Свобода людям, независимость нациям!

Puerto-Riko xalqının əbədi səadətinin bağlı olduğu ölkə

1235 20.04.2022 09:30 Колумнисты A A

Feysbukdakı xalqımızın Quseyn-bloqer-Ayfon-izdiham mövzusunu müzakirə etdiyi bir vaxtda dünyanın o başındakı adada camaatın dərdi başqadır.

Ona görə də “Park bulvar” məsələsini qatlayaq, qoyaq bir tərəfə, gedək uzaqlara, Puerto-Rikoya. Çünki Puerto-Rikoda baş verən hadisə daha maraqlıdır.

Qardaş Ukrayna xalqının öz müstəqil dövlətçiliyini qorumaq üçün ölüm-dirim savaşına çıxdığı bir vaxtda, görün, Puerto-Riko xalqının və hökuməti nə uğrunda mübarizə aparır. Çox düşündürücüdür.

Öncə onu deyək ki, əsasən müstəqil şəkildə idarə olunan bu ada dövləti xarici siyasətdə ABŞ-a tabedir. Bugünlərdə bu dövlətin və ya quberniyanın qubernatoru Pedro Pyerluisi İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib ki, o, Puerto-Rikonun əvvəl-axır ABŞ-ın 51-ci ştatına çevriləcəyinə, ölkənin ABŞ Konqresində nümayəndəsinin olacağına şübhə etmir. Qubernator bildirib ki,  Puerto-Riko xalqı buna can atır, bu məqsədə nail olmaq üçün mübarizə aparır.

Paradoks budur: dünyanın bir tərəfində bir xalq öz aqressiv qonşusundan qopmaq üçün ölümünə mücadilə verir, dünyanın o biri tərəfində bir adanın xalqı nəinki müstəqil dövlət olmaq istəmir, hətta dinc mübarizə üsulu ilə qüdrətli dövlətin 51-ci ştatı olmaq üçün mübarizə aparır.

Əlbəttə, Puerto-Riko xalqının öz mübarizəsini dinc üsullarla aparmaqdan başqa çarəsi yoxdur. Nə edəcək? Durub ABŞ-a müharibə elan edəsi deyil ki, tez ol, məni ştat kimi öz daxilinə qəbul elə. Dünyada bir ilk olar, həm də absurd hərəkət kimi görünər. Hərçənd məşhur lətifədə deyildiyi kimi, bu, daha kəsə yoldur. Zəif dövlət güclüyə hücum edir, o da qayıdıb zəifi işğal edir, söhbət bitir. İntəhası, bu işin zibili çıxa bilər, ABŞ ya acıq edib birdəfəlik Puerto-Rikodan üz döndərər, ya da elə bir zərbə qoyar ki, Puerto-Riko cırıq-cırıq olar, Puertosu bir tərəfdə qalar, Rikosu o tərəfə gedər.

Pedro Pyerluisi əmindir ki, ölkəsi ABŞ-ın 51-ci ştatı olsa, nə ölkənin dövlət dillərindən biri olan ispan dili, nə də xalqın mədəniyyəti, adət-ənənələri riskə məruz qalmayacaq. Yəni Vaşinqton şərait yaradacaq ki, Puerto-Riko camaatı özünü müstəmləkə kimi hiss etməsin.

Onu da deyək ki, Puerto-Riko Karib dənizində yerləşir, Kuba adasına, eləcə də ABŞ-ın Florida ştatına yaxındır, əhalisi təxminən bizim qonşumuz Ermənistanın əhalisi qədərdir (3 milyon), intəhası, ərazisi balacadır, bizim Qarabağın üçdə biri boydadır. 

İndiyə qədər Puerto-Rikoda ABŞ-ın ştatı olmaq üçün 6 dəfə referendum keçirilib, hər dəfə xalq təşəbbüsün lehinə səs verib. Puerto-Riko camaatı əmindir ki, xalqın əbədi səadəti ABŞ-a bağlıdır və bu ölkənin günəşi şərqdən yox, qərbdən, ABŞ tərəfdən doğur. Amma ABŞ dövlətinin daşqəlbli başbilənlərinin qarnının azarı nədirsə, xalqın istəyinə müsbət cavab vermirlər.

Kənardan baxan elə bilər ki, puerto-rikolular kasıbçılıqdan özlərini ABŞ-a yamayırlar ki, federal büdcədən daha çox maliyyə alsınlar, yaxşı yaşasınlar. Elə deyil. Puerto-Riko camaatı onsuz da pis yaşamır. Quberniyanın büdcəsi 112 milyard dollar həcmindədir, ada əhalisinin orta illik qazancı yaxşıdır, adam başına 35 min dollar düşür. Nələrinə bəs deyil? Üstəlik, ispan dilindən tərcümədə “puerto-riko”nun mənası “varlı liman”dır. Adanın turizmi, əczaçılığı, sənayesi inkişaf edib. Bircə neftləri yoxdur. O da olsa... Bax, yəqin ki, onda ABŞ Puerto-Rikoyla bağlı tərəddüd etməzdi.

Amma indi millət gözləyir ki, dünya hegemonu, imperialist və məkrli ABŞ bu adanı nə vaxt öz 51-ci ştatına çevirəcək? Serlər möhkəm dirəşiblər, yadelli işğalarazıları yaxın qoymurlar.

Buradan belə anlaşılır ki, demokratiya və qanunun aliliyi bərqərar olunan güclü dövlətlər kiçik ölkələr üçün cəlbedici olurlar. Bir də var, bir ölkə ola, xalqı hamıya üstdən aşağı baxa, dövləti qonşularıyla müstəmləkə kimi davrana, vaxtaşırı qapazlamaq, sağmaq, ucuza işlətmək istəyə, səsini çıxaranı vurub əzə. Elə ölkəyə kim yaxın gedər, kim onun təbəəsi olmaq istəyər? Heç kim. Əgər ABŞ da bəzi ölkələr kimi hozuluq eləsə, yəqin ki, Puerto-Riko xalqı heç vaxt onun ştatı olmaq istəməz, hətta gücü çatdığı qədər silahlı müqavimət göstərər.

Əslində bir az uyğun məsələ bizim regionda da var. Məsələn, Rusiya da istəyir ki, keçmiş sovet respublikaları Puerto-Riko kimi olsunlar, özlərini idarə etsinlər, amma xarici siyasətdə Kremlə baxsınlar. Bir də seçkilərdə həmişə Moskva ilə razılaşsınlar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости