Свобода людям, независимость нациям!

Qaladan bəyan olunan Şuşa haqqı -Qan qardaşlığımızın 15 iyun təntənəsi

1352 11.06.2022 20:31 Колумнисты A A

Mədəniyyətimizin paytaxtı Şuşamızı paytaxt Bakı ilə rəqabətdə görmək necə də gözəldir, xoşdur. Qalamız artıq ikinci ildir ki, EV SAHİBİ statusunda çıxış edir. Son olaraq ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyətinin sorağı bu, sirli – sehrli, cənnət məkandan gəldi.

“Şuşa ili” ndə Şuşaya hər səfər sadəcə zövqü-səfa demək deyil, həm də həqiqətlərimizin birbaşa çatdırılması imkanıdır. Ölkəmizə gələn  hər bir əcnəbi ermənilərin darmadağın etdiyi bölgədə qısa müddətdə tikilən Füzuli Beynəlxalq Hava Limanını seyr etdikcə, qurulan infrastruktura baxdıqca, düşmənin basdırdığı və xəritələrini belə, doğru-dürüst təqdim etmədiyi minaların yaşatdığı fəakətlərə rəğmən Azərbaycanın fədakarcasına apardığı təmizləmə, tikinti-quruculuq işlərini müşahidə etdikcə müqayisəli təhlillər aparırlar, kimin kim olduğunu dərk edirlər, erməni saxtakarlıqları sabun köpüyüdək əriyib gedir.

Slovakiya Milli Şurasının sədri Boris Kollar Şuşada Slovakiyanın STV telekanalına müsahibə verib, Şuşanın azad olunmasından, Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəllərinin tarixindən danışıb, səfər barədə təəssüratlarını bölüşüb. Həqiqətlərimiz beləcə yayılır, düşmənin ifşası ilə paralel...

kollar_shusha_110622_8.jpg (357 KB)

Yeri gəlmişkən iyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin birgə iclası da Şuşada keçirilib. Müzakirə olunan mövzunun özü belə, qürurvericidir: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi, aqrar inkişafın ünvanıdır” mövzusunda dinləmə. Şəhidlərimizin ruhuna sayğı ilə, qazilərimizə təşəkkür dolu fikirlərlə, ordumuza, Ali Baş Komandana minnətdarlıqla başlayır bütün ziyarətlər.  
Və...Həm də qardaş Türkiyəyə sonsuz sayğılarımız, sevgilərimizlər. 28 May Müstəqillik günümüzdə “Bir millət, iki dövlət”in liderləri yenə də bir aradaydılar, Bakının ev sahibliyi etdiyi möhtəşəm “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında. Həmin törəndə çıxış edən Prezident İlham Əliyev iki qardaş ölkənin beşikdən-məzaracan qardaşlığını simvolizə edən tarixi fikirlər söylədi. Sitat: “Biz iki həftə bundan əvvəl Türkiyənin gözəl yerlərindən biri olan Rizedə əziz qardaşımla bərabər idik, iki həftədən sonra Bakıda yenə də bərabərik. Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.

e0e38307-9c88-3632-a1c5-7780123f.jpg (55 KB)

Bəli, ötən əsrin əvvəllərində Çanaqqala savaşında, Bakının, Qubanın, Şamaxının... işğaldan azad edilməsində bir yerdə olan qardaşlar bir əsr sonra haqqa doğru yenə də bərabər yürüdülər, “Mehtər marşı”nın, “Koroğlu”nun, “Cəngi”nin sədaları altında, dildə Allah kəlməsi, ürəkdə azadlıq eşqi! Qarabağ işğalda olarkən Azərbaycan Xalq Cümhuriyyətinin bir əsrlik yaşına həsr olunan hərbi paradda yanaşı dayanan liderlərimiz, iki il sonrakı Zəfər keçidində işğalçı ordudan götürülən hərbi qənimətləri bərabər seyr etdilər. Müharibənin ilk saatlarından Türkiyə Prezidentinin “Azərbaycan tək deyil” mesajı haqq savaşımıza müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Azərbaycana da məhz belə bir tarixi şərait lazım idi, kimsə qoşulmasın, Azərbaycan qısa müddətdə işğalçının dərsini verəcək. Verdi də, cəmi 44 günə! Təbii ki, qardaş Türkiyənin qətiyyətli dəstəyi mühüm rol oynadı, əks təqdirdə, kənar müdaxilə qaçılmaz idi...

Bərabər gedilən yol bitmədi, davam edir, davam edəcək, çünki daha böyük hədəflər var. Həm də düşmən(lər) fürsət gəzirlər üstümüzə şığımaq üçün. Məhz bu zərurətdən doğdu 2021-ci ilin 15 iyununda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması.

9qpwfalrm7_02.jpg (223 KB)

Ermənilər son illərdə Qars Müqaviləsinin ləğvi (?!-E.P.) ilə bağlı sərsəm fikrə düşmüşdülər. Amma Dəmir Yumruq sözünü dedikdən sonra Qars Müqaviləsindən qat-qat əhəmiyyətli Şuşa Bəyannaməsini gördülər qarşılarında! Preambula hissəsi hər şeyi deyir: “İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək,

9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq...”

aztr.jpg (22 KB)

Tarixi, hüquqi istinadlar erməniçilik, erməni faşizminin dilini kəsən, zəhər dişini çıxaran unikal məqamlardır. Azərbaycan və Türkiyə liderləri Şuşada imzaladıqları bu, mübarək müqavilə ilə strateji əməkdaşlığımızı, qardaşlığımızı, müttəfiqliyimizi ən üst səviyyəyə qaldırdılar, beynəlxalq səviyyədə. Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” üçün yol xəritəsidir, yeni-yeni səfərlərə aparacaq “naviqasiya” sistemidir...

Şuşa Bəyannaməsi qardaşlığımızın yeni tarixi mərhələsidir heç şübhəsiz. Amma ən önəmlisi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya duyuran tarixi ismarıcdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuş oldu. O günədək kimlərsə Bakı və Ankara arasındakı əməkdaşlıqla bağlı mızıldanmağa cəhd göstərir, hansısa cəfəngiyyatlar səsləndirirdisə, artıq “göl”ə daş atılandan sonra lal olmuş canlıları andırırlar. Çünki Şuşa Bəyannaməsi beynəlxalq hüquqa əsaslanır, kimsənin ora burun soxmağa ixtiyarı yoxdur. Amma bu müqavilə imkan verir ki, Azərbaycana təhlükə yaranarsa, Türkiyə, Türkiyəyə yönəlik hansısa kənar müdaxilə olarsa, qardaşı Azərbaycan Şuşa Bəyannaməsinə istinad edərək həmən qarşılıqlı yardıma qərar versin. Hərbi qüvvələrimizin birgə təlimlərini izləmək də qürurvericidir. Elə iyunun ilk həftəsi Türkiyənin İzmir şəhərində “Efes-2022” hərbi təlimlərində Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları da iştirak edirdi. Birgə təlimlərimiz gücümüzü, qüdrətimizi artırmaq, xain düşmənlərimizi məhv etmək üçündür sözsüz, cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bizim kimsənin torpağında gözümüzü yoxdur. Amma torpağımızda gözü olanın da gözünü tökərik. Necə ki, Şuşanın sıldırım qayalarını dirmanıb qalamıza qoşa bayraqlarımızı sancdı cəsur oğullarımız... 

-aa97d58416073405569353766331072.jpg (139 KB)

O gündən Şuşaya səfər edən hər kəsi qoşa bayraqlar qarşılayır, elə girişdəcə...Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək, buna kimsə şübhə etməsin.

Şuşa Bəyannaməsi hərbi əməkdaşlığımıza yeni bir nəfəs vermiş oldu. Azərbaycanda komanda tipli yeni birliklərin yaradılması – özü də ilk olaraq Hadrutda –hərb tariximizin möhtəşəm və şərəfli səhifələrindəndir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar.

Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. Təsadüfi deyil ki, “Teknofest”də iştirak edən “Bayraqdar”ın yaradıcısı Səlcuq Bayraqdar böyük sevgi ilə əhatə olunmuşdu. Bu, həm də 44 günlük savaşda düşmənə qan udduran silahın yaradıcısına vəfa borcumuz idi. Şuşa Bəyannaməsi hərbi sənayemizin birgə inkişafını da şərtləndirən mühüm sənəddir.

Amma dost da, düşmən də bilməlidir ki, Şuşa Bəyannaməsi kimlərəsə qarşı yönəlməyib, bu sənəddə kimlərinsə məhvi, sıradan çıxarılması kimi hədəflər qarşıya qoyulmayıb. Bu müddəanı xatırlamaq kifayət edər: “Tərəflər bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir”.

zengezur_dehlizi_140122.jpg (92 KB)

Zatən, ali məqam və mərama sahib Türkün belə bir hədəfi heç vaxt olmayıb, yetər ki, onun “Yurda sülh, cahanda barış” çağırışına səs versinlər, barış üçün uzanan əli öpüb, göz üstə qoysunlar, daha əl uzadıldığını görüb də biləkdən qoparmağa çalışmasınlar. Dərs olsun ötənlər! Şuşa Bəyannaməsi bölgəmizdəki inteqrasiya proseslərini stimullaşdırmaq üçün unikal sənəddir, həm də əhatəli sülhə yol açan humanizm aktı. Hələ iki qardaş ölkənin bütün olanlara rəğmən təklif etdiyi 3+3 əməkdaşlıq formatı var masada, “tarixi şablonlarla yaşayanlar” dəyərləndirə bilsələr... Anlamaq istəmirlər ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə ilə yanaşı, onların da faydasına olan layihədir. Daşı ətəkdən tökmək istəmirlər hələ ki...Amma yekunda BİZ deyən olacaq! O tərəfdən Türkiyə, bu tərəfdən Azərbaycan Zəngəzura doğur yol tikir, yol gedir, bu yollar mütləq birləşəcək, gec-tezi var! Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq.Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir, Ermənistanın da bu reallığı anlaması lazımdır. Əks halda, Bakı-Tiflis-Qars qatarının arxasında baxdıqları kimi, baxa-baxa qala bilərlər...

Şuşa Bəyannaməsi Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Kim Azərbaycanın qanunlarına, bayrağına hörmət edəcəksə, sakit həyatını yaşayacaq, bu ölkənin, bu bölgənin sərvətlərindən bəhrələnəcək. Əks halda...O zaman “Türkün üzünü görmə!”

Sərqi-Zəngəzur.jpg (381 KB)

Konkret maddəni də unutmasın biriləri: “Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər”. Açması: Ermənistan təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı cəfəng iddialarda rəsmi qaydada əl çəkməlidir, mövcud olmaq istəyirsə...

Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən işlərlə paralel qaydada buraya investisiya cəlbi istiqamətində də işlər gedir. Təbii ki, qardaş Türkiyə bu müstəvidə də öndədir, Murovun altından keçəcək təqribən 12 km-lik tunel gerçək mənzərəni təsvir etmək üçün unikal faktdır, amma qarşıda hələ neçə-neçə möhtəşəm layihələr var. Azərbaycan dövləti xarici ölkələri Qarabağa investisiya qoymağa dəvət edir. Bu, təkcə yatırım qoyulması deyil, həm də “Qarabağ Azərbaycandır” deyənlərin sayının artması deməkdir. Şuşa Bəyannaməsi isə əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıran əsas faktorlardandır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq, gələn, görüb də, heyran olan hər kəs bunu etiraf edir...

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq.

shusha_mn_081121.jpg (335 KB)

Qısa müddətdə böyük yol keçirilib. Hərdən adama elə gəlir ki, Şuşa Bəyannaməsinin yaşı 1 deyil, daha çoxdur. Bəlkə də “birliyimiz-diriliyimizdir” yanaşması genlərimizə hopduğundandır elə bilirik ki, azı min ildir bir yerdəyik, sözümüz, əməlimiz, yolumuz, məramımız birdir. Məhz bu tarixi birgəliyimizə görəydi ki, imzalanan sənəd siyasi həmrəylik nümunəsinə çevrildi, kimsə ona qarşı çıxmadı, “xaric səs” eşidilmədi. Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edildi və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəkləndi. Eynilə də Şuşa Bəyannaməsi Türkiyəmizdə birmənalı dəstək gördü…

Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun mübarək gündür. İstisna deyil ki, həmin gün QARDAŞLIQ GÜNÜ kimi hər iki ölkənin təqvimlərində özünə yer tapacaq bir gün. Şuşada hər yer əzizdir, doğmadır, Atatürk küçəsindən tutmuş – Cıdır düzünədək...Şuşa Bəyannaməsi qan qardaşlığımızın təntənəsinə çevrilən ali məqamdır, o sənədin imzalanmasında istifadə olunan mürəkkəbin özü belə mənə çox əzizdir, doğmadır, Allah haqqı, Şuşa haqqı!

Mübarək Şuşa Bəyannaməsinin yaşı qutlu, ömrü əbədi olsun!

Elşad Paşasoy,
Musavat.Com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости