Свобода людям, независимость нациям!

Oxumaq, oxumaq, yenə də oxumaq – muğamat da olar, rep də

1649 14.07.2023 20:20 Колумнисты A A

 

Orta məktəbdə oxuyanda hamımız nəğmə dərsində utanıb-eləmədən oxumuş və “5” almış adamlarıq, gərək kiminsə oxumasına ağız büzməyək, lağ eləməyək. Vallahi, elə situasiya yaranar ki, yenə oxumalı olarıq.

Hərçənd yaxşı ki, o vaxtkı performanslarımızı videoya çəkən olmayıb, olsaydı, yəqin ki, ya qürur duyardıq, ya da xəcalət çəkərdik. Çünki yaxşı oxuyanlar da vardı, indiki manıslar kimi, yola verənlər də.

Yadıma düşür ki, bizim vaxtımızda ən dəb mahnı Bəhram Nəsbovun “Anadır arzulara hər zaman Qarabağ” idi. Əzbərləmişdik. Bir dəfə mən ənənəvi repertuardan kənara çıxdım, “Qaya” ansamblının oxuduğu bir mahnını oxudum, uşaqlar ağaran dişlərlə qarşıladılar.

Güman ki, yazıçı Anar da “Ay Laçın”ın ifa edərkən şagird dövrünün nostaljisinə qapılıb. Ona görə də anlayışlı olmaq lazım idi. Təəssüf ki, olmadıq. Kimin lağlağı fantaziyası haracan idisə, kimin yumor istehsal etmək qabiliyyəti nə qədərdisə, döşədilər ağsaqqala. Ayıb oldu.

Ümumiyyətlə, nəyə görəsə hamı həvəskar oxuyanlara pis baxır. Elə adam var, hətta peşəkar müğənnilərdən də yaxşı səsə malikdir, amma başqa sənətin sahibidir, hansısa qohum toyunda 100 qram atandan sonra çıxıb bir ağız oxuyur, ən azı qarşı tərəfin (yəni ya oğlan evinin, ya da qız evinin) adamları lağ eləyir. Heç kəs peşəkar rəqqas olmasa da, hamı oynayır, ona bir söz deyən yoxdur, amma oxuyanlara rişxənd edirlər. Mahnı oxumaq müqəddəs işdir, nədir?

Biz tələbə olanda yuxarı kursda oxuyan kəndçilərimiz bu xüsusda məzəli bir əhvalat danışırdılar. Deməli, yayın bu vədəsində 3-cü kursu tamamlayan tələbələri yığıb Vladiqafqaz tərəfə inşaata aparırlar. Bir gün dəstənin komandiri Şubay bizim kəndçi Xəqanini götürür ki, gedək o dərələrdəki kəndlərə baş çəkək, görək, nə var, nə yox. Gedirlər, kiçik etnik qrupun yaşadığı bir kəndə çatırlar, görürlər, kəndin ortasında nəsə bir şənlikdir, ya nişandır, ya əsgərlikdən gələn var. Kəndlilər inşaatçı tələbələri görən kimi tutub masa arxasında əyləşdirirlər, hərəsinin əlinə şərab dolu buynuz verirlər, deyirlər, vurun getsin. Daha çoxişlək ifadə ilə desək, çaxır “domaşnı” olur, kompot kimi gedir. Hamı dəmləşəndən sonra masa arxasındakılar başlayırlar saat əqrəbi istiqamətində sırayla oxumağa. Növbə tələbələrə çatır. Xasiyyətcə utancaq olan Xəqani deyir ki, Şubay, bu saat yerə yıxıb başımı kəssələr də mən oxuyan deyiləm. Əslində Şubay da oxumaq istəmir, amma görür ki, bayaqdan onlara buynuzda çaxır süzənlərin üzü bozarır, hörmətsizlik kimi qəbul edirlər. Ona görə də onun əlacı kəsilir və əlinin qulağının dibinə qoyub oxuyur:

“Dağların başı qışda qar olar,
Yar yarın görməsə rəngi saralar”.

Macəra bitir, tələbələr yıxıla-dura yataqxanaya qayıdırlar, Xəqaninin dili dinc durmur, hadisəni yerli-yataqlı inşaat dəstəsinin üzvlərinə danışır. Şubayın performansı lağlağı, sataşma predmetinə çevrilir. Tələbələr sağa da keçir, “Dağların başı”nə oxuyurlar, sola da keçirlər. oxuyurlar. Gecə-gündüz demədən hamı bu mahnını oxuyur, axırda Şubay çıldırır, hamını yığır, o mahnını oxuyana söyüş qoyur. Bundan sonra heç kim söyüş yiyəsi olmaq istəmir. Amma tələbələr inşaat işlərini qurtararaq qatarla Bakıya qayıdarkən, Azərbaycan ərazisinə keçəndə bir də eşidirlər ki, 5 manatlıq radiodan xanəndə Hacıbaba Hüseynovun səsi gəlir:

“Dağların başı qışda qar olar”.

Tez Şubayı çağırırlar ki, bax, söyüş tabusu götürüldü. Lağlağı bərpa olunur.

O cür situasiyaya mən özüm də 2010-cu ildə ABŞ-ın Cənubi Karolina ştatında olarkən düşmüşəm. Bizim jurnalist qrupunu proqram üzrə bir alman ailəsinə apardılar. Evə girəndə bizi pianoda əla bluzlar ifa edən və gözəl səslə oxuyan iki ortayaşlı qadın qarşıladı. Ev sahibinin qızlarıydı. Oxuyan xanım sanki Monserrat Kabalye idi. O qədər gözəl oxuyurdu. Sonra ziyafət başladı, ləziz təamlar verdilər, ağ və qırmızı şərab ikram etdilər. Yedik, içdik, doyduq, məclisin bədii hissəsi başladı. Bacılar yenə oxudular və bizə təklif etdilər ki, siz də oxuyun. Baxışdıq, risk etmədik. Amma fikir verdik ki, ev yiyələri pərt olur. Dedik, yaxşı oxuyarıq, amma öz dilimizdə. Razılaşdılar. Boğazımın qarabağlı tellərini kökləyib, nəsə oxudum, dostlar da mənə qoşuldular, məclisi yola verdik. Ertəsi gün fasilitatorumuz Elşad gəlib dedi ki, almanlar səndən çox razı qalıblar. Soruşdum, oxuduğuma görəmi. Dedi, yox, xalqlar dostluğu haqqında dediyin sağlıq xoşlarına gəlib. Hərçənd oxumağım da pis alınmamışdı.

Yəni dediyim odur ki, adam bəzi situasiyalarda gərək oxumaqdan utanmasın. Bunda heç nə yoxdur. Muğamat da oxumaq olar, rep də - kim nəyi bacarırsa. Əsas o adamlar utanmalıdırlar ki, bir qəpiklik səsləri, oxumaqları yoxdur, amma toylara gedir, ətək-ətək pul qazanırlar. Bax, bu camaatı aldatmaqdır.

Onu da unutmayaq ki, yaşlaşanda hamının hansısa məqamda bir ağız oxumaq ehtiyacı yaranır. İndi bunu “qu quşunun son nəğməsi” söhbətinə bağlamaq istəmirəm, amma üstündən zaman keçəndən sonra o cür oxumalar çox effektiv xatirəyə çevrilir – videosu qalıbsa.

Bax, Şubayın o vaxt Vladiqafqazda oxuduğu “Dağların başı” mahnısının videosu çəkilsəydi, bu gün tələbə yoldaşları onu Votsapda, FB-də bir-bir paylaşar, “eh, keçən günlər” deyə xiffət edər, lağlağı etməzdilər, bəlkə də ağlaşardılar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости