Свобода людям, независимость нациям!

Qadın taleyi – “mücahid”lərin əsirliyində 7 il, 7 ər

2207 10.12.2022 10:35 Колумнисты A A

 

3-4 il öncə İstanbula uçarkən təyyarədə bir yaşlı qadınla yanaşı oturmuşduq, üzündən, geyimindən (başdan-başa qara bürünmüşdü) kədər yağan biri idi. Elə oldu ki, bizimlə paralel oturacağa saqqalı uzun, şalvarının balağı qısa, 35-40 yaşlı bir nəfər oturdu. Qadın onu görən kimi dodağının altında “Allah kökünüzü kəssin” dedi və üzünü illüminiatora çevirdi.

Bir az keçdi, ordan-burdan söhbət edəsi olduq və qadın məndə dərd dinləyəcək sifət gördü, ya nədirsə, ailəsinin başına gələn faciəni asta səslə danışmağa başladı.

Məlum oldu ki, qadın ölkəmizin şimal rayonlarından birindəndir, Bakıda yaşayır. 5-6 il öncə oğlu və kürəkəni öz arvad-uşaqları ilə birlikdə Suriyada, “dini dövlətdə əsl müsəlman kimi” yaşamağa gediblər və heç bir ay keçməyib ki, kişilərin ölüm xəbəri gəlib, qadınlar isə onların döyüş dostlarına ərə veriliblər. Daha sonra Suriyanın hökumət qüvvələri qadınları və uşaqları əsir götürüb. İndi onlar orada ağır vəziyyətdədirlər.

Söhbətin detalları ürək parçalayan həddəydi.

Qadına təklif etdim ki, Bakıya qayıdandan sonra bu hadisə barədə yazı yazaq, lap bir süjet hazırlayaq, faciəni işıqlandıraq, amma o razılıq vermədi, eləcə dedi ki, indi Türkiyədə yaşayan qohumlarının yanına gedir, orada suriyalı adamlarla əlaqə yaradacaqlar. “Görək, bəlkə bir xeyri oldu, heç olmasa uşaqları əsirlikdən qurtararıq”.

Dünən “Özbəkistan kinosu günləri” çərçivəsində “Nizami” kinoteatrında nümayiş etdirilən “Qadın taleyi” filminə baxanda gördüm ki, özbək kinematoqrafçılar məhz bu faciəni lenta alıblar. Filmə baxarkən əvvəldən axıra qədər “mən bu filmi görmüşəm” fikri məni tərk etmədi.

03.jpg (108 KB)

Hələ filmin başlanmasına yarım saat qalmış köhnə dostumuz, böyük Azərbaycansevər, ana dilimizdə Gəncə ləhcəsi ilə hamımızdan yaxşı danışan yazıçı-tərcüməçi Rüstəm Cabbarovun vasitəçiliyi ilə “Qadın taleyi” filminin rejissoru Dilmurad Masaidovla, eləcə də “Baron” filminin rejissoru Rüstəm Saqdiyevlə söhbətləşərkən filmin nədən bəhs etdiyini bilirdim. Rejissor bu filmi Suriya və İraqdan alınıb gətirilmiş 500 civarında özbək qadınlara həsr etdiyini bildirmişdi.

Masaidov gerçəkdən əla bir film çəkib. Bu, bir sıra döyüş söhnələri yüksək peşəkarlıqla çəkilsə də, bir Hollivud filmi deyil, tam həyati bir filmdir. Ssenari müəllifi və rejissor filmi Suriyada əsirlik həyatı yaşamış, əri, qardaşı, oğlu öldürülmüş bir qadının həyatı əsasında ərsəyə gətiriblər. Filmin qəhrəmanı Sacidə binəsib əsir özbək qadınların ümumiləşdirilmiş obrazıdır. Görünür, onun adı da təsadüfi seçilməyib, “Sacidə” kəlməsi bildiyimiz “səcdə” sözündəndir. Hər şeyə kor-koranə səcdə etmək faciəyə aparır.

7adae816-94a4-4f09-9fe8-1a7874712ab5.jpg (79 KB)

Dilmurad bəy söhbətimiz zamanı filmlə bağlı bir etiraf edərək dedi ki, əslində həyatını ekranlaşdırdıqları qadının filmdəki həyatı real həyatından qat-qat məşəqqətli olub. Məsələn, filmdə görünür ki, əri öldürülən Sacidəni sonra 3 dəfə ərə verirlər, amma gerçək Sacidə Suriyada 7 dəfə ərə getməyə məcbur edilib. Onu hər dəfə bir döyüşçüyə ərə verirmişlər, həmin şəxs ölən kimi çox gözlətmədən Sacidəni başqa döyüşçünün arvadı olmağa məcbur edirmişlər. Başqa qadınlar da eləcə.

Bəs bu qadınların Pakistanın Vəziristan vilayətində, Suriyada, İraqda nə işləri varmış? Əlbəttə, onlar oraya könüllü şəkildə getməyiblər. Bu qadınları İŞİD üzvlərinin cəhənnəmə çevirdikləri terror yuvalarına öz ərləri, qardaşları aparıb.

afae291b-6d51-446c-87f8-e2c500c7eddc.jpg (122 KB)

Təsadüfi deyil ki, qadın əzizlərini o cəhənnəmə aparan kişilərin böyük əksəriyyəti çox çəkmədən ya döyüşlərdə düşmən tərəfindən, ya da öz silahdaşları tərəfindən öldürülüb və qadınlar döyüşçülərə seks xidməti göstərməkdən ötrü cariyələrə çevriliblər. Dünyanın hər tərəfindən, əsasən müsəlman ölklərindən on minlərlə qadın bu işə cəlb edilib.

Yuxarıda dediyim kimi, bizim ölkədən də yüzlərlə, bəlkə də minlərlə gənc ailənin başına o cür faciəvi hadisələr gəlib. “Cihad”da öldürülən kişilərin əhli-əyalı Suriyada və İraqda əsirlikdədir. Onlardan bir xeylisinin azyaşlı övladları əsirlikdən xilas edilib, ancaq kölə qadınları ərəb ölkələrini idarə edənlərin əlindən almaq çətindir. Onları “terror qruplaşmasının tərkibində dövlətə qarşı vuruşmaq” ittihamı ilə mühakimə ediblər. Halbuki bu qadınlar əllərinə silah götürüb döyüşməyiblər, sadəcə, döyüşən və tezliklə öldürülən döyüşçülərə kənizlik ediblər.

30f8c02c-f1c3-4e03-9143-218c9261beea.jpg (122 KB)

Film boyunca bu ürək sızladan hadisələri izləyirsən, 21-ci əsrin bu vədəsində məhkəməsiz-filansız həyata keçirilən edamları, qadın və uşaqların qul kimi alınıb-satılması epizodlarını görürsən və düşünürsən: insan nə qədər cahil olmalıdır ki, öz sabit ölkəsini, pis-yaxşı qazancını, dolanışığını bir tərəfə buraxaraq, ailə-uşağını da götürüb od-alovun içinə, məchulluğa aparsın. Fanatizmin də bir həddi var. İnsan nə qədər korafəhim, sadəlövh ola bilər?

Suriyaya, İraqa ayaq qoyduqlarının ilk həftəsində peşman olan, geri qayıtmaq üçün yollar axtaran yüzlərlə fanatik ekstremistin öz döyüş “dostları” tərəfindən edam edildiyinə dair yüzlərlə fakt var. Bu bataqlıqdan çıxış yoxdur, düşən gedir.

Özbək qardaşların bu və digər mövzuları ekranlaşdırmaq işində bizdən öndə olduqları göz önündədir.

Biz də bu hekayətləri ekranlaşdıra, insanlara terror təşkilatlarına qoşulmağın hansı faciələrə, iztirablara gətirib çıxardığını əyani şəkildə, real hadisələr əsasında və bütün eybəcərliyi, çılpaqlığı ilə göstərə bilərdik. Hekayətlər də vardı, ssenarilər də, onları çəkə biləsi rejissorlar da.

04.jpg (125 KB)

       Dilmurad Masaidov, Aytac Sahəd ("525-ci qəzet"), bu yazının müəllifi və Rüstəm Saqdiyev

“Qadın taelyi” filmi isə özbək kinematoqrafçıların bu sahədə başa gətirdiyi ilk iş deyil. Rüstəm Saqdiyevin çəkdiyi və narkotrafikdən gələn böyük pulların beynəlxalq terrorun maliyyələşdirilməsinə yönəldilməsindən bəhs edən “Baron” filmini də tərifləyirlər. Fəqət vaxt çatışmazlığından biz hələ o filmə baxa bilməmişik.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости