Свобода людям, независимость нациям!

Pensiyamızın investisiya hissəsi

2176 05.02.2023 14:38 Колумнисты A A

“Hər dərədə bir at öldürüb, baytar olub”

(ata sözü)

Adam bilmir hökumətə və deputatlarımıza hansı formada minnətdarlıq eləsin. Hər gün, hər saniyə uca millətimizi sevindirməklə məşğuldurlar. Budur, təzə şad xəbər fevralın soyuq günlərində yaşlı insanların canına isitmə salmışdır. Deyir pensiya sistemində yeni təcrübəni tətbiq edəcəyik. Sosial sığorta haqqında qanuna dəyişiklik qəbul edilsə, Sosial Müdafiə Fonduna toplanan pullar investisiya üçün istifadə olunacaq. Pullar gəlir gətirəcək, sonra həmin gəlir pensiyaçılara əlavə ödənəcəkdir. Hətta Norveçdə bu təcrübədən istifadə olunurmuş!

Dəyişiklik qəbul edilsə, təcrübə tətbiq olunsa, investisiya yatırılsa, pensiya artsa... Tanış gəlmirmi? Doğrusu, Norveç təcrübəsini niyə belə bəh-bəhlə ortaya atırlar, anlamıram. Öz xalqından uzaq düşməyin nəticəsidir. Axı belə iqtisadi modellər uca millətimizin fikir xəzinəsində, iqtisadi dağarcığında və model heybəsində zibil kimidir. Götür, havayı işlət. Uzağa gedib dağa-daşa, Norveçin dərələrinə düşməyin mənası nədir? Üstəlik, bu saat Norveçdə qar dizə çıxır, deputatı, məmuru təcrübə öyrənməyə göndərsən sürüşüb kəlləmayallaq olar, fyordun dərinliyində boğular, ömrünün yerdə qalan hissəsini seçicilərə tapşırar. Bəs onlar – milli modellərimiz hansılardır?

Bunlardan birincisi yonca əkimi ilə bağlıdır. Daha doğrusu, yazın gəlişini gözləyirsən, yonca öz-özünə bitir. Sadəcə, gərək bacarasan, bu arada ölməyəsən. Onun da modelini babalarımız sazla söyləyiblər, nəsillərə əmanət qoyub gediblər: “Hər kəs yüz il yaşamasa, Günah onun özündədir”. Millətin günahı çoxdur, bəziləri heç pensiya yaşına çatmamış ayağını uzadıb ölür.

İkincisini isə görkəmli vətəndaşlarımızdan Molla Nəsrəddin müəllim (yazıya mız qoymaq istəyən olsa ip ucu verirəm: molla və müəllim eyni sözdür) hələ yüz illər qabaq hazırlamışdır. Orda Mollaya borc verən adam qapını kəsdirir, pulunu istəyir, Molla deyir: “Bax, həyətimizdəki qaratikan kollarını görürsənmi? Burdan hər il qoyun sürüsü keçir, yunları ilişib tikanlarda qalır. Onları yığacağam, arvad sap əyirib corab toxuyacaq, corabı bazarda satacağam, gətirib sənin pulunu verəcəyəm”. Borcunu istəməyə gələn işinin düzəldiyini görüb gülürdü.  

Sən də deyirsən Norveç modeli... Sanki biz Quranı yandıran kafərlər ölkəsiyik. Düzdür, orda yox, İsveçdə yandırmışdılar, ancaq ikisi də bir-birinin tayıdır. Axırı “...veç”lə bitənlər vecsiz yerdir. Yenə Molladan misal gətirsək, bu buzov açılsa ipiqırıq buzovdan da bərk gedər.

Bizdə pensiyaçıların Norveçi ötüb keçməsinə əslində elə çox qalmayıbdır. Hazırda Azərbaycanda minimum pensiya 280 manatdır. Çevirəndə 164 dollar edir. Norveçdə minimum pensiya isə 1600 dollara bərabərdir. Uzağı 10 dəfə artırsaq bizim pensiyalar 1640 dollar olacaq və Norveçi 40 dollar ötəcəyik. İndinin özündə bəzi deputatlarımız, keçmiş nazirlər arasında bu qədər, bundan çox alan şəxslər vardır. Məsələn, keçən ay keçmiş MTN şefi Eldar müəllimin 6 min manat pensiya aldığını yazmışdılar. Deməli bunu dollara çevirsək 3530 dollar edir. Bəlkə heç Norveç kralı 1-ci Harald o qədər pensiya almır. Üstəlik, pis çıxmasın, mən Osloda olanda bu kralın sarayını görmüşəm. Çölün düzündə, hasarsız-zadsız bir yer idi. Qapıdakı qarovulçu ilə istəyirsən şəkil çəkdir. Eldar müəllimin villasına heç quş uça bilmir, qanad salır.

Bir də mən o boyda Norveçdə bir parkda oturub domino, nərd oynayan ağsaqqal, topa ilə ağlaşmaya gedən ağbirçəklər görmədim. Bu isə bizim pensiyaçıların güzəranının daha üstün olmasının isbatıdır.

Sonda minnətdarlıq üçün gələcək pensiyamın investisiya hissəsindən Milli Məclisin deputatları naminə imtina edirəm. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости