatil isə azyaşlıdır, ancaq bunlar yüngülləşdirici hal kimi nəzərə alınmadı.

Ölkə ictimaiyyəti bu hadisə haqda gerçəkləri öyrəndikdə ilk növbədə Aslan Aslanovun özünü qınaq obyektinə çevirmişdi ki, nəyə görə oğlunun davranışlarına nəzarət etməyib, onun özünü o tərzdə aparmasına, az qala xoşuna gələn qızlardan (Ruslanın 100-ə qədər qız və qadınla münasibəti olduğu barədə söhbət dolaşırdı) “ilk gecə hüququ” tələb etməsinə göz yumub. Bəlkə də başı dövlət işinə qarışan, üstəlik, Gürcüstan azərbaycanlılarıın himayəsi, təşkilatlanması işini kurasiya edən İH başçısının hüdudsuz maddi imkanlarla “cavanlıq edən” oğlundan çox da xəbəri olmayıb. Belədirsə, rayonun hüquq-mühafizə orqanları və ailənin yaxınları bu barədə Aslanova xəbərdarlıq etməməklə sonda belə faciəyə yaşıl işıq yandırıblar.

Bu hadisəyə dair ikinci ümumölkə ajiotajı 2015-ci ildə Lamiyə Quliyeva vaxtından əvvəl azaldığa buraxılanda oldu. Ona qədər onun azadlığa buraxılma vaxtı çatsa da, onu yenidən CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə mühakimə edib, cəzasını 5 il 6 ay müddətinə artırmışdılar.

Amma Lamiyənin “ağıl hocası” kim olmuşdusa, onun həbsxanadan qurtulması üçün daha bir yolunun olduğunu diktə etmişdi. 2015-ci ildə Lamiyənin həbsxanada ikən əri olmaya-olmaya hamilə qaldığı və övladı olduğu bəlli olmuş və bu yenilik ölkə gündəminə bomba kimi düşmüşdü.

Bu sirrin üstü indiyədək açılmayıb, uşağın atasının kimliyini yalnız Lamiyə özü bilir. Təkcə o məlum oldu ki, bu övlad onun ikinci dəfə, həbsxanada olarkən zorlanmasının “məhsul”u deyil. Lamiyə bilərəkdən və məqsədyönlü şəkildə tanıdığı biriylə cinsi əlaqəyə girib, hamilə qalıb və bu yolla azadlığa çıxacağına ümid edib, sonda niyyətinə də çatıb.

Hərçənd ola bilər, içəridə həbsxana rəhbərliyindən kimsə gənc və gözəgəlimli qızı cinsi xidmət göstərməyə vadar edib, işin üstü açılanda isə ona susmağı, ad çəkməməyi tapşırıb, bunun müqabilində onu azadlığa buraxılmasını təşkil edib. Hər halda, bu məsələ müəmmalı qaldı. Hadisə erkək quşun uçub qona bilmədiyi həbsxanada baş vermişdi.

R.Aslanova vurulan bıçaqda əli olmayan Vüqar isə ömürlük cəza çəkməkdəydi. 2021-ci ildə onun ömürlük həbs cəzası 25 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənib. O, artıq 21 ildir ki, həbsxanadadır.

İndi Avropa İnsan Hüquqları Məhkəməsi bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dair qərar verib.

Vüqarın həbsxanada başqa qadınla ailə qurduğu barədə də məlumat var. Lamiyə isə həbsdən çıxdıqdan bir müddət sonra Türkiyəyə köçdüyü bildirilirdi.

Ürəyinin soyuması üçün oğlunun qatillərinə ağır cəza kəsdirən Aslan Aslanov 2018-ci ildə 57 yaşındaykən vəfat edib. Onu vaxtsız vəfat etməsində oğlunun qətlinin nə dərəcədə rolu var, bilmək çətin deyil. Müdriklərin dilə gətirdiyi bir deyim var: “Kişinin qəddini iki şey əyər: bir gəncliyində varlı olub, yaşlaşanda kasıblaması, bir də cavan oğlunin ölməsi”. Bu, boşuna deyilməyib. 32 yaşından 52 yaşına qədər yüksək dövlət vəzifələrində (İH başçısı, nazir müavini) çalışan Aslan Aslanov kasıb adam deyildi, amma öz adına yaraşdırıb ad verdiyi oğlunun faciəsi onun da, hadisədə iştirakçı olanların da, ikincilərin qohum-əqrəbasının da həyatını qaraltmışdı.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости