Свобода людям, независимость нациям!

Qaldığımız yer - 2

1681 06.11.2022 19:29 Колумнисты A A

Böyük rus mütəfəkkiri, Xəlil Rzanın diliylə yazsaq, “türk çağataylar nəslindən törəmiş” Pyotr Çaadayevin Rusiya haqda belə fikri var: “Bizim ölkənin tarixi yoxdur. Bizim ancaq coğrafiyamız var”. Sözgəlişi, Çaadayev çox mütərəqqi, zamanı qabaqlayan fikirləriylə tanınır. O üzdən çar hökuməti Pyotr müəllimi sevmirdi, hətta dəlixanaya basmışdılar.

İbn Həldun isə orta əsr ərəb filosofudur. O da xalqların taleyində yaşayış yerinin əhəmiyyətini xüsusi vurğulamış, “Coğrafiya – taledir” tipli müdrik fikir istehsal etmişdir.

Son dövrlərimizin populyar non-fikşn yazarlarından bioloq alim Cared Daymond isə “Tüfəng, mikrob və polad” adlı kitabında (1998) insanlığın inkişafında təbiətin, ətraf mühitin, yəni coğrafiyanın əsas rol oynadığını yazmışdır. Hərçənd, Daren Acemoğlu və Ceyms Robinson “Millətlər niyə tənəzzül edir” kitabında Daymondun fikirlərini tar-mar edirlər, bəşəriyyətin istənilən iqlim və təbiət şəraitində inkişafının mümkünlüyünü irəli sürürlər.

Ümumiyyətlə, təbiətin xalqlara təsiri coğrafi determinizm adlanır. Bir az da irqçi nəzəriyyədir və qısa məzmunu belədir ki, əgər sən, misal üçün, ekvatorda, Günəşin beyinləri yandırdığı, ərzağın az olduğu bölgədə yaşayırsansa orda demokratiya qurmaq imkansızdır. Əlini qolunu salla yanına, yıxıl öl. İstəyirsən bir yerinlə göyə çıx, Kürdəmirdə demokratiya qurmaq mümkün deyil.

Hə, indi keçək Əli İnsanovun qəfil yön dəyişdirməsi temasına. Yəqin hörmətli oxucuların gözü kəlləsinə çıxdı, mənim birdən-birə İbn Həldun və Çaadayevdən, Daymond və Acemoğlundan Əli İnsanova və Zəlimxan Məmmədliyə (AXC dövründə Xətai rayonunun icra başçısı olmuş bu şəxsiyyət ixtisasca stomatoloqdur və Əli müəllimin müavini olmalıdır – qoca canavarların hər zaman yaxşı diş həkiminə ehtiyacı vardır), zəhləmgetmiş aparıcılar demişkən, “keçid almağıma” heyrətləndilər. Başqa nə edə bilərəm? Mövzu özü bunu tələb edir!

Prinsipcə, Əli müəllimin siyasət meydanımızda “spiralvari hərəkəti” (Hegel demişkən) şəxsən məndə heç bir təəccüb doğurmadı, üstəlik bu yoldaşa münasibətim zamanın istənilən nöqtəsində seçdiyi yerdən asılı olmayaraq neqativ olmuşdur. Bunu isbat eləmək üçün əlimdə çoxlu sübutlarım var. Məsələn, Əli müəllim hələ səhiyyə naziri olanda “Rüşvətin leqallaşdırılması” (Semaşko xəstəxanasında açdığı bazar haqda), “Vərəmli xəstələri soyurlar” (Vərəm xəstəxanasındakı biabırçılıqlar haqda) kimi çoxlu yazılar yazmışam. O əfvə düşüb azadlığa buraxılanda, bizim avam müxalifəti sevindirəndə mən, lap dəqiq tarixini də yazım, 19 mart 2019-cu ildə “Qaldığımız yer” kimi peyəmbəranə və çoxmənalı başlıqlı köşəmdə yazmışdım: “... keçmiş səhiyyə naziri, onun libası camaatın diqqətini çox çəkib, hətta qiymətini hesablayanlar var. Elə mənə də Əli müəllimin sarı rəngə üstünlük verməsi maraqlı gəldi, çünki 2005-ci ildə onu tutanda da iqtidar çoxlu sarı boya nümayiş etdirmişdi: qızıl külçələr, nazirin olduğu iddia edilən villanın sarı-qızılı interyeri, mebelləri... Bəlkə də Əli müəllim tərəfdarlarına “Sarıdan hələ qalır, uzağa getməyin” işarəsi verirdi? Nə biləsən. Şəxsən mən arzu edərdim Əli müəllim də “qaldığı yerdən” davam etsin, məsələn, həyatının yerdə qalan hissəsini də YAP quruculuğuna həsr etsin”.

Nəhayət, coğrafiya söhbəti nə idi, onu izah edim. Əli müəllim qədim Oğuz elinin Ləmbəli adlı obasında doğulub, boya-başa çatmışdır. Əgər siz bu kəndin harda yerləşdiyini bilmirsinizsə Əli müəllimin siyasi amplituda əyrilərini anlamazsınız. Ləmbəli hazırkı bölgüyə görə Ermənistana düşüb, lakin Gürcüstanla da tam sərhəddədir. Hətta Əli müəllimi birinci dəfə tutanda (burada müəllifin öncəgörməsi gizlədilib) təhsil naziri Misir Mərdanovun başçılığı altında ermənistanlılar, daha doğrusu, qərbi Azərbaycan icmamız toplaşdı, xoruzun üçüncü banına qədər Əli müəllimdən üç dəfə imtina etdi, mövzunu da bu cür əsaslandırmışdılar: “Ləmbəli Gürcüstana yaxındır, ona görə biz Əli İnsanova ermənistanlıların adından danışmağa icazə vermirik”.

O cümlədən, Əli müəllimin ana yurdu Azərbaycana da yaxındır. Üç ölkənin sınırında yerləşmisənsə, niyə daim eyni tərəfə baxmalısan?

Yeri gəlmişkən, çox adam bilmir, Mixaylonun komandiri Cavad Həkimli Ləmbəlidəndir. Yəni, bu kənddən həmişə yaxşı partizanlar çıxmışdır. Hərçənd, yazıq Cavad müəllimin adı az qala it dəftərində yoxdur, bütün şöhrəti Mixaylo süpürüb aparıbdır. Bu da başqa biabırçılığımızdır: komandirə yox, əsgərinə heykəl qayırmışıq.

Uzun sözün qısası, uğurlar, Əli İnsanov. Yeni perfomanslar gözləyirik. Qaldığımız yerdəyik.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости