Свобода людям, независимость нациям!

Putinin trilyardları və Çikaqoya təkər yamamağa gedən usta

2120 26.04.2022 10:05 Колумнисты A A

Ya mən çox ünsiyyətcil və söhbətcil adamam, ya da yad adamlar üzümdə sadəlövhlük işarətləri görürlər, hər nədirsə, eyzən üzlərini mənə tutaraq gopa basırlar. Mənim də üzümdən üz gəlmir ki, deyəm, əmoğlu, bir dur...

Dünən də biri rast olmuşdu, çox danışdı, yüz sözün ürəyini üzdü, Ağ Evdən girdi, Kremldən çıxdı, arada Beştəpədəki köşkə də qalxdı. Ən ümdəsi o idi ki, adamın danışdıqları, necə deyərlər, ictimai-siyasi əhəmiyyət kəsb edirdi.

Yox, o, təzə çıxan politoloq-müşahidəçi-ekspertlərdən deyildi, adi təkəryamayan idi, amma belə çıxırdı ki, ekspertlərdən daha məlumatlıdır və daha geniş əlaqələrə malikdir.

Bir şey ki adamın Rotşild ailəsinə, Putinin yaxın ətrafına, Ərdoğanın müşavirlərinə birbaşa çıxışı var, ta nə deyirsiniz...

Təkərçi-politoloq qardaşla maşın təmiri sexində tanış olduq. O da maşınını çilingərə gətirmişdi, usta ilə söhbət edə-edə gün-güzərandan danışırdı, deyirdi, əvvəlki kimi çox pul qazanmaq olmur, vaxtilə Rusiyada dünyanın parasını qazanırmış, nahaq qayıdıb. Peşman oldum, dedim ki, bu saat Rusiyada da vəziyyət ağırdır, gündən-günə da ağırlaşır, düz edib, vaxtında gəlib.

Buna bənd imiş kimi, qardaş ustanı buraxıb, üzünü mənə tutdu, Rusiyanın daxili iqtisadi vəziyyəti və dünya arenasındakı rolu barədə maraqlı bir şərh verdi, gerçəkliklə yaxından-uzaqdan əlaqəsi yox idi. Adam dedi ki, dünya yığıla, Putinə bata bilməz, onun trilyardı var.

Doğrusu, milyondan sonra milyard, ondan sonra trilyon kimi yuvarlaq rəqəmlərin olduğunu bilirdim, amma trilyardı ilk dəfə eşidirdim. Güman ki, ədədlər sistemindəki bu yeniliyi təkərçi qardaş özü icad edib, o rəqəm də, hardasa, milyard və trilyonun arasında bir şeydir.

“Hələ müharibədən bir il qabaq Putin Amerikadan ton-ton pul çıxarıb gətirib Moskvaya, - o, sözünə davam etdi. - Bunu mənə Rotşild ailəsinə yaxın olan bir qohum deyib. Amerikada olur, onların bankında işləyir. Yəni Putinin pulu qurtaran deyil, trilyardları var”.

Mən bəlkə də “trilyard” söhbətini dərinləşdirər, Putinin şəxsi varidatına dair rəqəmləri endirib 200-300 milyarda salardım, amma təkərçi-ekspert qəti bir rəy verdi: “3-5 ilə SSRİ-ni bərpa edəcək Putin. Adı SSRİ olmaya bilər, amma əvvəlki kimi bərabərlik, qanunçuluq olacaq”.

Bu yerdə sözgəlişi dedim ki, qardaş, o quruluşu kim bərpa edəcək, indi hakimiyyətdə olan milyarder və milyonçular necə olacaq bəs.

“Ta orasını bilmirəm, bildiyim odur ki, bu dediklərim olacaq, Ukraynadakı müharibə də mayın 10-da qurtaracaq, 9 mayın ertəsi günü. Bunu mənə Putinlə hər gün görüşən bir yaxın adam deyyib”. Bu da yeni bir iddia.

Daha sonra eloğlu Türkiyə prezidenti Ərdoğanın yaxın ətrafındakı “qohum”unun dediklərindən də bir az danışdı. O da maraqlı söhbət idi.

Necə oldusa, mükalimənin mabədi kriminal aləmə yönəldi və məlum oldu ki, qardaş rəhmətlik Lotu Qulinin dostlarından biriylə yaxındır, rəhmətlik Rövşən Lənkəranskinin yaxınları ilə də dostluğu varmış. Amma o, bu şəxslərin arasındakı münasibətə dair sualıma diplomatik cavab verdi: “Allah ikisinə də rəhmət eləsin”.

Çox maraqlıydı ki, onun məşhur adamlarla tanışlığı birbaşa deyildi, mütləq arada bir nəfər naməlum şəxs vardı.

O danışır, mən qulaq asırdım, axıra yaxın özü də şübhələndi ki, bayaqdan milyarderlərlə, prezidentlərlə, “vor”larla münasibətlərindən danışır, amma adama deyərlər, bəs nədən bu gündəsən. Qardaş yağ-mazut hopmuş əlinin qabarını göstərərək, dedi, amma o böyük adamların mənə nə xeyri var, təkərimi yamayıb, pulumu qazanıram.

Burası daha real söhbət idi. Ancaq təkəryamayan eloğlu 3-4 saniyədən sonra yenə 5-ci sürətə atdı: “Sənədlərimi düzəltmişəm, gələn ayın ortasında Polşaya gedəcəm. O düzəlməsə, Amerikaya, Çikaqoya getməliyəm. Əmoğlunun orda yeddi profilaktoriyası var, çağırır”.

Dedim, nə əcəb Rusiyaya getmirsən, oralarda işləmisən, tanıyırsan, üstəlik, 3-5 ilə SSRİ də qurulur, bolluq, gülüstanlıq olacaq.

Adam asca duruxdu, amma eməyə söz tapdı: “Yox e, ora düzələsi yer deyil. Skinxedlər bir yandan, polislər o biri yandan, pul qazanmağa imkan vermirlər, elə hey gəlirlər ki, 300 ver, 500 ver”.

İndi oturub gözləyirəm, əgər mayın 10-da Rusiya-Ukrayna müharibəsi başa çatsa, onda SSRİ-nin bərpa olunacağına inamım artacaq. Yox, qardaş deyən olmasa, mən onu məhəllədə görüb, “bəs nə oldu, dediyin düz çıxmadı axı” deyə bilməyəcəm. Çünki o vaxt o Çikaqoda olacaq.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости