Свобода людям, независимость нациям!

Putinin odiozluğu - O, artıq “terrorçu” adlandırılmaqdan qorxmur

1666 25.08.2023 09:15 Колумнисты A A

 

Gerçək demokratik ölkələrdə dövlətin, xüsusilə də onun rəhbərliyinin adının açıq-aşkar terror olayına qarışması ciddi qalmaqal predmeti olur.

Rusiya dövlətinin və hökumətinin belə bir dərdi yoxdur. O, lazım bildiyi hər yerdə diversiya-təxribat xarakterli terror aktı törədə, insanların həyatına sui-qəsd edə bilər.

Son 105 ildə bu ölkədə dövlət sifarişi ilə həyata keçirilmiş minlərlə terror aktı olub. Ənənə davam edir.

Söz yox, düşmən dövlətin ərazisində diversiya aktlarının törədilməsi, ayrı-ayrı şəxslərin həyatına sui-qəsdlər təşkil edilməsi bir çox başqa dövlətlərin də praktikasında yer alan mübarizə vasitəsi olub. Ancaq onların çoxu artıq bu üsullardan imtina ediblər.

Məsələn, ABŞ dövləti öz düşmənlərini 40-50 il əvvəlki kimi ovlamır. İsrail də Fələstin terrorçularının rəhbərlərini əvvəlki intensivlikdə dənləmir. Başqa ambisiyalı dövlətlər də eləcə.

Rusiya və ondan başqa bir neçə dövlət var ki, onlar həm öz daxillərində, həm də xaricdəki arzuolunmaz şəxslərin fiziki olaraq aradan götürülməsini hələ də məqsədəuyğun bilirlər.

Həmin o “başqa dövlətlər”dən biri də cənub qonşumuz İrandır. Milli Məclisin deputat Fazil Mustafanın həyatına yarımçıq baş tutan sui-qəsdin arxasından İran dövlətinə bağlı adamlar çıxanda heç kəsə təəccüblü gəlmədi. Zatən, hadisənin baş verdiyi ilk saatda nəzərlər Arazın o tayına dikilmişdi.

Sonra da qüdrətli dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar bu dövlətləri “terrorçu rejimlər” adlandıranda xətirlərinə dəyir, sərt bəyanatlar verirlər.

Yaxşı, bəs tutulan əməlin adı nədir? Məhkəməsiz adam güllələyirlər, strateji obyektlərdə partlayışlar törədirlər, amma bunun adının düzgün qoyulmasından narazı qalırlar.

Belə anlaşılır ki, yeni populyarlaşan “hibrid müharibə” ifadəsi terrorçuluğu da əhatə edir, amma onun cinayət olmasını istisna etmir.

Terrorçu dövlətlər istəyirlər ki, onların bu sayaq aktları cəlb olunduqları müharibə və ya münaqişədə zəruri və qanuni müdafiə tədbirləri hesab olunsun.

İran düşmən saydığı şəxslərin gizləndikləri ölkələrdə məhv edilməsi barədə dəfələrlə fətva verib. Rusiya da xarici ölkələrə sığınan kəşfiyyatçılarının barəsində rəsmi olaraq ölüm hökmləri çıxarıb.

Buraya qədər qismən normaldır – dövlətlər qanunlarının tələbinə uyğun olaraq bu cür qiyabi hökmlər çıxara bilərlər. Hərçənd bütün hallarda qiyabi olaraq mühakimə olunan müttəhimin hüququ pozulmuş olur, onun nə özü, nə vəkili həmin ittihamlara cavab verə bilmir və hökm birtərəfli çıxarılır.

Ancaq çıxarılmış hökmləri başqa bir dövlətin ərazisində icra etməyə girişmək, artıq beynəlxalq konvensiyaların pozulmasıdır, cinayətdir, daha pisi, terror aktıdır. Bu hökmləri yalnız xarici ölkəyə başqa adla ezam olunmuş, orada casus şəbəkəsi vasitəsilə odlu silahlar və ya partladıcı maddələr əldə etmiş, daşımış killerlər edir. Göründüyü kimi, bu, mütəşəkkil cinayətkarlıqdır. Ona görə də onlar yaxalandıqda həmin dövlətin qanunları ilə mühakimə olunurlar.

Rusiya bunu bilə-bilə bu sovetdənqalma şakərindən əl çəkmir. Vladimir Putinin DTK məktəbinin müdafimi olması bu məsələdə də özünü bariz şəkildə göstərir.

Artıq illərdir ki, o, nə rəhbərlik etdiyi ölkənin, nə də özünün “terrorçu” elan ediləcəyindən qorxmur. Əgər kimsə bir yaxın silahdaşı ona “bu işi etməyək, yoxsa bizdən şübhələnəcəklər” desə, Putinin cavabı sərt və lakonik olar: “Cəhənnəmə şübhələnsinlər”.

Dünya birliyinin, öz ölkəsinin ictimaiyyətinin onun haqqında nə düşünməsi, hansı rəydə olması Putinin vecinə deyil. Ona lazım olan odur ki, rəhbərlik etdiyi dövlət güclü, hegemon, həmişəki kimi aqressor, özü isə hakimiyyətdə ömürlük və hüdudsuz səlahiyyətlər sahibi olsun.

Putin əmindir ki, onun Haaqa və ya hansısa başqa məhkəmədə müttəhim kimi oturması heç vaxt baş tutmayacaq. Bu əminlik onda rəhbərlik etdiyi xalqa yaxşı bələd olmasına və yaxın ətrafından az-çox siyasi ambisiya sahiblərini zamanında tək-tək zərərsizləşdirməsinə görə yaranıb.

Ona görə də bu gün-sabah Priqojinin həyatına sui-qəsdlə bağlı ortaya belə bir tezis atılacaq: “Hamı bilirdi ki, Priqojinə bir şey olsa, əsas şübhəli Putin olacaq. Məgər Putin o qədər ağılsızdır ki, belə bir işə qol qoysun və özünü şübhə obyekti etsin?”

Bu, Andreotti fəndidir. Ötən əsrin 70-ci illərində Culio Andreotti İtaliyanın baş naziri olarkən onu davamlı və kəskin tənqid edən jurnalist Mino Pekorellini öldürtdürüb, sonra da çıxıb deyib ki, “mən onun ölümünə görə hamının məndən şübhələnəcyini bildiyim halda belə bir işə qol qoyardımmı?” Söhbət bağlanıb.

2002-ci ildə isə işin üstü açılıb və bu qətlə görə Andreottiyə 24 il həbs cəzası veriblər. Adam 1 il yatıb, sonra yaşına və səhhətinə görə azadlığa buraxılıb.

Putin isə o perspektivi düşünmür, güman ki, “B” və ya “Ö” planı var.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости