Свобода людям, независимость нациям!

''Pampers''li quzu...

11014 02.03.2021 22:30 Колумнисты A A

Hüquqşünaslara acizanə sualım var: "Bakı küçələrində "pampers"li quzu gəzdirmək olarmı?"

Özüm şahid oldum. "Torqovıy"da (Nizami küçəsi) iki gəncin arxasınca bir quzu yeriyirdi...

"Pampers"i və üşüməməsi üçün isti parçadan xüsusi hazırlanmış geyimi vardı.

Çox sevimli mənzərə idi.

Həm də qeyri-adi.

Ətrafda bir qadın iki kiçik it gəzdirirdi, ipləri əlində idi; daha bir nəfər iri itlə dolaşırdı.

İt quzuya doğru dartınırdı, amma sahibi onu bərk tutmuşdu.

İtlərə tərəf baxan da yoxdu; hamı quzuya baxırdı.

Bu qeyri-adilik ərazidə keşik çəkən polisləri də hərəkətə gətirdi.

PPX polisləri, elə quzu sahibləri yaşda olan gənclər yaxınlaşdılar, "...bu quzu kimindi", deyə, soruşdular.

"Bizimdi, rəis", - gənclər ədəblə cavab verdilər.

"Bu quzunu niyə küçəyə çıxartmısız?", sualı gəldi.

Cavab hazırmış: "Rəis, it gəzdirirlər, meymun oynadıb, pulla şəkil çəkdirirlər, quzu olmaz ki? Nə fərqi var, bu da ev heyvanıdı..."

Cavab mənə məntiqli gəldi.

Dialoqun davamını izləyək.

"Bunu niyə belə geyindirmisən, məqsədin nədir?".

"Küçəyə pislik eləməsin deyə, "pampers" geyindirmişik, rəis, səhvdi məyər"?

Gənc polislərdən biri daha hazırlıqlı idi.

Bayaqkı məntiqi cavaba əks -arqument söylədi: "Bura heyvanat baxçasıdı? İstəyən evində olan heyvanı götürüb, küçəyə çıxa bilməz.

Görünüb ki, it gəzdirərlər, daha quzu nədi, yığmısan camaatı bura. Bəlkə toyuq-cücə də çıxardasız..."

Polisin bu arqumenti də mənə məntiqli gəldi...

Maraqlı detal budur ki, vətəndaşın da, polisin də dialoqunda Anadolu ləhcəsindən - Türkiyə türkcəsindən alınma sözlər vardı: "...pislik eləməsin, ...heyvanat baxçası..."

Bunu elə həmin andaca qəribə bir sevinclə fərq etdim və yaddaşıma yazdım...

Dialoq mübahisəyə çevrilmişdi: "Getməliyik bölməyə, komandir belə dedi..."

"Rəis, sənə qurban olum, bir quzuya görə o boyda komandiri niyə narahat edirsən? Olmaz deyirsənsə, götürüb, aparaq evimizə də..."

Mən də mümkün qədər mədəni tövrlə gənc polislərdən soruşuram: "Rəis, qanunda quzu, ya da başqa heyvan gəzdirmək olmaz, deyə, hansısa bir maddə, ya da sizə belə bir tapşırıq var"?

"Bilmirəm vallah, dedilər, götürün bölməyə gətirin, orada aydınlaşdırarıq".

Xeyli insan toplanıb, baş verən prosesi izləyir və sahibinə sığınmış, səs küydən də bir az şaşırmış quzuya baxırdılar.

Amma kimsə müdaxilə etmirdi...

"Bu qədər adam niyə yığılıb, xahiş edirəm, dağılışın, sən də quzunu götür, getdik bölməyə. Orada aydınlaşdırrıq".

Bayaqkı məntiqli polis yığışan insan kütləsinə qətiyyətlə xitab edir.

Gənclər və quzu polislərin arxasınca düşürlər. Mənim yürüş istiqamətim əks tərəfədir.

Mən də kütlədən uzaqlaşıram; amma quzudan da, gənclərdən də nigaranam. "İnşallah bir şey olmaz, olmaz...", deyə narahatlığımın üstündən ikiəlli basdırıram...

15 dəqiqə sonra "Xəqani" ticarət mərkəzinin qarşısından keçib, maşınıma istiqamət götürürəm.

Bir polis maşınının işıqları yanıb -sönür. İrəliləyirəm...

Bay, bizim qəhrəmanlar və quzu buradaymış. Polis maşını gəlib, bayaqkı iki polis qardaşımıza daha 3 polisimiz qoşulub.
Yaxınlaşıram.

Gənclər yalvarırlar: "Rəis, vallah bilmirdik, quzu gəzdirmək olmaz. Dövlətsiz, dediz olmaz, vsyo! İcazə verin gedək evimizə, bir də belə eləmərik". Polislərimiz indi daha qətiyyətlidir. "Yox, bölməyə getməliyik, biriniz qalın, o biriniz quzu ilə bərabər bölməyə gedəcəksiz".

Mən də ehtiyatlı bir tövrlə müdaxilə etməyə çalışıram.

Sizə etiraf edirəm ki, həmin anda tərəddüdüm də vardı: dəqiq bilmirdim və indi də dəqiq bilmirəm ki, şəhərin mərkəzində "pampers" geyindirilmiş quzu ilə gəzmək olarmı, olmazmı? Lakin gənclərə də, quzuya da acıyıram.

Vətən müharibəsindən sonra gənc və dəcəl, fəal gənclərə xüsusi simpatiya ilə baxıram.

Gələcək könüllülər, qəhrəman əsgərlər, bir daha savaş olarsa, ...nur üzlü şəhidlərdi, onlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsgərləri.

Elə deyilmi?

Onları incitməyək, hər fürsətdə əzməyək, bəzən kiçik suçlarını da bağışlayaq.

Vətənə yenə əsgər, yenə könüllü, yenə ...şəhid lazım olacaq...

Ona görə də istədim, polis aparmasın onları, hər şey sakitliklə bitsin, quzu da çox qorxmasın...

Polislərdən biri tanıdı məni.

Özümə dedi.

Sonra da kənara çəkilib, rəislərinə də məruzə etdi. ...

Gənclərə və quzuya faydamız olmadı.

Bayaq güzəşt vardı: gənclərdən biri qalır, quzu və onun sahibi bölməyə gedirdi. İşin içində və şahid qismində jurnalist olduğunu bilən kimi, əmr gəldi: "Üçünü də gətirin bölməyə"...

İki yasamallı gənc (özləri mənimlə söhbətdə belə dedilər) və quzu, polis maşınına mindirilib, getdilər izahat verməyə...

Mən də öz maşınımla evə gəldim.

İçimdə acı təəssürat, beynimdə sual.

Hansı ki, elə ən başqa və ən birinci yazdım...

"Torqovıy"dakı bütün restoranlarda quzu əti var, menyuda.

"Torqovıy"da heç bir restoranda it əti verilmir...

Amma və lakin...

"Torqovıy"nın hər köşəsində it gəzdirməyə izn var.

Sual: "Torqovıy"da, ya da başda bir küçədə quzu gəzdirmək qanunla qadağandırmı?

Quzu ev heyvanı sayılmırmı?

Dostluğumdakı hüquqşünaslar və elə hər kəs, fikrini yazsın.

Od çərşənbəniz mübarək...

(Qeyd: "Torqovıy" deyilən küçənin adının Nizami olduğunu bilirəm)

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости