Свобода людям, независимость нациям!

Ödənişsiz çaqqallar

2499 01.06.2022 09:40 Колумнисты A A

“Uşağı süpürgə ilə döysən boyu çıxmaz”

(Azərbaycan ata sözü)

Uşaqlara sevgimiz sonsuzdur. Bunu dövlət proqramlarından xüsusi görmək olar. Örnək üçün, bax, uzağa getməyək, elə bu gün nə gündür? Ay sağ olasınız: uşaqların beynəlxalq müdafiəsi günü. Ancaq ölkəmizdə uşaqları müdafiə eləməyə hansısa ehtiyac yoxdur. Uşaqlar hamıdan yaxşı yaşayırlar. Hətta deyərdim ki, böyükləri uşaqlardan müdafiə eləmək lazım gəlir. Bütün günü qəndqabından konfet əkişdirirlər. Burunlarını qollarına silirlər. Sərbəst şəkildə aşırma şalvar geyir, lap ürəkləri istəsə tumançaq dolaşırlar. Lakin bizdə çox idarəyə şortikdə getmək mümkün deyildir, vaxtaşırı gənclərimiz belə problemləri müzakirəyə çıxarır. Hazırda milləti ən çox düşündürən problem “meyxana kimə lazımdır” şəklindədir - bunu da yazıram, biləsiniz. Həmçinin Allah Tosu Zəngilanlıya rəhmət eləsin. Şəxsən mən onu dünən tanıdım. Böyük insanlar belədir. İtirməyincə qanmırsan. Bu il neçə ziyalımızı itirdik.

Uşaqlarımız üçün hər bir həyətdə idman, futbol, boks, karate meydançaları salınmışdır. Neçə yerdə yasxana və qarajı bu məqsədlə darmadağın eləmişik, inanmayanın gözünə çiban çıxsın. Ən yaxşı binaları uşaqlara vermişik, təsəvvür elə, Məzahir müəllimin seçkiləri keçirdiyi binalarda neçə vaxtdır uşaqlar dərs oxuyur! Əgər biz uşaqları sevməsək, o qədər binanı niyə onlara verirdik? Elə hazır içində şadlıq sarayı, restoran, ciyərxana, dönərxana, ət dükanı, moyka, pozqazan açardıq.

Ancaq ta bütün dünya uşaq gününü qeyd edir, biz də məcburuq camaata qoşulaq, yoxsa uşaqlarımıza hər gün bayramdır. Dünən meşə nazirliyi Azərbaycandakı bütün milli parklara girişin uşaqlar üçün pulsuz olduğunu elan elədi. Vallah, mən bu xeyirxahlıqdan vəcdə gəldim, ağladım. Deyir gedin, gəzin, çaqqallarla oynayın, ceyranlara baxın, nə bilim, çəmənliklərdə kəpənək qovun, dağlarda şəlalədən sallaşın və sairə. Böyük güzəştdir. Uşaq pulunun bərpası kimi şeydir.

İkinci humanitar aksiya məktəb nazirliyi tərəfindən həyata keçirilmişdir (tərəfindən həyata keçirmək - çox maraqlı, eşq dolu söz birləşməsidir, bunu dilimizə salan adama öpüş göndərirəm). Bildiyiniz kimi, hər il Bakının mərkəzində “Formula-1" maşın yarışı keçirilir. Bu münasibətlə hündür hasarlar, qəfəslər çəkilir, paytaxtımız zooparkın filialına oxşayır. Çox maraqlı aksiyadır, xahiş edirik bundan bütün rayonlarda olsun. Sözüm bunda deyil. Dünən məktəb nazirinin açıqlaması yayıldı, deyir o ərazidə oxuyan şagirdlərin dərsə davamiyyəti özlərindən asılıdır. İstəsələr məktəbə gəlsinlər, istəməsələr gəlməsinlər.

Bax, demokratiya budur! Seçim imkanı verilir. Necə deyərlər, İSA - İndi Seçim Anıdır. Uşaqları maşın vurmasın, qəfəsə ilişib yıxılmasınlar, şouya, tırıltıya başları qarışıb Arximed teoremini, sulfat turşusu ilə Om qanunu arasında fərqi, o cümlədən, vətənpərvər tərbiyəni unutmasınlar deyə nazirlik məsləhət görür dərslər təxirə salınsın.

Açığı, mən ömrüm boyu kimisə pisləməmişəm, həmişə tərif, xoş sözlər yazmışam, dövlətimizin, ondan fərqlənən (ayrı şeylərdir) hökumətimizin tərəfində durmuşam, lakin indi özümü saxlaya bilmirəm və nazirliyin qərarını pisləyirəm. Uşaqlar maşın yarışı günlərində məktəbə getsəydilər, ən azı təkər qaraltmağın sirlərini öyrənərdilər, bu, gələcəkdə hamımıza vacib lazım olan fəaliyyət növü, əmək, istedad, startap vasitəsidir.

Bir dənə də arvad uşağı doğub zibilliyə atmışdır, gənclər şəhərciyində isə dayıoğlu keçmiş arvadı olan bibiqızını tirtap doğrayıb iki balacanı ortalıqda  yetim qoymuşdur, lakin o məsələni bayram günü qurdalamağın mənasını görmürəm. Əsas odur bu hadisələr 1 iyunda olmayıb. 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости