Свобода людям, независимость нациям!

Otel sərgüzəştləri, yaxud yapon şahmatçının mat qalması

2974 02.08.2023 09:31 Колумнисты A A

 

Məşhur şahmatçı Hikaru Nakamuranın Bakıda qaldığı otelin hamamından su gəlməməsinə dair yazdığı tvit dünən izlənmə və paylaşm rekordlarını qırıq-qırıq, çilik-çilik eləmişdi.

Zarafat deyil, o boyda şahmatçı (söhbət onun ustalığından gedir, yoxsa, öz boyu 1,55 santimetr ola, olmaya) çimə bilməyib. Bu olay həmvətənlərimizi həm hiddətləndirmişdi, həm də çox sevindirmişdi.

Birinci ona görəydi ki, axı niyə otelçilərimiz bizi dünyada biabır eləyir, itin-qurdun ağzına salır. İkinci ona görəydi ki, ay can, yenə biabır olmuşuq, dünya da görür ki, bizdən heç zad olmaz və bu, bir daha sübut edir ki, sistem dəyişməlidir.

Əlbəttə, sistem dəyişsə yaxşıdır, xüsusilə də əvvəlcə o otelin hamamındakı su-kanalizasiya, qızdırıcı və sair sistemləri. Yoxsa biabır oluruq.

İndi Nakamuranın özünü də qınayanlar var ki, cındırlıq eləyib, oturub status yazana qədər resepşnə zəng edib dərdini desəydi, mütləq bir nəfər qalxıb su məsələsini qaydasına qoyar, “ekskyüz mi” deyərdi. Yapon şahmatçı ona “sənk yu” deyər və girib hamamda çimərdi. Nəticədə Yaponiya və Azərbaycan ictimaiyyəti bunca həyəcanlanmazdı.

Allah bilir, bu saat minlərlə yapon hesab edir ki, Bakı Kəlküttə, Lahor, Kinşasa kimi bir yerdir, otellərinin hamamında su gəlmir, tualetləri həyətdədir, klima işləmr, ventilyator da yoxdur.

Bu, çox pis antireklam oldu. Ümid edək ki, Nakamuranın tvitini çox adam oxumayıb, yoxsa hesab edin ki, turizm sektorumuza samuray qılıncı dəyib. Ondan sonra gərək hamamında su gəlməyən otelin direktoru xarakiri eləsin, öz dilimizdə desək, “xəncər alıb bağrın başın teyləsin”.

Amma biz də indiyədək avam olmuşuq, gərək xarici ölkələrdə olanda otellərdə, restoranlarda gördüyümüz neqativ hallara dair silsilə statuslar yazaydıq.

Məsələn, bir dəfə Kiyevdə “Prezident” otelindən çıxanda resepşndakı adam məni şərlədi, dedi ki, mini-bardan istifadənin də pulunu ödəməlisən. Mən sakitcə dedim ki, cənab, sizdə mini-bar, ümumiyyətlə, vardımı, vardısa, haradaydı. Gerçəkdən, mini-bar görməmişdim. O, təzədən kiməsə zəng elədi və üzr istəyərək, dedi, prosti, brat, oşibka vışla. Mən də bağışladım, ta oturub status yazmadım.

5-6 il əvvəl yenə Kiyevdə “Dnipro” otelində səfər yoldaşımız yaxınlaşdı ki, abi, bunlara nə deyim mən, tualetlərində nə aftafa var, nə tapançalı şlanq.

Tərs kimi, bu xüsusda status yazmaq mümkün deyildi. Adam götürüb necə yazsın ki, Kiyevdəyəm, ... yuya bilmirəm, yaxşı başlanğıcdır.

Amma mən naqolay situasiyadan çıxış yolu tapdım. Dədə-baba qaydasına müraciət etdik, iki litrlik qabda su aldıq, məsələ həll olundu. Bu işdə Ukraynadakı diaspor fəalımızın da rolu oldu, adını çəksəm, inciyər ki, gör, məni nəylə xatırlayırlar. Amma problemi həll olmuş qardaş bu çözümə görə mənə cənnət vəd edib. Görək, necə olacaq.

İki il əvvəl Daşkənddə olanda otelin saunasına getdik ki, guya isti buxarda bir az tərləyək. Mümkün olmadı, ara yerdə duşun suyu da soyuq oldu, üşüdük, qayıdıb otağa çıxdıq, noutbuku açdıq, amma “Daşkənddəyik, parnoyda üşüdük” kimi status yazmadıq. Ertəsi gün saunanın işçisinə dedik, hərarəti necə lazımdır, elə tənzimlədi. Hərçənd o iş düzəlməsəydi də, “sauna keyfimiz alınmır, bu necə oteldir?” yazmayacaqdıq.

Ona görə yox ki, iki qardaş ölkənin münasibətinə xələl gələrdi, ona görə ki, bu, olduqca xırda şeydir.

Ona qalsa, gərək Bakıda otellərdə “viaqra” içib ölən ərəblər son nəfəslərində yazaydılar: “Bakıdayam, eşq üzündən ölürəm. Pis sonluqdur”.

Söz yox ki, burada da Nakamuranın problemi çox keçmədən həll olunub və o, qaşına-qaşına qalmayıb. Bu problemin hətta onun oyununa da elə bir təsiri olmaz, yəqin ki. Ümid edirəm, o, Karlsenə uduzsa, gedib orda-burda deməyəcək ki, həmin gün hamamda su gəlmədiyinə görə konsentrasiyam pozulmuşdu, ona görə uduzdum.

İndi bizim patriotların bir ülvi arzusu əmələ gəlib, fikirləşirlər ki, güzarları nə vaxt Yaponiyaya düşsə, çamadanı əllərindən yerə qoyan kimi belə statuslar yazsınlar: “Tokiodayam, yeməklərini yemək olmur”; “Osakadayam, düyü arağı it iyi verir”; “Xirosimadayam, deyəsən, şüalanmışam” və s.

Haruki Murakaminin “Şəhər və onun etibarsız divarları” kitabına and olsun ki, bu qisası Hiruki Nakamurada qoymayacağıq.

P.S. Gördüyünüz kimi, müəllif Nakamuranın bu hərəkətini arvadının erməni qızı Atusa Purkaşyan olmasına bağlamayıb.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости