Свобода людям, независимость нациям!

Peru gündəmi

1437 09.12.2022 10:30 Колумнисты A A

Cənubi Amerikada Peru adlı dövlət var, hazırda orda tragikomik hadisələr yaşanır. Prezident Pedro Kastillo parlamenti buraxmaq istəmişdi, lakin deputatlar ondan qıvraq tərpəndilər, prezidentin özünü tutub basdılar içəri. Yerinə də vitse-prezidenti qoydular.

Ancaq vitse-prezidentin iş başında neçə gün qalacağı sual altındadır, çünki son 3-4 ildə Peruda bəlkə 5 prezident dəyişiblər. Onu çıxarırlar, bunu qoyurlar, vəziyyət düzəlmir ki, düzəlmir. Bir növ, AXC-Müsavat dövrünü xatırladır.

Şübhəsiz, Peru camaatının xilaskara ehtiyacı var, lakin xilaskarı hardan tapsınlar? Bizim bir ata sözündə deyilən kimi, imam şaftalı ağacı deyil ki, hər yerdə bitə. Hər xalqın xilaskarı olmur. Bu, Allahın lütfüdür. Gərək nə qədər dua eləyəsən, Allaha yalvarasan, qurbanlar kəsəsən, həccə gedəsən, nə bilim, cadu-piti eləyəsən.

Bunlar isə bineyi-qədimdən avam camaatdır. Təsəvvür elə, oranı ispanlar işğal eləyəndə (ili yadımda qalmayıb, kimə maraqlıdırsa gələn nömrədə internetdən tapım yazım) ink xalqının hökmdarı varmış, adı Ataualpa olubdur. Bu kişi millətə heç yaxşı atalıq eləməyib, cəmi 200-300 ispan bunun 10 minə yaxın qoşununu qırıb-çatıbdır. İdiotizm üzündən: Ataualpa ispanların şirin dilinə aldanıb, o boyda qoşunu ispanların qabağına silahsız aparıb. Maymaqlığın zirvəsi hələ bu deyil ki. “Döyüş” zamanı hökmdar əsir düşüb, sonra ispanlara deyib ki, məni buraxın, bir otaq dolusu qızıl verəcəyəm. Bütün ink xalqı arvad-uşağın qolunda, boğazında, əlində-üzündə, “Mərkəzi Univermaqda”, Əcəmidəki dükanlarda nə qızıl varsa hamısını topalayıb veriblər acgöz ispanlara. Lakin ispanlar yenə kişini buraxmayıb, vurub öldürüb. Elə yaxşı oldu Mərakeş dünya çempionatında İspaniyanı mələtdi. İnk xalqının ahı tutdu Luis Enrikeni.

İndinin özündə Peruda neftdən qızıla, misdən qaza qədər hər şey var. Ölkə cənnət kimi yerdir. Yalan olmasın, 11 iqlim qurşağının 9-u Perudadır. Düzənlik, səhra, dağlar, dərələr, meşələr - hər cür təbiət var. Yalnız turizm hesabına milyardlar qazana bilərlər, lakin acından günorta dururlar. Bir az sosializm ideyası, bir qədər marksizm, nə bilim, bir az katolik dini-filan, nəticədə Peru xalqı uzun illərdir sürünür.

Prezident (artıq eks) Kastillo isə ümumiyyətlə, gülməli fiqurdur. Bunun evinin şəkli var internetdə, həmin evi bizim Masazırda Əlisa Nicata bağışlasan, bəlkə imtina eləyər, deyər burda adam qalmaz. O dərəcə kasıb adam idi. Prezidentlikdən qabaq. Məsələ ondadır ki, Kastillo kənddə müəllim işləyirmiş.

A kişi, müəllimi prezident qoyarlar? Biz bir dəfə qoymuşduq, sonra kəndə dalıyca gedirdik. Əlimiz yağa-bala batmışdı. Müəlliminki uşaqlara qayıb yazmaq, hərdən şapalaqlamaq, bir də bayramda “Nazpəri” konfeti arzulamaqdır. “Müəllim siyasətə qarışanda, təhsil geri düşür” - Blez Paskal demişkən. (Fikrim var indən belə aforizmləri Paskalın adından yazım).

İndi deputatlar deyir Kastillo prezident işlədiyi dövrdə xalqın əmlakına göz dikibdir. Pah. Yetim çox yatıb, yuxu görüb. 2021-də, min zülümlə prezident keçmişdi də. Müəllim ki, müəllim. Rəhmətliyin oğlu, deputatlar nəmənə şeydir sən bunlarla bacarmamısan? Camaat deputatı şapalaqlayıb türməyə basır. Hətta elə müdrik siyasət yürütməlisən ki, bir gün parlamenti buraxmağına ehtiyac olmasın, deputatlar özləri-özlərini buraxsınlar.

Güman edirəm Kastillo türmədə “Bilirdim bu quruluş dağılacaq” adlı kitab yazar. Peru xalqında yaxşı yazıçılıq istedadı var, misal üçün, Mario Varqas Lyosa Nobel mükafatı alıbdır.

Sözgəlişi, Lyosa 1990-cı ildə prezidentliyə namizədliyini vermişdi, lakin Fuximori soyadlı bir tipə uduzmuşdu. Bəs Fuximori indi hardadır? Harda olacaq, türmədə. Peruda türmə prezidentlə doludur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости