Свобода людям, независимость нациям!

Pəhləvilərdən Rəisiyədək dəyişməyən siyasət: Azərbaycan türkləri sizə nə edib?!

1521 14.05.2023 13:09 Колумнисты A A

1979-cu ildə İran İslam İnqilabının əsas aparıcı qüvvəsi Azərbaycan türkləri olmuşdu. Güneydəki soydaşlarımız qanları, canları bahasına qatıldıqları bu mübarizənin bəhrəsini görəcəklərini zənn edirdilər, düşünürdülər ki, onlara qan udduran Rza Şah Pəhləvinin və oğlu Məhəmməd Rza Şah Pəhləvinin yaşatdıqları keçmişdə qalacaq, yeni həyata başlayacaqlar. Amma...Dəyişən baş örtüyü, mollaların gətirdiyi “yeniliklər” oldu ki, onun da sonuncu “bəhrə”sini ümumiyyətlə, İranda yaşayan xalqlar ötən ilin payız aylarından görməkdədirlər: yenə də qan tökülür, ömürlər yarıda qırılır, minlərlə həbslər, icra olunan onlarla edam hökmləri...


44 il əvvəl qəbul olunmuş konstitusiya İranda yaşayan milyonlarla Azərbaycan türkünə ana dilində təhsil hüququnu tanımışdı. Amma rejim ana qanundan üstün oldu, tanımadı bu hüququ. Müasir dünyada ən təbii hüquqdur ana dilində təhsil almaq, amma sayı 40 milyonu adlamış, İranın ümumi əhalisinin yarıdan çoxunu təşkil edən nəhəng bir toplumun bu haqqı verilmir. Haqqını alanlar var təbii ki...Bir ovuc erməni vətəndaş burada da irəlidədir, ermənicə məktəblər, təhsil...Sayı yüz min ətrafında olan İran erməniləri istədikləri vaxtda və yerdə ortaya çıxıb, istədikləri hərcayılıqları nümayiş etdirə bilirlər: hətta Tehranın mərkəzində Azərbaycan ərazilərinə dil uzatdıqlarına görə də onlara hakimiyyətdən irad və məhdudiyyət gəlməyib nə vaxtsa...

İlin bütün aylarında İrandakı rejimin Azərbaycan türklərinə qarşı repressiyaları ilə bağlı qara tarixlər var. 2006-cı ilin 22 may – İran təqvimi ilə 1 xurdad - hadisələrini unutmamışıq, heç zaman da unutmayacağıq. Güney Azərbaycanın 30-dan çox şəhərində “Haray, haray mən türkəm!”, “Təbriz-Bakı-Ankara, Biz hara, farslar hara!”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” sədaları ilə küçə və meydanlara axışan milyonlarla Azərbaycan türkü rejimə etiraz etdi. Rejim haqlı etiraz edən insanların deyil, Allah bəndəsini həşarata bənzədən mənfurların yanında dayandı, əliyalın etirazçıların qarşısına ordu göndərdi, növbəti dəfə...

Fars şovinizminə qarşı etiraz aksiyalarında 200-ədək bacı-qardaşımız şəhid oldu, minlərlə dinc etirazçı yaralandı, həbs edildi. Təsəvvür edin, ölkənin rəsmi media orqanında – İranın Xəbər Agentliyinə daxil olan “İran” qəzetində (12 may 2006-cı il sayında-red.) ölkənin taleyində misilsiz xidmətləri olan xalq təhqir edilir, tirajlanmış karikaturada nəhəng bir toplum “həşarat” adlandırılır, buna etiraz edənlərin qarşısında üzr istəmək, təzim etmək, əfv diləmək, günahkarları cəzalandırmaq əvəzinə, onların üstünə ordu göndərilir. Bu, nə dinə-imana, nə haqq-ədalətə, nə qanuna sığacaq bir davranış metodu deyildi, amma tətbiq elədilər. Hərgah, eyni davranış qeyri-türklərə qarşı olsaydı, fərqli münasibət sərgilənərdi, onları təhqir edənləri zindanda çürüdər, adını “xarici kəşfiyyatın sifarişini icra etmək” qoyub, dar ağacından asardılar icraçıları. Amma Azərbaycan türklərinə münasibətdə əksini gördük...Türklərə həqarət dolu karikaturanın müəllifi Mana Neyestani aradan çıxarıldı, Dubayda istirahətə (?!) yollandı, milyonları təhqir edən qəzeti “gözdən pərdə asmaq” üçün beş ay qapadılar, sonra dedilər “gedin, bildiyinizi eləyin”.

Ən heyrətamizi isə o idi ki, məhkəmə yüzlərlə insanın fəlakətinə bais olan qəzetin redaksiya heyətinə, başda Qulamhüseyn İslamifərə olmaqla bəraət (!!!) hökmü çıxartdı, cinayət işi qapadıldı. Bu, bir görünməmiş davranış metodu idi, 200 nəfəri qətlə yetirən, yüzlərlə insanı şikəst edən rejim cəlladlarından kimsə qandallanmadı. Bu, bütövlükdə Azərbaycan türkünə, Azərbaycana münasibətin göstəricisiydi. Nə olsun ki, sonradan rejim mənsubları saxtakar libasına bürünüb Azərbaycan oğullarının qəhrəmanlığından bəhs elədilər, ayrı-ayrı görüşlərdə, sadəcə aranı sakitləşdirməkdən ötrü. Amma onların Azərbaycan türklərinə gerçək qiymətini elə may hadisələrində gördük. Əslində bu, nə ilk deyildi, nə də son olmayacaq, şübhəmiz yoxdur. Şeyx Məhəmməd Xiyabani, Səttərxan hərəkatlarını qan işində boğan, Seyid Cəfər Pişəvərinin qurduğu Milli Hökuməti bir ilin tamamında süquta yetirib, qurucuların soyqırımını həyata keçirən şah rejimindən nə ilə fərqləndi, mövcud İran rejimi?! Heç nə ilə, eyni davranış, eyni cəza...”Azadlıq, Ədalət, Milli hökumət” tələbilə haqqını tələb edən milyonlarla azərbaycanlının səsini dünyanın aparıcı paytaxtları da eşitmir, təəssüf ki...Sanki bir anlaşma var İran rejimi ilə. Qarabağdakı bir ovuc erməni üçün min oyundan çıxan paytaxtlar milyonlarla azərbaycanlının pozulan təbii haqlarını görməzdən gəlirlər...

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır, bu istiqamətdə lazımi addımlar atılmalıdır”-deyərkən ilk növbədə İranda, təbii haqları tapdanan soydaşlarımızın hüquqlarının bərpasına şağırış etmişdi. Amma müsbətə doğru dəyişmədi münasibət, əksinə...

Görün rejimin Azərbaycan türklərinə nifrəti hansı həddədir ki, hətta şəhidlərini dini qaydalara uyğun şəkildə dəfn etmək, anmaq imkanı belə verilmədi, sanki onlar hansısa böyük qəbahətlərə yol veriblərmiş kimi...Hansı ki, İran İslam İnqilabında mücadilə verən insanlara rejimin borcu var, məhz azərbaycanlıların qazancının bəhrəsini görürlər, lakin qarşılığında qurşun verirlər! O qanlı may hadisələrindən 17 il keçir, şəhidlərimizi sayğı ilə yad edirik, qatillərə lənət deyirik. Amma sonrakı dönəmlərdə, elə ötən ilin sentyabrından başlayaraq, indiyədək davam edən etirazlarda da çoxsaylı itkilər verib soydaşılarımız. Rejim cəlladları uşaqlara da rəhm etmir, Güneydəki məktəblərdə, universitetlərdə təhsil alan qızları naməlum maddələrlə zəhərləyir, bu, heyrətamiz cəza üsuludur! Uşaqların, gənc qızların günahı nədir? Bir hakimiyyət öz vətəndaşı ilə belə davranarmı?! Bu sualları qeyri-iradi olaraq ünvanlayandan sonra dərhal da düşünürsən ki, bəs, hansı ölkədə ona əmanət olan səfirliyə o şəkildə silahlı hücum ola bilərdi, polisin, təhlükəsizlik xidmətinin gözləri qarşısında diplomatik toxunulmazlığı olan əməkdaşlar qətlə yetirilər, yaralanardı? Bu, İran rejiminin Azərbaycana və azərbaycanlılara gerçək münasibətinin on illərdir davam edən ifadəsidir! Bu, anoloqu olmayan münasibətdir, nə dindaşlığa, nə qonşuluğa, nə insanlığa məhəl qoyuldu...

Urmu gölü illərdir bilərəkdən qurudulur, dəhşətli ekooji fəlakət yaradılır, azərbaycanlıları tarixi yurdularından deportasiya etməkdən ötrü. Bu məkana qeyri-türklərin köçürülməsi istiqamətində layihələr də masada. Elə bu günlərdə Şərqi Azərbaycan (İran rejimi Azərbaycanı beləcə, şərqə, qərbə bölüb, dilimləyib-E.P.) əyalətinin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə deyib ki, hazırda Urmu gölünün sahəsi 1540.73 kvadrat kilometrdir. Onun sözlərinə görə, ötən ilin eyni dövründə bunun 2495.72 kvadrat kilometr olduğu üçün, bir il ərzində Urmiya gölünün sahəsi 955 kvadrat kilometr kiçilib. Bununla yanaşı Urmu gölünün hazırkı su səviyyəsi 1270,42 metr təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 sm azdır. Urmunun qurudulmasına başlanmazdan öncə burada su tutumu təqribən 17.28 milyard kubmetr olub! Fərq ortada!!!

Bu günlərdə İran və Ermənistanın Araz çayına axıtdığı zəhərin görüntüləri yayımlandı. Son məkanı Xəzər olan, Azərbaycan üçün önəm kəsb edən Araz çayını bilərəkdən məhv edir bu, “bacı-qardaş” ölkə. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın söylədiyi “Arazı ayırdılar...” bayatısına xarici işlər naziri səviyyəsində (?!-red.) etiraz bəyanatı verən İran rejimi Araza axıdılan zəhərə məhəl qoymur. Məqsəd bəlli, Azərbaycanı zəhərləmək, məhv etmək siyasətinin tərkib hissəsidir. İmkanları olsa, Arazın axarını dəyişərdilər, biriləri İpək Yolunun marşrutunu Azərbaycandan kənardan cızdığı kimi...

Xəzər dənizinə “Mazandaran” dediyinə görə, mərhum prezident Heydər Əliyev tərəfindən İran prezidentinə şəxsən tutarlı cavab verildiyini yaxşı xatırlayırıq. Zaman-zaman cavabları verilib. 44 günlük müharibədə qazandığımız Zəfəri sinirə bilməyən müsəlman (!) qonşumuz on illər boyunca Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda məscidlərimizi dağıtmasına, Allahın evində donuz saxlamasına sakit reaksiya verdi, işğalçı üçün nəfəsliyə çevrildi. O zaman nə din yada düşdü, nə “qırmızı xətt”. Amma elə ki, Azərbaycan donuzu darıdan – Azərbaycan torpaqlarından qovdu, İran rəngbərəng xətlər çəkməyə başladı, ardınca Ermənistanı PUA-larla, hərbi mütəxəssislərlə təmin etməyə, raketlər yollamağa girişdi. İranın güneyli-quzeyli Azərbaycana münasibəti heç dəyişmədi, xüsusən də 105 il boyunca. Ötən əsrin əvvəlində, elə bu may ayında Şərqdə ilk Demokratik Cümhuriyyətin yaradılmasını həzm edə bilməyin, ölkəmizi tanımayan İran əsrin sonunda, 1991-ci ilin 18 oktyabrında Müstəqlliyimizin bərpa Aktını da zorən həzm elədi, dekabrda tanıdı müstəqilliyimizi.

Ötən əsrin əvvəlində uğurlarımızı həzm edə bilməyən pəhləvilər idi, əsrin sonunda elan olunan Azərbaycan Respublikasına qəzəbli reaksiya verən isə İran İslam Respublikasının rəhbərliyi. Nə 1925-79-cu illərin qaniçənləri Rza Şah və Məhəmmədəli Şah, nə nə İslam İnqilabından sonrakı dövrdə İrana rəhbərlik edənlər - Bənisədr, Rəcai, Rəfsəncani, Əhmədinejad, Ruhani, Rəisinin xoş münasibətini gördü o taylı-bu taylı Azərbaycan...Ad və soyadlar dəyişdi bu illərdə, münasibət dəyişmədi güneyli-quzeyli Azərbaycana! Əli qanlı, Xocalı canilərini, uşaq qatillərini bağrına basdı İran liderləri...Bir əsr öncə olduğu kimi, bu gün də İran Ermənistanın yanındadır! Azərbaycan prezidentlərinin, rəsmi şəxslərinin İrana səfər prokotollarında Təbrizin əksini tapmasına belə, imkan vermədilər!!! “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” deyənləri, Abbas Lisani başda olmaqla, zindana yolladılar...O qədər acı nümunələr var ki...

Belə qonşuluq, belə dindaşlıq olmur, olmaz! Birisi də yoxdur ki, ortaya çıxsın və Pəhləvilərdən Rəisiyədək dəyişməyən siyasətin səbəbini açıqlasın, desinlər ki. Azərbaycan türkləri bizə (oxu: sizə) nə edib?!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости