Свобода людям, независимость нациям!

Patruşevin çürük məntiqi: Azərbaycanı da belə işğal eləmişdilər - 20-ci ildə...

3219 20.08.2022 13:06 Колумнисты A A

“Rusiya Kiyevdəki marionet rejimə qarşı mübarizə aparır və onun məğlubiyyətindən əsas faydalanan Ukrayna xalqı olacaq”.

Bu neo-bolşevizm üfunətli açıqlamanın müəllifi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdir. Patruşev iddia edib ki, Moskva “2014-cü ildə qərblilərin təşkil etdiyi dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn marionet Kiyev rejimi ilə mübarizə aparır”.

Heyrətə gəlirsən. Bu adam bizimlə eyni əsrdəmi yaşayır?

Əvvəla, sənin nə işinə, qonşu ölkədə hansı rejim hökm sürür. Bəyəm Ukrayna xalqı sizi özünə vəkil tutub? Hər millət, müstəqil dövlət öz inkişaf yolunu özü seçir. Siz kimsiniz ki, başqa xalqların yerinə qərar çıxarır, onlara nəyin yaxşı, nəyin pis olduğunu sırıyırsınız? Digər xalqlara belə rifah aparansınızsa, guya onlara canınız yanırsa, birinci elə bədbəxt rus xalqını ağ günə çıxarın, 300-400 ildir müstəmləkədə saxladığınız xalqları azad edin də!!

Sonra. Putin rejimi də, yumşaq desək, bir çox dövlətlərin, xalqların xoşuna gəlmir. Onda necə olsun bəs, Rusiyaya kollektiv hərbi müdaxilə edilsin? Bu nə çürük məntiq?

Qorxulusu odur ki, Patruşev bu mövqeyində tək deyil və bütövlükdə Rusiya siyasi-hərbi rəhbərliyinin fikrini ifadə edir. Bu, şimal qonşumuzun nə dərəcədə yırtıcı, qonşuları üçün təhlükə saçan dövlət olduğunu bariz şəkildə isbatlayır. Dünya Putin rejiminin heyranı imiş, xəbərimiz yox! Hamı sən demə, “xalqlar həbsxanası” Rusiyadakı idarəçilik üçün əldən gedirmiş!

Sabah deyə bilərlər ki, Azərbaycandakı rejimdən də xoşlanmırıq və gəlirik Azərbaycan xalqını “xilas” eləməyə. Necə ki, 1920-ci ilin aprelində eyni bəhanə ilə müstəqil ölkəmizə soxularaq, müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin süqutuna səbəb olmuşdular. Yəni Rusiya əsrlər ötsə də, öz imperiya xislətini zərrəcə dəyişməyib. Odur ki, ikiqat ayıq-sayıq, sərvaxt olmalıyıq...

cabdb974-6802-481a-81e7-f25e98227002.jpg (173 KB)

Qayıdaq Ukraynaya. Patruşev bilməlidir ki, Ukrayna xalqı adından yalnız onun qanuni seçilmiş prezidenti, yəni legitim rəhbəri V.Zelenski danışa bilər. Başqa heç kim! Bu mövzuda söz deyə, tövsiyə verə biləcək ən sonuncu adres məhz totalitar Rusiyadır. Yoxsa ki, işğalçı nə vaxtdan həm də əxlaq polisi oldu?! İşğalın özü əxlaqsızlıqdır. Çünki sənə aid olmayana əl uzatmaq, onu zorakılıqla ələ keçirməkdir. Haqsızlıqdır, vəhşilikdir, zalımlıqdır, zülmdür...

Hələ bu N.Patruşovun neo-bolşevik əqidədaşı, Rusiya Federasiya Şurasının üzvü, senator Eduard İsakov.

İsakov 1-ci evliliyindən olan qızı Diananın xarici mediada Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na qarşı çıxış eləməsinə görün necə münasibət bildirib: “Görünür, həmin mediadan pul alıb, başqa sözlə, atasını, ailəsini, vətənini satıb, Rusiyanı tərk edib. Öz qızınızın satqın olduğu biləndə söz tapmaq çətindir”.

Rusiyalı senator həmçinin Diananın aprel ayında Ukraynadakı müharibəyə qarşı etiraz aksiyasında iştirak etdiyini də xatırladaraq deyib: “Mən bunu biləndə ona “xüsusi əməliyyat”a nə üçün ehtiyac olduğunu izah etməyə çalışdım. Ona sovet xalqının döyüş şöhrəti yerlərini ziyarət etməyi, ölkəmin tarixi haqqında oxumağı təklif etdim”.

Bundan əlavə, İsakov qızını 3 yaşından bəri böyütmədiyini də söyləyib. Yəni öz mandatını, daha dəqiqi, öz dərisini həm də bu cür xilas eləməyə çalışıb – qızından faktiki imtina eləməklə! Xəstə təfəkkürünə bəraət qazandırmağa davam edən senatorun sözlərinə görə, “Diananın təhsili yoxdur, bir gün də işləməyib” və dəstək üçün atasından pul istəyib. “Mən onun anti-Rusiya mövqeyində olduğunu bilən kimi biz əlaqəni kəsmişik, onu təmin etmirəm, mənzil də vermirəm”, - senator əlavə edib.

Bax belə. Dəhşətə gəlirsən. Rusiya sanki 37-ci illərə qayıdıb. Ata öz övladına qarşı donosçuluq edir, öz qızını şərləyir, ona böhtan atır. Onun kimi düşünmədiyi üçün ondan imtina edir. Özü də adam etiraf edir ki, 3 yaşdan sonra qızını görməyib. Yəni övladı üzərində əslində, bioloji haqqını da faktiki itirib.

Hər şey qırağa, bəs elementar fikir azadlığı nə oldu? Yoxsa insanların hamısı inkubator toyuqları kimi eyni rəngdə, robot kimi eyni təfəkkürdə olmalı, eyni arzularla yaşamalıdır? Axı Allah Yer üzünün əşrəfi insanı belə xəlq eləməyib. İnsanı hürr yaradıb, ona davranış sərbəstliyi, seçim azadlığı verib. Fəqət, şüurla da zinətləndirib ki, seçimində yanılmasın. Qudurmasın, həddini aşmasın.

00718fb4-94b8-47a1-bfab-d1d806689e6b.jpg (35 KB)

Allahın Cənnət və cəhənnəm vədi də şəksiz, eyni məntiqdən qaynaqlanır: kim istəyər Xeyrə qulluq edər, kim də - Şərə nökərçilik. Təbii ki, Axirətdə buna uyğun alacağı mükafatı da üstündə. Yoxsa ki, Xaliq hamını yaxşı, dürüst, halal insan kimi xəlq edər, Yer üzündə zülm-zillət də olmazdı. Amma bir az dünya maraqsız olardı, deyilmi? Nə qədər qəddar səslənsə də.

O ki qaldı Rusiyaya. O, sonuncu Şər imperiyasıdır. Belə anti-bəşəri quruluşlar haqda isə tarix öz hökmünü çoxdan verib...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости