Свобода людям, независимость нациям!

Öküz(lük) tərpənəndə

1742 14.02.2023 10:35 Колумнисты A A

“Oylə səngindir ki, əsqali-təəssübdən yüküm,

Gündə min tərpənsə yer, tərpənməz əsla bir tüküm!"

(Sabir; “səngin” - ağır, “əsqali-təəssüb” isə radikal fanatizm deməkdir)

Bugünlərdə Türkiyə telekanallarından birində eşitdiyim informasiya məni şoka saldı: sən demə, orada çoxdandır orta məktəblərdə “Coğrafiya” dərs olaraq keçilmir. Hansısa “Sosial bilimlər” adlı dərsin içində bölmə kimi qalırmış, lakin ayrıca dərs, dərslik yoxdur.

Coğrafiya üstündə yaşadığımız Yer planeti haqda elmdir. Açması da qədim yunancadan “geo” - “Yer” və “qrafia” - “təsvir eləmək” sözlərindən gəlir. Necə ola bilər ki, insan üstündə yaşadığı planeti öyrənməkdən imtina eləsin? Bu problem bizdə, Azərbaycanda da oxşar şəkildə var, ona görə yazıram. Düzdür, bizdə coğrafiya məktəblərdə hələ dərs kimi keçilir, ancaq necə deyərlər, Allah kəssin elə dərsi... Bu fənn adətən ali məktəblərə qəbullara düşmədiyindən (indi xəbərim yoxdur, deyəsən, 2 və 3-cü qruplarda coğrafiyadan da suallar var) onun müəllimləri ikinci sort pedaqoqlar kimi qəbul olunublar, cəmiyyət arasında hörmətləri az olub, heç elçiliyə də aparmayıblar. Əminəm ki, bu dəqiqə orta məktəblərimizdə sorğu keçirsək, şagirdlərin böyük çoxluğu qlobusla Qobustanın, Bazardüzü ilə Təzə bazarın fərqini bilməyəcək. Hələ sən ondan gəl ekvator-meridian soruş... Adamı bıçaqlayarlar. Axırıncı dəfə kontur xəritə çəkən şagirdi 1989-cu ildə gördüyümü xatırlayıram.

Ona görə də mediada qorxunc zəlzələnin silahla törədildiyini yazan jurnalistlər peyda olur. Nə Yerin üstündən xəbərimiz var, nə Yerin altından. İşimiz ancaq əlimizi qaldırıb boş-boş dua eləməkdir (“dua oxumaqla donuz darıdan çıxmaz” müdrikliyi olan xalqın arasında), çünki Yerin lap yuxarısında, göyün neçənci qatındasa ilahi varlıqların oturub burda aləmi qarışdırdığı qənaətindəyik. Niyə? Çünki bizim başbilənlər də orta məktəblərdən astronomiyanın tədrisini rədd ediblər. Onların qənaətinə görə ulduzları və planetləri, meteor və kometləri, uzaq qalaktikaları örənmək azərbaycanlı uşaqların nəyinə lazımdır? Onsuz axırda “başlarını aşağı salıb, işlərini görəcəklər”. Nəticədə bu gün Azərbaycanda Yerin tısbağanın belində, yastı nəlbəki kimi bir məkan olmasını təsəvvür edən nəsil yetişir. Şamaxı rəsədxanasını isə biz həmişə orucluğun başlamasını xəbər verən yer kimi tanımışıq.

Ən tragikomik detal odur ki, hazırda bizim kosmosda 3 dənə peykimiz qanad çalır, lakin astronomiyanı elm saymırıq. Eyni zamanda Bakı-Sumqayıt qatarına görə azı üç dənə Dəmiryolu Texnikumumuz vardır. Nəsrəddin Tusinin qədim zamanlarda ulduzlara baxmasını fəxrlə hər yerə yapışdırmışıq, astronomiyanı isə 18 plyus sayaraq məktəblilərdən uzaq tuturuq. O nə pəhriz, bu nə alça turşusu?

Bəs ləğv edilən coğrafiya və astronomiya kimi elmlərin “müqəddəs boşluğu” nə ilə doldurulur? Əlbəttə, cürbəcür hədislər, ilahiyyat, uydurma tarix dərslikləriylə. Bu saat bizdə və Türkiyədə tarixin öyrədilməsi ən modda olan şeydir. (Əslində düzgün öyrədilsə, bunun da çox dəyəri var, çünki keçmişi səhv biləndə millətlər gələcəkdə səhv yerlərə gedib çıxırlar. Ancaq nə yazıq ki, bizdə tarix siyasi konyukturun əsiridir).

Milləti gələcəyə baxmağa qoymursansa, onu keçmişdə qurdalanmağa vadar etməlisən. Bir dəfə mənə abituriyentlər üçün fizika təlim kitabı vermişdilər, orda hər bölüm... imamlardan sitatla başlayırdı. Məsələn, “Optika” bölümünə girişirdin, görürdün yuxarıdan yazılıb: “Mömin bəla və imtahan zamanı tanınar. İmam Filankəs ”. İstəyirdin səs dalğalarını öyrənəsən, orda görürdün yenə başqa imam yoldaşdan sitat verilibdir: “Evinin sirrini anasına danışan qadından, ailəsinə uyub arvadına pis davranan kişidən, anasının-atasının sözünü dinləməyən övladdan xeyir gəlməz”. Əlhəmdüllah. 

İctimai təfəkkürün, cəmiyyət anlayışının təbii fəlakətlərdə rolu da önəmlidir. Məsələn, necə olur ki, hansısa ölkədə zəlzələ, sunami hər tərəfi dağıdır, bir soyğun hadisəsi olmur, lakin başqa ölkədə evlər yiyəsiz qalan kimi oğrular peyda olur?

Bir neçə il qabaq mən 5 qatlı, 5 bloklu binada yaşayırdım. Qonşuluqda 3 dənə də belə bina vardı. Və təsəvvür edin ki, hansısa yaramazlar o binalara aparan yollardan birini həyət evi tikənlərə satmışdılar. Nəticədə 4 böyük binanın cəmi 1, o da 2 metr enində yolu qalmışdı, bir fəlakət olsa ora girib-çıxmaq mümkün deyil. Binaların hamısının 1-ci qatında yaşayanlar isə oranı çəpərləyib özlərinə xudmani istirahət zonası qayırmışdılar. Sonra orada da əlavə otaqlar tikdilər. Heç kim başa düşmürdü ki, o ərazi bütün sakinlərə məxsusdur, təkcə birinci qatdakılara yox.

Sonda Binəqədi vulkanının üstündə ev tikən yoldaşlara palçıqlı salam yollayıram.

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости