Свобода людям, независимость нациям!

Öküzlər və əbləhlər

1460 15.12.2022 09:43 Колумнисты A A

“Bir əli xaç tutur, bir əli oğurlayır”

(erməni ata sözü)

Laçın yolunda uca millətimizin etiraz aksiyası keçirməsi, azğın düşmənlərin ekoloji fəlakət törətməsinə nifrətini bildirməsi yaxşı haldır. Ancaq niyə mahnı çalıb, rəqs edirdilər, anlamadım. Axı biz ekoloji fəlakətə görə kədərlənmişik, qəzəbliyik. Bunu niyə mütləq oynamaqla çatdırmalıyıq? Başqa üsullar lazımdır.

Əlbəttə, hava soyuqdur (“ermənilər toyuqdur”), mitinq iştirakçılarının qızışması, canına istilik gəlməsi üçün hərdən oynamaq da olar. Ümumiyyətlə, yuxarıda yazdığım fikirlərdən imtina edirəm. Yaxşı eləyib oynayırlar. Bizdə oynamaq həmişə etirazın bir növü olmuşdur. Hətta mən uşaq vaxtı xatırlayıram, Qarabağ bölgəsində cavan rəhmətə gedən bəzi şəxsləri aşıqla, zurna-balabanla dəfn etmək adəti vardı.

Təklif edirəm biz Volkovu evləndirək, ona Xankəndi yolunda yaxşı bir mağar toyu çalınsın. Manıslarımızdan ibarət xalq çalğı alətləri ansamblı desant qrupunun dəhlizə endirilməsi əməliyyatı maraqlı olardı.

Eyni günlərdə hökumətimizin Tibet öküzləri - yakları gətirib Laçın dağlarına buraxması xəbərini aldıq. Bu da alqışlanmalıdır, hər cür Araik-maraikin, Vardanyanın yerinə dağlarımızda yaklar otlasa, bəşəriyyətə daha faydalı olar.

Ermənilərin davranışı isə çox tragikomikdir. Məsələn, yolun bağlanmasına görə... BMT-nin İrəvan ofisi önündə aksiya keçirirlər, BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırmaq tələb olunur. Vah-vah. BMT bir işə yarasaydı, siz onun 4 qətnaməsini 27 ildə yerinə yetirərdiniz. O qətnamələrdə erməni silahlı birləşmələrinin Azərbaycanda işğal etdikləri torpaqlardan çıxması istənilirdi, yadınızdadırmı?

İndi BMT TŞ yığışa, 3-4 qətnamə də Laçındakı ekoloji fəallarımıza qarşı çıxara - tam lətifə alınardı.

Deyirlər blokada üzündən 1100 erməni, o cümlədən 270 uşaq küçədə qalıb, evinə gedə bilmir, soyuqdan donmaq təhlükəsi altındadır və sairə. Görəsən, ermənilər bu uydurma şantajı Xocalı bölgəsində etməyin sinizmin zirvəsi olduğunu anlayırmı? Orada 1992-ci ildə donub ölən, öldürülən körpələri unutduğumuzu düşünürlər?

Həmçinin 1993-cü ildə yüz minlərlə azərbaycanlı evindən-eşiyindən məhrum olub düzənliklərə, çadırlara qısılanda bu fağır ermənilərin humanizmi, görəsən, bədənlərinin hansı hissəsində it-bata düşmüşdü?

Ermənilərin “Bizim ekologiyaya zərər vurmadığımız ""artsax respublikası"nın son 30 ildə Azərbaycan ərazilərinə qarşı hər hansı ekoloji təhlükə törənmədiyindən də aydın görünür" cümləsini oxuyanda isə şəxsən mən insan həyasızlığının hüdudsuzluğuna heyrətləndim. Torpaqlarımız 2 il öncə işğaldan azad ediləndən bəri kim həmin bölgələrə gedib-gəlibsə, ətraf mühitə vurulan ziyanların miqyasına heyrətlənib. Meşələr, yaşıllıqlar qırılıb, göllər, çaylar qurudulub, bulaqlar batıb, dərələr çöküb, təpələr yatıb. Hələ mən ev-eşiyi, abidələri, qəbirləri demirəm, hərçənd dərinə gedəndə bunlar da ekologiyanın - insan ekologiyanın bir parçasıdır - tərkibindədir. Bunları saymayaq, yalnız vəhşi təbiəti götürək. Təbiət yox edilib. Sözün əsl mənasında. Şəxsən mən qarabağlıyam, üstündə uşaqlığım keçən Sarıtəpədən, Göl yerindən, Quruçaydan, Söyüdlü arxdan, Qobudan, Qocaqazan yalından əlamət tapana qədər dəqiqələr boyunca gözümü döymüşdüm: “Bu, doğrudanmı oradır?”

Çinar meşələrini, qoz meşələrini, ucsuz-bucaqsız üzüm bağlarını yox ediblər, “ekoloji mələk” olduqlarını söyləyirlər. Sanki bütün Qarabağdan vəhşi donuz sürüsü keçib.

Qarabağ ermənilərinin Ermənistan və Rusiyadan yardım istəməsi də başqa lətifədir. Ermənistan sizə nə yardım edə bilər, o, heç sərhədini demarkasiya eləyə bilmir? Keçəl bir dərman bilsə...

Rusiya isə, sən demə, sülhməramlı imicinin qayğısına qalmalıymış. Əlbəttə. Bu dəqiqə Rusiya həmin imicini daha çox Ukraynada qoruyur, sizə vaxtı çatmır (bu yerdə içimdən “əbləhlər” sözünü yazmaq keçdi, əl saxladım).

Ancaq niyə saxlayıram, yazıram: əbləhlər. Tibet öküzü qədər ağlınız yoxdur.    

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости