Свобода людям, независимость нациям!

Özünü təcrid edən qəbilənin əhvalatı

1464 19.07.2024 09:14 Колумнисты A A

“Spartalılar düşmənlərinin nə qədər olduğunu yox, harada olduğunu soruşarlar” (Plutarx)

Bir kəlbəcərli kişi özündən yaşca böyük sevgilisiylə Göygöl dağlarındakı meşəliyə çəkilib, intihar ediblər. Səbəb nədir, məlum deyil. Ola bilsin onların qovuşmasına, birgə yaşayışına mız qoyan çoxlu qahım-əqrəba varmış. 

İntihardan bir il sonra sevgililərin qalıqları meşədən, asılı vəziyyətdə tapılıb. Romeo və Cülyetta, Leyli və Məcnunun qulağı cingildəyir.  

Bəlkə heç intihar etməyiblər, kimsə onları öldürüb asıb? Bütün hallarda dramatik sevgi faciəsidir, sənət əsərlərinə, kinolara mövzu olacaq hadisədir. Biz belə şeyləri qabaqlar yapon filmlərində-filanda görürdük. 

Ancaq kinonu kim çəkəcək? Bizdə kino sənətinin tabutuna axırıncı mıxları da çalıblar. İndi nəinki kino çəkmək, kino göstərmək də senzura altındadır. Ona görə də sənətin müqəddəsi yeri boş qalmır, vətəndaşlar özləri öz həyatlarını kinoya çevirirlər. 

O cümlədən, hindistanlı rejissorlar kütləvi şəkildə Azərbaycana axışıb burda kinolar çəkirlər. Ağ şəhər bulvarında, Laçın dağlarında... Mən özüm Şamaxı tərəflərdə hindistanlılara rast gəlmişəm. İki cavan mahnı oxuya-oxuya dağdan dığırlanırdı, axırda əl-ələ tutuşub otluğa uzandılar. 

Prinsipcə, bizim üçün fərqi nədir kinonu kim çəkir? Əsas odur baxmağa nəsə olsun. Rasim Balayevin vaxtında da xalqımız daha çox Amitabh Baççanı, Mitxun Çakrobortini izləyirdi. 1986-cı ildə çəkilən “Bəyin oğurlanması” filmində “Avara” hind filmini 42 dəfə izləyən personaj havayı yerə yaranmamışdı. 

Bir az vətənpərvərliyimizə ziyanı var, çünki Hindistan açıq-aşkar Ermənistanın dostudur. 

Digər tərəfdən, Amazon çayı ətrafındakı meşələrdə özünü təcrid edən maço-piro qəbiləsinin fotoları yayılıbdır. Əslində bu qəbilənin öz adı nomole-dir, biz - istismarçı bəşəriyyət onlara maço-piro adı yapışdırmışıq. Nomole qəbiləsi meşədə ovçuluq, yığıcılıqda başını saxlayır, mobil telefondan, internetdən, tik-tokdan xəbərsizdir. Kim istəsə başqasını sevir, meşədən meşəyə gedib intihar edənlər, sonra telekanala canlı yayım açıb braziliyalı “Xoşqədəm” xanıma intervü verən valideynlərə rast gəlinmir. 

Ümumiyyətlə, nomole qəbiləsi sivil dünyadan heç vaxt xeyir görməyib. 19-cu əsrdə Fiskaraldo adlı perulu bir burjuy, kauçuk baronu nomole qəbiləsindən xeyli adamı qırıbdır. Lakin Fiskaraldo Qərbdə qəhrəman kimi tanınır, ona bu donu ünlü rejissor Verner Hersoq “Fiskaraldo” adlı filmi ilə biçibdir. Həmin filmdə gəmini meşənin içində daşıyırdılar, Klaus Kinski də baş qəhrəmanı çox ustalıqla oynayırdı - yadımda qalan budur. Müstəmləkəçini qəhrəman kimi təsvir etmək, ideallaşdırmaq Verner müəllimin üzərində ləkədir. 

Hazırda bəzi hesablamalara görə nomole qəbiləsi 750 nəfərdən çoxdur. Əgər meşədə qalmaq qərarının müddətini uzatsalar, başqa yerlərə yalnız su yolu ilə getsələr bu, qəbilə üçün faydalı olacaqdır. Üstəlik dünyada koronavirus hələ qurtarmayıb, dünən ABŞ prezidenti Bayden yenidən koronaya yoluxmuşdur. 

Kəskin dönüş edərək Amazondan öz “zonumuza” qayıdaq. Bakıda başqa istiqamətlərə gedən, lakin eyni nömrəni (120 idi deyəsən) daşıyan avtobuslar varmış. Bu 120-lərdən bir hissəsi 28 maydan Hövsana, o biri isə Sədərək ticarət mərkəzindən Bibiheybətə gedirmiş. Camaat şikayətlənir, guya bundan narazı qalmışlar. Deyirlər səhv edirik, marşrutu qarışdırırıq. 

Sanki böyük fərqi vardır. Vətənin hər yeri bizə əzizdir. Hövsana getmə, Bibiheybətə get. Mənim özümü neçə dəfə metrodan çıxanda tutub rayonlara aparıblar, qəti etiraz etməmişəm. Hövsanda sənə nə lazımdırsa, hamısı Bibiheybətdə də var, ASAN-xidmətə and olsun!

Yeri gəlmişkən, mənim dostum Vüsal bəy bu yaxında taksiyə minib, Ayna Sultanovanı sifariş edib, sonra telefona başı qarışıb, bir də çatanda görüb ki, Yasamal tərəfdə bir yerdədir. Sən demə, Bakıda Ayna xanımın həm küçəsi, həm heykəli vardır. Küçə Yasamalda, heykəl isə Binəqədi-Nərimanov sərhədindədir. Belə şəhər planlaşdıranlara eşq olsun!

Dostumuz da heç kefini pozmayıb, heykəlin yanında görəcəyi işi küçədə görüb, çıxıb gedib. Vətənpərvər oğlandır. 



Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости