Свобода людям, независимость нациям!

Putinə “sataşan” Harvard məzunu

3042 14.02.2024 09:01 Колумнисты A A

 

Əslində çox gözlənilməz jest idi, prinsipcə, heç bir monqol siyasi xadim Rusiyanın, xüsusilə də onun hazırda dünya ilə dalaşan lideri Vladimir Putinin qarşısında o cür sarkastik hərəkət etməməli idi.

Ancaq Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj bunu özünə rəva gördü. Bu günlərdə o, Rusiya prezidenti Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi sensasion müsahibədən sonra sosial şəbəkədə öz ölkəsinin tarixi xəritəsini dərc edərək yazıb: “Mən Monqolustanın “tarixi xəritə”sini tapdım. Narahat olmayın, biz sülhsevər və azad xalqıq”.

monqol imperiya.JPG (47 KB)

Həmin xəritə Koreya yarımadasından ta müasir Macarıstana, Vyetnamdan Polşaya qədər uzanan, 10 000+ kilometr məsafəni əhatə edən bir ərazinin vaxtilə monqol imperiyasına məxsus olduğunu göstərir. Xəritədə Rusiyanın da ərazisinin böyük bir hissəsinin Çingiz xanın qurduğu imperiyaya daxil olduğu görünür.

Elbeqdorjun belə bir xəritə yayması ona görə Putinə sataşmaq kimi sayılır ki, Rusiya prezidenti ötən həftə Taker Karlsona verdiyi müsahibədə orta əsrlərdə Ukrayna ərazisinin Rusiyaya məxsus olduğunu, Ukraynanın dövlət olaraq sonradan əmələ gəldiyini iddia edib.

Keçmiş prezident Elbeqdorj öz ölkəsinin tarixi xəritəsini yaymaqla demək istəyir ki, ona qalsa, Rusiya da 300 il monqol-tatar əsarətində yaşayıb, rus knyazları monqolların vassalı olublar, demək, biz də iddia edə bilərik ki, o torpaqlar bizimdir.

“Biz sülhsevər xalqıq” ifadəsi isə o deməkdir ki, monqollar ruslardan fərqli olaraq tarixdən yapışıb durmayıblar, köhnə sərhədləri bərpa etmək üçün müharibə aparmır, mülki insanları qırmırlar.

Bəs bunu niyə gözlənilməz hərəkət saymaq olar?

Ona görə ki, Rusiya əsrlərcə monqolların əsarəti altında yaşasa da, 20-ci əsrdə tarixin təkəri geri flrlanıb və 1921-24-cü illərdə SSRİ-nin köməyi ilə Çindən tamamilə qoparaq müstəqil dövlət olan Monqolustan Rusiyanın vassalı olub. II dünya müharibəsi bitənə qədər bu ölkəni yalnız SSRİ tanıyıb. Müharibədən sonra kommunistlərin rəhbərliyi ilə sosialist respublikası elan edilən Monqolustan ta 1990-cı ilə qədər Moskvadan idarə olunub, sadəcə, bu ölkə Çinin tərkibindəki Daxili Monqolustan Muxtar Rayonundan bir az artıq statusa malik idi. Tam müstəqillik qazanandan sonra da Rusiya Monqolustanı özünün “arxa bağça”larından biri sayırdı və yenə də elə sayır. Fəqət eks-prezident Elbeqdorjun “xəritə sataşması” göstərir ki, artıq monqollar Rusiyaya, Kremlə 20-ci əsrdəki kimi itaət etmək fikrində deyillər.

1 milyon 564 min kvadrat kilometrlik əraziyə (Azərbaycandan 18 dəfə böyük), 3,5 milyon əhaliyə (ölkəmizdən 3 dəfə kiçik) malik olan ölkənin eks-prezidenti birdən-birə niyə belə etsin? Elbeqdorj nəyə güvənir?

Bu suala cavabı sabiq prezidentin avtobioqrafiyasındakı iki cümlədə tapmaq olar: “Elbeqdorj liberal baxışları ilə tanınır”; “Baş nazir postundan istefa verdikdən sonra o, 2001-ci ildə bir il Kolorado Universitetinin iqtisadiyyat institutunda oxuyaraq, diplom alıb, 2002-ci ildə Con Kennedi adına Harvard Universitetini bitirib, magistr dərəcəsi qazanıb”.

puter.jpg (7 KB)

Başqa sözlə, Elbeqdorj gəncliyində SSRİ-də, Lvovda ali hərbi-siyasi məktəbdə hərbi jurnalistika təhsili alsa da, ABŞ-da aldığı təhsil onun dünyagörüşünün formalaşmasına, liberal baxışlara malik olmasına səbəb olub. Ona görə də bu gün sabiq prezidentin siyasi mövqeyi ilə Qərb siyasətçilərinin mövqeyi üst-üstə düşür. Ayrıca o, Ukraynaya rəğbət bəsləyən, bu ölkənin ali ordenini daşıyan şəxsdir.

Elbeqdorj təcrübəli siyasətçidir, ölkəsində 3 dəfə deputat, 1 dəfə parlament sədrinin müavini, 2 dəfə baş nazir, 1 dəfə prezident vəzifəsi (8 il) tutub.

O, bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin himayəsi altında keçirilən aksiyalarda iştirak edir. Sabiq prezident tez-tez Monqolustanın universitetlərində və digər dövlət qurumlarında mühazirələr oxuyur.

Bir sözlə, Elbeqdorj Qərbpərəst siyasi xadimdir. Ona görə də bu gün onun Putinə “ilişməsi” təbiidir. Ən əsası, hansı dünyagörüşü daşımasından asılı olmayaraq, onun Monqolustanın “tarixi xəritəsi”ni ironik şərhlə dərc etməsi ibrətamizdir. Bundan təkcə Putin yox, imperiya ambisiyası ilə yaşayan o biri ölkələr də dərs almalıdırlar. Bunu onlara tarixin, bütün zamanların ən böyük imperiyasını qurmuş, Avrasiyada əsrlərcə hökmranlıq etmiş monqolların hakimiyyətə seçki ilə gəlib-gedən, həmişə sülhə, razılaşmaya çağıran demokrat oğlu deyir.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости