Свобода людям, независимость нациям!

Nümunəvi diyar

2031 23.10.2022 12:20 Колумнисты A A

“Hamı mənə tərəf gəlir,
Mən durmuşam yerimdə”
(Ramiz Rövşən)

Gürcüstanda 2013-cü ildən bəri hər il maraqlı ədəbi eksperiment aparırlar: yazıçıları Yazıçılar Evi-nə yığırlar, gecələr orda qalırlar və qorxu, elmi fantastika, fentezi kimi janrlarda əsərlər yaradırlar. Sonra bu əsərlər toplu şəklində dərc edilir.

Bizdə belə eksperimentə ehtiyac yoxdur. Çünki az qala yüz ilə yaxındır yazıçılarımızı öncə Yazıçılar İttifaqı, indi Birliyi adlanan idarədə bir damın altında toplayıblar. Daim üstlərində NKVD-KGB nəzarəti olubdur. Nəticədə ortaya çoxlu qorxulu, dəhşətli həyatlar çıxıbdır. Yəni, bizim sosial eksperimentin (nədənsə bunu burda “ekskrement” yazmaq istədim) yekunu bədii əsərlər yox, qeyri-bədii həyatlardır. Yəqin dünyaya bu daha çox lazımdır.

Ümumiyyətlə, dünyanı müşahidə edəndə görürsən biz hamıdan qabaqdayıq. Sadəcə, xalq demişkən, yiyəmiz yoxdur.

Örnək üçün, götürək elə Britaniyanı. Orda türk balası Boris Conson baş nazir vəzifəsində çalışırdı. Özü də pis işləmirdi, səsi Londondan tutmuş Kiyevə qədər yayılırdı. Yalan olmasın, yeni dövrümüzün Çörçilli olmağa layiq şəxsiyyət kimi özünü göstərməkdəydi.

Sözgəlişi, Consonun Çörçill haqda kitab yazması məlumdur, deməli bu siyasi kodlar, köklər təsadüfi deyildir. Kitab “Çörçilli amili” adlanır. Consonun başqa bir kitabı isə “Roma haqda arzu”dur, burada qədim Roma imperiyasından bəhs olunur. Məncə kitabların mövzuları Consonun dünya siyasətində Britaniyanın yeri haqda fikirlərini özündə əks etdirir. Bunu xüsusilə bizim siyasətçilər, müxalifət liderləri üçün yazıram – 30 ildir ancaq mənasız piketlər, intriqalı intervülərlə, dedi-qodu, şaiyələrlə, ən yaxşı halda qərargahda domino oynamaqla məşğul olurlar, nə bir memuar yazırlar, nə siyasi görüşlərini kitabda millətə açıqlayırlar. Jurnalistlər bu temada sual da verəndə komik çavablar alırdılar. Bəs sən demə müxalif liderimiz hələ aktivdir, yaşlanıb passivləşəndə memuar yazacaqmış. Nəsə, pis lətifə kimi şeydir, burda dayanaq.

Uzun sözün qısası, ingilis xalqı Boris müəllimin qədrini bilmədi, bezdirdilər, çıxıb istefaya getdi. Özü də birbaşa Dominikan adasında ailəsiylə dincəlməyə. Yəni, canınız cəhənnəmə, mən burda quma uzanıb özümü günə verəcəyəm, arada kokosdan-zaddan yeyəcəyəm, siz orda Dumanlı Albionda cürüyün. Consonun yerinə Liz Trass adlı zənəni baş nazir qoydular. Xalq dərhal müqayisələr apardı, ancaq başa düşmürdülər ki, Marqaret Tetçer şaftalı ağacı deyil, hər tində bitmir. Nəticədə Trass müəllimə 45 günün tamamında trasın qırağına çıxıb Ziya müəllimin çatdırıb hamısını alıb gətirə bilmədiyi London taksilərinə əl yelləməyə başladı ki, məni də burdan aparın, amanın günüdür, qələt eləmişəm. Siyasi dillə yazsam, istefa verdi.

Bir ay yarım da baş nazirlik olar? Bu nə müsibətdir? Hərçənd, sovet mətbuatının vaxtilə yazdığı kimi, imperialist ölkələr təzadlar içindədir. Bir yanda 45 günün baş naziri varsa, o biri yanda da 70 il taxtdan düşməyən kraliçalar vardır. Lakin bu təzadlar indiki mövzumuza aid deyil, qalsın başqa vaxta, onsuz yolumuz kommunizm yoludur, hələ qafiyə papaqdan təzə çıxıb.
Bəli, Trass istefa verən kimi onun yerinə namizədlər axtarılır və həmin namizədlərdən biri... Boris Consondur. Hətta deyir istirahəti yarımçıq qoyub dərhal Londona dönübdür.

İndi, qardaşım, bu nə istefalardır? Bekar qalmısınız? Niyə kağız-kuğuzu korlayırsınız? Kişi gül kimi oturmuşdu da yerində! Madam dalıyca samolyot göndərəcəkdiniz, niyə istefa verdirirdiniz?

Başqa bir hadisə İranda və Türkiyədə müşahidə olunur. İranda zənənlər başı bağlı gəzməkdən bezib üsyana qalxıblar, hər yerdə qırğın gedir. Türkiyədə isə zənənlərin başını təzədən bağlamaq üçün hökumət çarpışır. Biz isə hələ 100 il qabaq bu çadra-madra işlərini həll eləmişik. Bakıda çadralı qadın heykəli də var (Natəvan), çadrasını atan qadın heykəli də. Kim istəyir örtür, kim istəyir örtmür. Azadlıqdır.

Özü də hökumətimiz hər iki qisim zənənlərə eyni gözlə baxır. Örtənə də baxırlar, örtməyənə də. Zövqdən asılıdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости