Свобода людям, независимость нациям!

Oteldə Kərəmə otaq verilməməsi dastanı

1880 12.06.2022 12:33 Колумнисты A A

 

Bu hadisə haqqında xəbər lənətə gəlmiş coğrafiyamızın şərqindəki ölkələrə (İran, Əfqanıstan) sızsa, eşidən-bilən deyəcək, əcəb olub, hələ gərək o oteldə birlikdə gecələmək istəyən, bir maşında yatan zinakarları daş-qalaq edəydilər. Şəriət belə tələb edir.

Həmin hadisə haqqında məlumat lənətə gəlməsi gözlənilən Fransa, Hollandiya, Danimarka kimi ölkələrə gedib çıxsa, onlar da əvvəlcə bircə kəlmə, “oh, may qad” deyəcəklər, sonra gözləri bərələcək və müğənni İbo kimi hirslənəcəklər: “Bir kağız parçası nəyi həll edər, yahu, sevənlərə şərait yaratmaq lazımdır”.

Bizdən şimalda isə bu xəbərə iki kəlmə ilə “vot, qadı” deyə münasibət bildirəcək, cütlüyə oteldə yer verməyənləri, maşında yatdıqları yerdə ifşa edənləri qınayacaqlar.

Ta heç kim deməyəcək ki, bu, namus-qeyrət, əxlaq-mentalitet məsələsidir, balaca iş deyil. Burada ataların dediyi “iki könül bir olsa, samanlıq seyran olar” söhbəti keçmir, əldə nikah şəhadətnaməsi olmalıdır.

Bildiyiniz kimi, əvvəllər obrazlı adı “Nizami yurdu” olan, amma sonradan “İmam Hüseyn şəhəri” adlandırılan Gəncədə Zaur (şərti ad) adlı bir kişiyə öz tanışı olan qadınla birlikdə gecələməsi üçün oteldə yer verməyiblər, onlar da gedib yol qırağında maşında yatarkən (pis mənada yox ha, eləcə uyuyarkən) hüquq-mühafizə orqanları tərəfindən yaxalanıblar, qalmaqal olub.

Bu dəqiqədən sonra ta o adama Zaur deməyin yeri yoxdur, onun başına gələnlər təxminən Kərəmin başına gələnlərə oxşayır.

İndi həmin hadisəni analiz edəndə ortaya belə sual çıxır: Kərəm bəy oteldə özünə ayrı, qadına ayrı otaq tuta bilməzdimi? Nə məcbur idi bir otaqda qalsınlar və söz-söhbət olsun, ayrı otaqlarda qalardılar və ataların “get, Ay batandon sonra gəl” tövsiyəsinə qulaq asaraq, daha sonra səyləri birləşdirə bilərdilər.

Ancaq bu, güman ki, iki səbəbin birinə görə alınmayıb. Ya Kərəm bəyin cibində oteldə iki ayrı-ayrı otaq tutmağa pul olmayıb (bu, anlaşılandır, Bakıya birdən-birə 7 turist gəlib, ona görə də ölkənin otelləri qiymətlərini azı 7 dəfə bahalaşdırıb, Las Veqas otellərinin tariflərinə çatdırıblar). Ya da oteldə boş nömrə olmayıb (bu isə anlaşılan deyil, Bakıya gələn 7 turistin 5-i paytaxtda qalıb, biri Qubaya, o biri Zaqatalaya gedib).

Üçüncü bir versiya da odur ki, Kərəm bəy nikah şəhadətnaməsi tələb edən otel administratorunun qırımından anlayıb ki, iki otaq götürməyin heç bir perspektivi yoxdur, bunlar “gəlmişəm otağına, oyadam səni” söhbətinə izn verməyəcəklər.

Təsəvvür edin, başqa bir mərtəbədə otaq götürmüş Kərəm bəy gecənin bir yarısı Əslinin yanına varmaq istərkən, görür ki, bir otel görəvlisi xanımın qapısının ağzında stul qoyub oturub, keşik çəkir. Və o Kərəmi saxlayır: “Hara?”. “Yoldaşımın yanına gedirəm, ciyərim yanır, bir stəkan termos çayı içəcəm”. “Olmaz. Sizin nikah şəhadətnaməniz yoxdur. Gecə birlikdə çay içə bilməzsiniz”. Uzun mübahisə. Sonda güzəştli variant tapılır: Keşikçi də çayiçmə prosedurunda iştirak edəcək. Tərəflər otağa keçir. Keşikçi qapı ağzında dayanır. Əsli gerçəkdən də termosdan çay süzür və Kərəmlə birlikdə qapı ağzındakı qaratikan koluna fikir vermədən beynəlxalq vəziyyətdən danışırlar. Kərəm deyir: “Bu oğraş işğalçı rədd olub Ukraynadan çıxmasa, xalq xoş gün görməyəcək, ölkə yana-yana qalacaq”. Əsli razılaşır ki, bəli, elədir, “işğal pis şeydir”. Arada Kərəm hirslənir, işğalçıya qarşı şəxsən tədbirlər görmək istəyir, onda Əsli deyir: “Aman, Kərəm, məni rüsvay eyləmə”.

Bu yerdə Qaratikən bəyə evdən zəng gəlir, arvadı soruşur ki, gecə saat 3-dür, hardasan. Q. deyir: “Postdayam”. “Nə post, əşi? Sən oteldə mələfə arabası sürmürsən?” Q. məcbur olur, pıçıltıyla, qısa şəkildə olayı danışır və əlavə edir: “İndi çay içirlər. Termosda iki stəkan çay qala-qalmaya. İçsinlər, Kərəm müəllimi öz otağına göndərim, rahat danışarıq”. Arvad o tərəfdə qeyzlənir: “Alçaq, öz arvadın burda çaysız qalıb, sən orda hansısa ləçərin termosunu güdürsən? Çıx, cəhənnəm ol, gəl evə”.

Amma o, postunu buraxıb gedə bilməz. Çünki bu ciddi tapşırıqdır. Adam təkcə kriminogen duruma (bildiyiniz kimi, statistikaya görə, otellərdə əsasən nikah şəhadətnaməsi olmayanlar bir-birini öldürür) nəzarət etmir, eyni zamanda ölkənin əxlaqi dəyərlərini, mənəvi saflığını mühafizə edir.

Bax, məhz buna görə Kərəm bəy artıq xərcə düşmədən öz maşınında gecələməyi üstün tutub. Amma bir şeyi unudub ki, bura “Nizami yurdu”dur ey, burda belə şeylər düzgün deyil. Hətta yuxun bərk gəlirsə, barmağını çərtib, duz basmalısan və maşını sürüb getməlisən, salonda rəsmi sənədlə qohumluğu çatmayan qadın varsa, saxlamaq, mürgüləmək olmaz.

Mentalitet də belə tələb edir, şəriət də. Şəriət qanunları olan yerdə başqa şərait yoxdur. Əlində kağızın olsun, lap 4 arvadla bir otaqda qal, kim nə deyir.

P.S. İndi kimsə Nizaminin erotik şeirlərini göndərib yazacaq ki, heç sənətkar da farağat adam olmayıb. Ehtiyac yoxdur, oxumuşam.

P.P.S. Elə adam da olacaq ki, yazacaq, bəs necə olsun, əxlaqsızlıq baş alıb gedir. Ta heç zad. Kərəmlərin kəmərinə kamera qoyun, gedib "Yanıq Kərəmi"yə qulaq assınlar və farağat dursunlar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости