Свобода людям, независимость нациям!

Orxan Pamuk niyə yazır, Əlabbas niyə yazır?

1492 06.12.2022 10:18 Колумнисты A A

 

İstedadlı yazıçı Əlabbas Kulis.az saytında şəxsimə ünvanlanan böyük bir yazı yazıb. Bu, məktub ünvanlanan şəxsi yerdən-yerə vuran “açıq məktub“lardan deyil. Hörmətli ziyalımız onun şəxsiyyətinə və yaradıcılığına verdiyim qiymətdən məmnundur.

Bir neçə ay öncə o, sosial şəbəkədəki mükaliməmiz zamanı anons etmişdi ki, mənə ünvanlanan açıq məktub üzərində işləyir.

O qədər yazıçı-şair, tənqidçi, ədəbiyyatşünas dostu-tanışı ola-ola Əlabbasın niyə bu böyülükdə yazını mənə ünvanladığının səbəbinə toxunmadan yalnız onu deyə bilərəm ki, məni obyektiv yazar saydığına görə hörmətli yazçımıza minnətdaram.

Onun “Əgər nadürüstlər olmasaydı... – Xalid Kazımlıya açıq məktub” başlıqlı yazısı mənə böyük yazıçı Orxan Pamukun İsveç Akademiyasında Nobel mükafatı alarkən söylədiyi , “Atamın çamadanı” adlanan essesinin mətnini xatırlatdı. Öncə onu deyim ki, bəlkə də ədəbiiyyat üzrə Nobel mükafatının verildiyi 121 ildə heç bir ədib Orxan Pamuk qədər parlaq, təsirli, gözəl çıxış etməyib. Adam gerçəkdən bir sənət əsəri, şedevr yaradıb. Təkcə “Atamın çamadanı”nı oxumaq kifayətdir ki. Orxan Pamukun nə qədər qüdrətli bir söz ustası olduğunu anlayasan. O, bu əsərdə oxucunu aram-aram söz sənətinin zirvəsinə qaldırır və lap zirvədəykən, oxucu, dinləyici ondan söhbətin hələ bu qədər də davam edəcəyini gözləyərkən, demək istədiyini deyir, sözünü bitirir.

Əlabbasın “açıq məktub”unu oxuyarkən “Atamın çamadanı” ilə yanaşı, yadıma düşdü ki, onu düz 35 il öncədən tanıyıram. O da söz sərrafıdır, gözəl yazıçıdır.

Bir Əlabbas deyil, başqa yazıçılarımız haqqında da yaxşı fikirlər yazdığım olub. Onlar bir-birini nə qədər bəyənməsələr də, bir-birinin yazdıqlarına qısqanclıqla yanaşsalar da, hamısına münasibətim obyektivdir. Hər birinin qiymətli əsərləri var. Mirzə Fətəli Axundovdan tutmuş ta bugünkü gənc nasirlərə qədər, hər bir Azərbaycan yazıçısına minnətdarlıq düşür – təkcə ana dilimizi qoruduqlarına, yaşatdıqlarına görə. Bu sırada sovet dövründə yazıb-yaradan yazıçılarımız da var. Biz ana dilimizdə cümlə qurmağı, fikir ifadə etməyi o yazıçı, şairlərdən öyrənmişik. Onlar olmasaydı, biz də ədəbiyyatı, dövlətçiliyi, milli ideyası olmayan 4800 millətdən biri olardıq.

Fəqət bizim yazıçılarımızın bəxtsizliyidir ki, bir neçə yüz milyon insanın yazıb-oxuduğu dillərin birində yazmırlar, həm də kitab təşnəsi olan cəmiyyətdə yaşamırlar, üç böyük dövlətin arasındakı Qafqazda, dar dalanda yaşayır, rusdilli, farsdilli, ərəbdilli, ingilisdilli camiələrə ayrılmış, müxtəlif əlifbalarla yazı oxuyan xalqın dilində yazırlar. Onların amerikalı, avropalı həmkarları, tay-tuşları gəmilərlə, təyyarələrlə dünya turnesinə çıxıb gündə bir ölkədə olduqları, qlobal və qaynar proseslərin episentrində bulunduqları, yeni macəralar, təəssüratlar yaşadıqları halda bizimkilər Bayıl-Biləcəri-Hövsan arasında məişət, dolanışıq qayğıları ilə baş-başa qalaraq həm də ədəbiiyat nümunələri yaratmağa çalışırlar. Böyük ölkədə məşhur yazıçı olmağa nə var ki. O məşhur yazıçılar da Azərbaycanda yaşasaydılar və ən çoxu 3-5 minlik oxucu auditoriyası ilə məhdudlaşsaydılar, elə də böyük olmazdılar.

Bu baxımdan Əlabbasın “açıq məktub”un dediyi, demək istədiyi fikirlər haqlıdır. Hələ bir də qədirbilməzliklər, nadürüstlüklər var. İstedadların başından basıldığı, ayağından çəkildiyi, bilərəkdən görməzliyə vurulduğu, qrup maraqlarına qurban verildiyi, kimlərinsə süni şəkildə şişirdildiyi ölkədə nə parlaq ədəbiyyat yaratmaq mümkündür, nə də ədəbi sima olaraq dünyaya çıxmaq.

Belə halda hər bir yazıçının, xüsusilə də Əlabbas kimi yazıçıların önündə belə bir sual durur: “Onda nəyə görə yazırlar?”

Bəhs etdiyi mətləbi atomuna qədər xırdalamağı bacaran Orxan Pamuk yuxarıda adını çəkdiyim essesində bu suala belə bir əhatəli cavab verib:

“Bildiyiniz kimi, biz yazıçılara ən çox sorulan, ən çox verilən sual budur: “Niyə yazırsan?”

İçimdən gəldiyi üçün yazıram!

Başqaları kimi normal bir iş görə bilmədiyim üçün yazıram.

Mənim yazdığım kimi kitablar yazılsın da, oxuyum deyə yazıram.

Hamınıza, hər kəsə çox-çox hiddətləndiyim üçün yazıram.

Bütün günü bir otaqda oturub yazmaqdan həzz aldığım üçün yazıram.

Yalnız onu dəyişdirərək gerçəkliyə dözə bildiyim üçün yazıram.

Mən, o birilər, hamımız, biz İstanbulda, Türkiyədə necə həyat yaşadıq, yaşayırıq, bütün dünya bilsin deyə yazıram.

Kağızın, qələm və mürəkkəbin qoxusunu sevdiyim üçün yazıram.

Ədəbiyyata, roman sənətinə hər şeydən çox inandığım üçün yazıram. Bu bir alışqanlıq və ehtiras olduğu üçün yazıram.

Unudulmaqdan qorxduğum üçün yazıram.

Gətirdiyi şöhrət və diqqətdən həzz aldığım üçün yazıram.

Tək qalmaq üçün yazıram.

Hamınıza, hər kəsə niyə bu qədər qəzəbli olduğumu anlamaq üçün yazıram.

Oxumaqdan zövq aldığım üçün yazıram.

Bir kərə başladığım bu romanı, bu yazını, bu səhifəni bitirim deyə yazıram.

Hər kəs məndən bunu gözlədiyi üçün yazıram.

Kitabxanaların ölməzliyinə və kitablarımın rəflərdə duruşuna uşaq kimi inandığım üçün yazıram.

Həyat, dünya, hər şey inanılmaz dərəcədə gözəl və təəccüblü olduğu üçün yazıram.

Həyatın bütün bu gözəlliyini və zənginliyini sözlə ifadə etmək xoş olduğu üçün yazıram.

Hekayə danışmaq üçün yox, hekayə qurmaq üçün yazıram.

Həmişə getmək üçün bir yer varmış, amma oraya çata bilməyəcəyim hissindən qurtulmaq (yuxuda olduğu kimi) üçün yazıram.

Heç cür xoşbəxt ola bilmədiyim üçün yazıram. Xoşbəxt olmaq üçün yazıram”.

Əlabbas da elədir, yazmaqdan zövq aldığı, həyatın gözəlliyini sözlə ifadə etməkdən zövq aldığı, bir yazar kimi xoşbəxt olmadığı, bir insan kimi xoşbəxt olmaq istədiyi, ən ümdəsi içindən gəldiyi üçün yazır.

Sözü açılmışkən, Orxan Pamukun İsveçdə oxuduğu essenin sonu belə bitir:

“Mənə bu böyük mükafatı, bu şərəfi verən İsveç Akademiyasının hörmətli üzvləri, əziz qonaqlar, bu gün atamın bizimlə olmasını çox istərdim”.

Mən də Əlabbasın və digər gözəl yazıçılarımızın beynəlxalq mükafatlara layiq görülməsini çox istərdim. Şair Cabir Novruzun ölməz misraları həmişə aktualdır: “Sağlığında qiymət verin insanlara”.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости