Свобода людям, независимость нациям!

Pəncərədə intihar

1013 31.03.2022 10:00 В Мире A A

Bildiyiniz kimi, hazırda dünyada yeni siyasi dalğa yaşanır: bütün dövlətlərin parlamentləri Ukrayna prezidenti Volodimir Zelenski (məncə bizim media nəhayət bu kişinin adını düzgün yazmağı öyrənməlidir) ilə əlaqə yaradır, onun çıxışını dinləyirlər. Artıq Zelenski videoformatla ABŞ, Britaniya, Polşa parlamentləri önündə danışıb, Avstraliya, Yunanıstan deputatlarına da qiyməti fikirlərini çatdıracaq, hansısa ölkələr yadımdan çıxdısa oxucular bağışlasın.

Bəs Azərbaycan? Yaxşı olar Zelenskinin ofisi bizim parlamentlə əlaqə qursun, onun Milli Məclisimizin üzvləri önündə çıxışına şərait yaradılsın. Ona görə yox ki, deputatlarımızın Zelenskinin moizələrinə qulaq asmağına ehtiyac vardır. Qətiyyən. Bizim deputatlar Putini Moskva çayına, Zelenskini də Karpat bulaqlarına susuz aparıb, susuz gətirərlər. Əksinə, Ukrayna prezidentinin bizim deputatlardan öyrənəsi çox şey və zad var. Məsələn, qışqırmağı. Yaxud, heç danışmamağı. Bəzən gizlənməyi, bəzən gopa basmağı. Müharibə şəraiti üçün bu keyfiyyətlər vacibdir. Bu yaxında bizim bir deputatı hansısa işə qoymuşdular, o zaman kişi parlamentdən istefa verdiyini açıqladı, onun deputat qoyulduğu dairədən xeyli adam şok keçirib insult oldu, ağzı əyilənləri hələ də Semaşkodan yığışdıra bilmirik. Nəyə görə? Sən demə bu adamlar belə bir varlığı deputat seçdiklərini indiyəcən bilməyirmişlər. Seçiblər, yadlarından çıxıb. Bu da olar. Həyat qəlizdir.

Sözgəlişi, baş prokurorluğumuzun dəli rus deputatı Delyaginə cinayət işi açıb axtarışa verməyini alqışlayıram. Yalan olmasın, həyatımda ilk dəfədir bir prokurorluğun qərarına dəstək verirəm. Ümid edirəm, o cinayət işi uğurlu nəticə verər, Bakıdakı rus icması tezliklə Kürdəxanı izolyatoruna peredaça daşıyar, ilahi, amin. Hacı Ramilin, Hacı Şahinin, Məşədi Azərin moizələrinə qulaq asan həmvətənlərimizdən bu duaya qoşulmağı xahiş edirəm. Necə deyərlər, “esemeslərinizi gözləyirəm”.

Harda qalmışdıq? Hə, Semaşkoda. Dünən hansısa xəstəxanamızdan qəribə bir video paylaşmışdılar: qadın xeylağı pəncərədən asılmışdı. Bir neçə nəfər onu yuxarı dartmağa çalışırdı, bir neçə nəfər də aşağıdan basırdı ki, biçarə insan aşağı düşüb ölməsin. Video “Qadın xəstəxanadan atılıb intihar etmək istədi” başlığıyla getmişdi, şükür, intihar baş tutmadı, qadını uzun qara-qışqırıqdan sonra dartıb pəncərədən içəri saldılar, videonu çəkən bəni-adəm isə axırda pis-pis irişdi, sanki xoşbəxt sonluğa bu cür sevinmək lazım imiş. Lakin məni situasiyanın qeyri-adiliyi düşündürdü.

Birincisi, camaat niyə intihar eləmək istəyir? Buna nə ehtiyac var? Dərdin, şikayətin var, get idarəyə. Elə bu həftə təzə şikayət qəbulu idarəsi açılıbdır. Maşallah, ölkəmizin harasına getsən, şikayət qəbulu üzrə idarələr vardır. Doludur. Hər küçəyə biri düşür. Hətta bəzi məhəllələrdə “Şikayətlərin qəbulu idarəsindən şikayətlər” üzrə idarələr yaradılır. Tfu, göz dəyməsin, yanınızı qaşıyın.

İkincisi, xəstəxana pəncərəsindən atılıb ölmək nə deməkdir? Rəhmətliyin qızı, o xəstəxanada qalsan, əziz və hörmətli həkimlərimiz, mərhəmətli tibb bacıları özləri qısa müddətdə bu fəaliyyəti həyata keçirib səni kamali-ədəblə dünyamızdan harasa yola salacaqlar. Necə deyərlər, tərtəmiz, vuruqsuz, əziksiz. Maşallah, həkimlərimiz sağlam adamları öldürmək üzrə ustadırlar. Xəstəxanaya girmisən, səbr elə, növbəni gözlə, darıxma.

Sonda mənə elə gəlir Zelenskinin Azərbaycan parlamentində çıxışını təşkil eləmək Putinin də maraqlarına uyğundur. Çünki axırıncı dəfə, yadıma gəlir, bizim deputatlar önündə gürcü prezidenti Saakaşvili danışmışdı, onun taleyi də oxucularımıza məlumdur: indi pəncərədən azad quşlara baxır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости