Свобода людям, независимость нациям!

Öldü: 3, 7, 40 olmayacaq!

2394 09.04.2022 10:20 Колумнисты A A

İlahi ədalət buna deyərlər. İndi Rusiya ilə Fransa və ABŞ-ı bir araya gətirmək üçün ATƏT-in Minsk Qrupuna ehtiyac var. Neçə ildir Azərbaycan xalqının taleyi ilə oynayıb, Bakı, İrəvan, Xankəndi yolunu “su yolu”na döndərən, amma ortaya bir nəticə qoymayanların arasında bu gün elə uçurum yaranıb ki...

Dəfərlərlə yazmışdıq ki, digər bütün məsələlərə münasibətdə dərin ziddiyyətləri olan, necə deyərlər, bir-biri üçün “ölü-diri qoymayan” Minsk Qrupunun üçlüyü necə olur Qarabağ məsələsində ortaq məxrəcə gəlirlər, bu, nə sirdir? Nəhayət, oyunbazlığa son qoyuldu, erməniçilik, erməni sevgisi də bu düşmənlərin Qarabağdakı birliyini qorumağa imkan vermədi, haçalandılar, parçalandılar...

İlk dəfə bununla bağlı rəsmi etirafı Rusiyanın baş diplomatı Sergey Lavrov açıqladı. O, Moskvadakı brifinqdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin gələcək taleyinin necə olacağını bilmədiyini söyləyib. Özü də erməni həmkarı Ararat Mirzoyanun yanında. Qeyd edib ki, bu qeyri-müəyyənliyin səbəbi ABŞ və Fransanın mövqeyidir. Lavrov etiraf edib ki, ABŞ və Fransa Qarabağla bağlı ATƏT Minsk Qrupunun həmsədrliyi çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina eləyib! Sitat: “ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti və ya gələcəyi ilə bağlı danışsaq, mən onun taleyinin necə olacağını bilmirəm. Çünki bu qrup üzrə fransalı və amerikalı tərəfdaşlarımız bizimlə heç bir formatda əlaqədə olmayacaqlarını bildirməklə ATƏT Minsk qrupunun həmsədrlər ”üçlüyü"nü də ləğv ediblər".

Bax, belə. Nəhayət! Ermənistanda matəmdir! Mirzoyan özünü Moskvaya yetirdi ki, bəlkə Brüsseldəki məğlubiyyətin qarşılığında nələrsə qopara bilər, amma “kabab iyi”nə gedibmiş. Lavrovun bu açıqlaması erməni revanşistlərə elə dağ çəkdi ki, qoxusu Los-Ancelsədək yayılacaq...

Azərbaycan oyunbaz həmsədrləri “iti qovan kimi” qovduqdan sonra Ermənistan və havadarlarının əsas məqsədi “turist diplomatlar”ı yenidən bölgəyə qaytarmaq idi. Azərbaycanın təkliflərinin qarşılığında hər dəfə “Minsk Qrupu” deyib, sayıqlayırdılar. Alınmadı, bunu Lavrov da etiraf etdi, Ermənistanın və erməniçiliyin “qandaşı”, yandaşı...

İndi Rusiya XİN başçısı deyir ki, rəsmi Moskva Qarabağdakı vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqdir. Lavrov 10 noyabr 2020, 11 yanvar 2021 və 26 dekabr 2021 görüşlərinə, anlaşmalarına istinad edib. Yəni Rusiyanın moderatorluğu ilə. Bəs, Brüssel anlaşması? Fakt budur ki, Avropa İttifaqı prezidenti Şarl Mişelin təşəbbüsü ilə çox mühüm razılaşma əldə olunub. Elə isə niyə Rusiya XİN başçısı bu günlərdə baş tutan görüşün nəticəsinə istinad etməyib?

Hansı ki, Kremlin mətbuat katibi Dmitri Peskov demişdi Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir. Nə oldu, “Minsk Qrupu” dağıldı deyə, Brüssel də unuduldu? Problemi beləmi həll edirlər?

Bir daha təsdiqləndi ki, hər dəfə danışıqlar ərəfəsində Ermənistanın təxribata əl atması səbəbsiz olmayıb, bunu tətikçilər həyata keçirib, sülh prosesini pozmaq üçün. Brüssel görüşü ərəfəsində şimaldakı narahatlığın səbəbi bir daha ortaya çıxdı. Həm də Lavrovun dedikləri təxminlərin əbəs olmadığını ortaya çıxartdı. Qarabağ məsələsi bunlara öz oyunlarını oynamaq üçün lazımdır. Hətta bir addım irəli atıldısa, məhz onların aktivinə yazılmalıdır. Bu qrup “balıq, ördək, xərçəng”in “birliyi”ni xatırladır. Qarabağın taleyini bu sayaq həll edəcəkmişlər, Allah qoymasa...

Buyur, Lavrov bir az da sərt ritorika ilə “Rusiya sülhməramlıları mandata uyğun olaraq Qarabağda fəaliyyətini davam etdirəcəklər”, deyib. Sanki Qərbə mesaj verir, yenə də “buralar bizlikdir” ritorikası ilə. Ən azı Azərbaycan dövlətinin suveren hüquqlarına işarə edə bilərdi. Bəli, razılaşma var, amma sülhməramlıların davranışları, tez-tez dəyişən xəritələr, “Dağlıq Qarabağ”, “Stepanakert”, “Mardakert” kimi yarlıqlar bir gün sərt qərarın verilməsini istisna etmir. Odur ki, 2017-ci ildə “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” deyib də, çox uzağa gedən rus diplomat gərək indi də bir az yavaşlasın.

Qarabağın taleyini Azərbaycan həll edib, edir və edəcək! Hətta Avropa İttifaqının da bu məsələdə uzunmüddətli moderatorluğuna ehtiyac yoxdur. Bəlkə indi də bu qurum Minsk Qrupu kimi daha 30 il “dəlləkliyi bizim başımızda öyrənmək istəyəcək”. Amma yox! Daha bitdi! Minsk Qrupu da öldü, Lavrov rəsmən elan etdi. Amma 3, 7, 40 olmayacaq!..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости