Свобода людям, независимость нациям!

Qadın voleybolu haqda yarıçılpaq yazı

1603 19.03.2022 08:10 Колумнисты A A

Ramiz Mehdiyevin təzədən Akademiyada görünməsində yeni təfərrüatlar ortaya çıxıb. Dünən o, TV Müsavat-a açıqlamasında Akademiyaya ruslarla görüşmək üçün getdiyini etiraf edib. Moskvadan hansısa sirli qonaq gəlibmiş.

Çox şübhəli haldır. İlk növbədə, AMEA mətbuat katibinin “Ramiz Mehdiyevin kabinetdə şəxsi əşyaları qalmışdı, onu götürməyə gəlmişdi” açıqlaması yalana çıxır. İkincisi, Rusiyanın bölgədə, dünyada insan hüquqlarına zidd rejim kimi ad çıxardığı məqamda Ramiz Mehdiyevin rusiyalı emissarla gizli görüşünün məqsədi əlaqədar orqanlar tərəfindən araşdırılmalı, hətta deyərdim aşkar edilib götürülməlidir! Sən AMEA prezidenti deyilsən, Ukrayna səfiri deyilsən, heç Xarkovun meri də deyilsən, bəs rus qonaq niyə məhz səninlə görüşməlidir?

Üçüncüsü, xoruzun quyruğu elə növbəti suala cavabında görünür. Müxbir soruşur ki, Ukrayna-Rusiya davası haqda nə fikirləşirsiniz, Ramiz müəllim deyir: “Mən daha siyasətə qarışmıram”. Ən azı müharibəni pisləyə bilərdi, tərəfləri sülhə çağırmaq olardı, lakin bunlardan çirkin şəkildə yayınmağa üstünlük verir, moskvalı ağalarından çəkinir. Özünü Ştirlis kimi aparır. Üstəlik, işin tragikomik tərəfi odur ki, bu adam hələ də bizim Təhlükəsizlik Şurasının üzvüdür. TŞ-nin saytında başdan belə yazılıb: “TŞ milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi barədə təkliflər verir və digər funskiyaları yerinə yetirir”. Bəs siyasətlə məşğul olmayan biri dövlətin siyasətini formalaşdırmaq üzrə təklifləri necə verir görəsən?

Hesab edirəm, Rəsul Quliyev demiş, “sayıram” TŞ-nin tərkibində dəyişikliyin əsl vaxtıdır, Ramiz müəllim siyasətlə məşğul olmadığını etiraf eləmişkən onu oradan çıxarıb yerinə Elxan Məmmədovu qoymalıyıq. AFFA-nın keçmiş baş katibini. Nəyə görə? Çünki möhtəşəm, təvazökar bir açıqlamasını oxumuşam. Elxan müəllim 2007-ci ildən futbolumuza başçılıq edirdi, nəhayət, bu həftə onu çıxarıblar, yerinə də Zinəddin Zidanı qoyublar. Zarafat edirəm, kimsə təzə günah keçisi tapmışıq. Bəs hörmətli Elxan müəllim keçmiş fəaliyyətini necə təvazökarlıqla qiymətləndirib? Buyurun, oxuyun: “14 ildən artıq müddətdə AFFA-nın baş katibi vəzifəsində çalışmışam və görünür, fəaliyyətimdə müəyyən müsbət məqamlar olduğu üçün bu qədər uzun müddət ərzində mənə etimad göstərilib”. Təbii. Müsbət məqamlar en qədər. Yığıb-yığışdırmaqda çətinlik çəkirik. Azarkeşlər beziblər, haçan baxsan, aeroport yolunda tıxacdır: “ -Neftçi” UEFA kubokunu alıb. - Yenə də?!" Hələ millimizin uğurları... Təsəvvür elə, 14 il ərzində rəqib komandaların qapısına 4 dəfə yol tapmışıq! Fantastikadır. Bu isə yersiz təvazö edir: “müəyyən müsbət məqamlar”...

İndi özünüz deyin, belə dəyərli kadr milli təhlükəsizliyimizlə bağlı məsləhətlər versə, nə qədər irəli gedərik. Ən azı Gəncəni keçərik.

Gəncə demişkən, ora gedən elektrik qatarının bileti iki dəfə bahalaşıb, olub 20 manat. Bu da əhalidə böyük sevincə səbəb olmuşdur, poçta axışıb dəmiryolunun rəhbərliyinə minnətdarlıq teleqramları vurur, onu Novruz bayramı münasibətiylə səmimi qəlbdən təbrik edirlər.

Ümid edirik, tezliklə Gəncə qatarı təyyarə qiymətinə olsun, çünki uça-uça gedir. Bir də bunun içində limonad, tum, qarğıdalı satışlarını bərpa eləmək lazımdır. Az qala 30 il olacaq, bölgədən yeni “Surət Hüseynov” yetişdirilib Bakıya göndərilmir, qatar faktiki boş gəlib-gedir, xərci borcunu ödəmir. Hələ əhali nəzərə almalıdır ki, bizdə qadın voleyboluna dəmiryolu sponsorluq edir, biletin içində topun dəyəri də var. Qadın voleybolu gözəl idman növüdür. Şəxsən mən televizorda ancaq buna baxıram.

Sonda söz əlaqədar təşkilatlarındır: siz hansı idman növlərinə baxırsınız?

P.S. Düzünü deyin, neçə oxucu başlığa görə yazıya baxdı?

 

 

 

 

 

 

 

 

 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости