Свобода людям, независимость нациям!

Parisin sirləri

1235 11.01.2024 12:03 Колумнисты A A

“Gahi casusə üz tutdum, gahi dildarə yalvardım,

Bulardan naümid oldum, dönüb əğyarə yalvardım".

(Əndəlib Qaracadaği, 19-cu əsrdə İrəvanda yaşamış Azərbaycan şairi)

Təzəlikcə dövlətlərin pasportlarının gücü haqda siyahı açıqlanmışdı, orada qonşularımızdan Gürcüstan 34-cü yerdə idi, Azərbaycanla Ermənistan isə eyni, 61-ci yeri bölüşürdü. Bu siyahı nə qədər dünya dövlətinə vizasız getməyin mümkünlüyü əsasında düzəldilir və Gürcüstanın bizdən qabağa getməyi böyük ehtimal onların Avropa ilə yaxınlaşmasına görədir. Ancaq ermənilər bizi keçməmişdir, bunun özü bəsimizdir. Yoxsa ürəyimiz partlayardı.

Eyni zamanda belə reytinqlər oldu-olmadı, biz dövlətimizlə, onun gücüylə, pasport, bələdiyyədən arayış, ərazi mollasından dua və sairə rəsmi sənədlərimizlə fəxr edirik. Şəxsən mən hər gün üç dəfə qürur duyuram. 

Adi bir fakta fikir verək. Keçən ay Fransa ilə münasibətlərimiz ən pis vəziyyətə gəlib çatdı, heç rəhmətlik deputat Şamil müəllimin Jak Şirakla əlləşdiyi vaxtlarda belə olmamışdı (bizim diplomatiyada Şamil müəllim ad qoyub gedibdir, onun tarixi çıxışı bir növ bizim xarici siyasətdə “oğlum Yadullanın müsibəti” tipli ölçü vahididir). Azərbaycan Fransa səfirliyinin iki əməkdaşını persona non qrata - arzuolunmaz şəxs elan edib ərazimizdən qovdu, Fransa da qarşılıqlı addım atdı, Parisdəki səfirliyimizdən 2 nəfəri üzü bəri qovaladı. Əslində bu, dünya diplomatiyasında başa-baş, dişə-iş prinsipidir, geniş yayılmış üsuldur, əgər sənin səfirliyindən 2 adam qovublarsa, sən də gərək onların səfirliyindən 2 adam qovasan. Nə az, nə çox. Ta burada qovulanlar hansı günahın yiyəsidir, heç əhəmiyyət daşımır. 

Lakin vəziyyət bununla bitmədi, orada-burada şayiələr gəzdi ki, biz hətta Bakıda fransız şpiyonlar tutmuşuq. Nəhayət, iki-üç gün qabaq bu casus məsələsi rəsmən təsdiqləndi, kişinin ad-familiyası da yazıldı. 

Yuxarıda yazdığım kimi, mən bununla qürur duyuram. Fransa BMT TŞ-nin 5 daimi üzvündən biridir (bizim “beş kişi” haqda deyim bəlkə buradan yaranıb). Onun diplomatını qovmaq, casusunu tutmaq elə də asan iş deyildir. 

Bizdə casuslar adətən Rusiya, İran və Ermənistana işləyərdilər. Nadir hallarda ABŞ-ın da casusları olub, lakin elə-belə, şifahi, qeybət şəklində. Məsələn, dəfələrlə deputatlar, hökumət nümayəndələri hansısa siyasi partiya, QHT üzvünü, jurnalisti Amerikaya işləməkdə ittiham ediblər, ancaq bunun rəsmən cinayət işinə salınmağı yadıma gəlmir. Rusiya, İran və Ermənistan casusları isə məhkəməyə də çıxarılmışlar, cəzalar almışlar. İndi bu siyahıya Fransanın əlavə olunması sevindiricidir. Deməli, bizdə dünya üçün maraqlı olan nələrsə vardır. 

O cümlədən casusun milliyyətcə fransız olması yaxşı haldır. Vətəninə xəyanət etmək, bu məqsədlə Fransaya işləmək istəyən şəxsi öz zəhmətkeşlərimiz arasında tapmamışlar. İran, Rusiya və Ermənistan istiqamətlərində, təəssüf ki, eyni sevinc hissi ilə coşmağa əsaslarımız yoxdur - o tərəflərə işləyən milli casuslarımız hələlik vardır. 

Ümumiyyətlə, dövlətçilik istiqamətində çoxlu işlər görülür, bunları vaxtında qiymətləndirməliyik. Bir Sünbülə adlı vəkil var idi, qabaqlar adətən jurnalistlərə qarşı işlərdə fərqlənərdi. Jurnalist tutmaq, qəzeti cərimələtmək lazım gələndə şər qüvvələr onu qabağa verərdi. İndi isə hökumətimiz özü dələduzluq maddəsi ilə həmin vəkilə həbs cəzası kəsmişdir. Müdir olduğu vəkil bürosunun pullarını əkişdirirmiş. Deməli, bizdə qanun qarşısında hamı bərabərdir. 

Sonda təklif edirəm biz bir daha Fransaya getməyək. Yoxsa qəribə dövlətçilik ənənəsi yaranmışdı, kim vəzifəyə keçirdisə, ilk rəsmi səfərini Parisə edirdi. İndən belə Parisə ikinci dəfədən gedək.    

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости