Свобода людям, независимость нациям!

Nobel sülh mükafatıının məşhur laureatları - aralarında tanıdığınız qatillər də var

2701 19.03.2022 11:15 Колумнисты A A

Bildiyiniz kimi, avropalı siyasətçilər Nobel Sülh Mükafatına Ukrayna prezidenti Vladimir Zelenskinin namizədliyini irəli sürüblər.

Buna səbəb Zelenskinin Rusiyanın hərbi aqressiyası qarşısında görünməmiş dirəniş, mətanət göstərməsi, demokratiya və azadlıq yolu tutan xalqını yenidən müstəbidlərə təslim etməməsidir. Adam gerçəkdən bu və başqa mükafatlara layiqdir. Buna söz yox.

Ancaq onu da bilməkdə yarar var ki, Nobel Sülh Mükafatı xeyli dərəcədə siyasi konyukturaya açıq mükafatdır və kimya, fizika, ədəbiyyat və tibb sahələrində əldə edilən nailiyyət və töhfələrə görə verilən analoji mükafatdan çox fərqlənir.

Adları çəkilən sahələr üzrə Nobel mükafatı alanlarla bağlı çox vaxt mübahisə düşməsə də, Nobel Sülh Mükafatını alanlar barədə uzun çəkən mübahisələr olur, bəzən laureatların bu mükafatı haqq etmədiyi iddia olunur. (Ədəbiyyat üzrə verilən mükafat da bəzən mübahisəyə səbəb ola bilir).

İndiyə qədər Nobel Sülh Mükafatı 108 şəxsə və 28 təşkilata verilib. Onların içində çox məşhur simalar və beynəlxalq miqyasda nüfuzlu təşkilatlar var.

5.jpg (113 KB)

20-ci əsrin, eləcə də bütün zamanların ən böyük sülhpərvər mübarizi, Hindistan xalqını dinc mübarizə üsulu ilə Britanıya müstəmləkəsindən xilas edən Mahatma Qandinin namizədliyi 5 dəfə bu mükafata irəli sürülsə də, bu mükafat o böyük xadimə verilməyib. Hər dəfə kimlərsə mane olub. Əvəzində bütün varlığı ilə Hindistanın müstəqilliyinə qarşı çıxan Cozef Çemberlen (İngiltərənin baş naziri), eləcə də ondan daha sonra həmin vəzifəni tutan məşhur siyasətçi Uinston Çörçill Nobel mükafatı alıb (Çörçill Nobel ödülünə ədəbiyyata verdiyi töhfələrə görə layiq görülüb).

Nobel Sülh Mükafatını alanlar arasında Teodor Ruzvelt, Vidro Vilson, Henri Kissincer, Yasir Ərəfat, Villi Brandt, Mixail Qorbaçov, Nelson Mandela, İshaq Rabin, Ənvər Sədat, Menahem Begin, Corc Marşall, Martin Lüter Kinq, Andrey Saxarov, Lex Valensa, Aun San Su Çji, Kofi Annan, Ceyms Karter, Albert Qor, Barak Obama və başqaları var.

Göründüyü kimi, “sülhpərvərlər” siyahısında ABŞ-ın prezidentləri və dövlət katibləri çoxdur.

2.jpg (13 KB)

Deyək ki, bəziləri hansısa lokal müharibəyə son qoyulmasında rol oynayıblar, sülh sazişi bağlanmasında iradə ortaya qoyublar, amma Barak Obamanın “beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsindəki fövqəladə səylərinə görə” Nobel mükafatı alması, haradan baxsaq, absurddur. Adam Səudiyyə Ərəbistanının kralı Salmanın, Yaponiya imperatorunun qarşısında ikiqat təzim etmək kimi səy hərəkətilə daha çox yadda qalıb, nəinki xalqlar arasında əməkdaşlığın gücləndirilməsindəki səylərinə görə.

Henri Kissincer Vyetnamda müharibəyə son qoyan sazişi imzaladığına görə vyetnamlı həmkarı Le Dık Tho ilə birlikdə bu mükafata layiq idi, amma o, ?bu cür “burjua sentimentalizmlərinin” onun üçün olmadığını və Paris sülh sazişlərinə tam əməl olunmadığını əsas gətirərək mükafatdan imtina edib və Nobel Sülh Mükafatından imtina edən yeganə şəxs olub (ona qədər ədəbiyyat üzrə Nobel mükafatından imtina edən vardı - Jan Pol Sartr).

44.jpg (4 KB)

ABŞ-ın vitse-prezidenti Albert Qor isə mükafatı “ana südü qədər halal” sayıb, hesab edib ki, “insan fəaliyyətinin yaratdığı qlobal iqlim dəyişikliyinin nəticələrinin öyrənilməsi və onların mümkün qarşısının alınması üçün tədbirlərin hazırlanmasına görə” bu mükafata layiqdir.

3.jpg (5 KB)

Hakimiyyətdə olduğu vaxt sürətlə silahlanmanı pik səviyyəyə çatdıran, dövlət çevrilişlərinin və müharibələrin dünyanı sardığı vaxtda əlindən bir şey gəlməyən Ceyms Karter (ABŞ-ın 39-cu prezidenti) vəzifədən gedəndən 22 il sonra “dünyanın 1 nömrəli sülhpərvəri” seçilib.

66.jpg (109 KB)

Uzun illər adı dünya mediasında terrorçu kimi çəkilən Yasir Ərəfat İsrailin rəhbərləri ilə birlikdə sülh sazişi imzaladığına görə Nobel mükafatı alıb. Ancaq İsrail-Fələstin münaqişəsi bu mükafatlar alınandan sonra da davam edib, qan su yerinə axıb.

6.jpg (8 KB)

Misir prezidenti Ənvər Sədat imzaladığı Kemp-Devid sazişinə görə İsrailin baş naziri Menahem Beginlə birlikdə Nobel mükafatı alsa da, sui-qəsd nəticəsində həyatını itirib. Başqa sözlə, bu mükafat həm də onun qətl fərmanı olub.

1.jpg (113 KB)

1991-ci ildə “demokratiya və insan hüquqları uğrunda qeyri-zorakı mübarizəsinə görə” Nobel Sülh Mükafatına layiq görülən myanmalı siyasətçi Aun San Su Çji sonradan dövlət başçısı olanda müsəlman rohincalara qarşı genosid siyasəti yeritdiyi üçün bütün başqa beynəlxalq mükafatlarından məhrum edilib, amma onun Nobel mükafatınına dəyməyiblər.

402914777_0_15_2157_1370_1920x0_80_0_0_74d196b86ab8dfb1e2346258ff2a58ba.jpg (240 KB)

Sovet dövlətində vətəndaş müharibələrinə (erməni-azərbaycanlı, gürcü-abxaz, osetin-gürcü, özbək-türk, qırğız-tacik, moldovan-rus) və bir çox şəhərlərdə (Almatı, Tiflis, Bakı, Vilnüs) dinc əhaliyə divan tutulmasına bais olan SSRİ rəhbəri Mixail Qorbaçovun Nobel Sülh Mükafatına layiq görülməsi isə, əslində SSRİ-ni çökdürdüyü üçün Qərb dünyasından aldığı mükafat idi.

99.jpg (19 KB)

Nobel Sülh Mükafatının qaliblərinin seçilməsində müharibə aparan tərəflərin sülh sazişi imzalamalarının rolu olur. İndi belə çıxır ki, Ukraynada sülh sazişi imzalansa, bunu əsas götürərək Zelenskiyə də, Putinə də Nobel Sülh Mükafatı verilməlidir.

Ancaq döyüş meydanında dağıntılar və qurbanlar o qədər çoxdur ki, belə bir mükafatlandırma absurd olar və onsuz da siyasi konyuktura aləti olan mükafatın tamam gözdən düşməsinə gətirib çıxarar.

P.S. 1975-ci ildə Nobel Sülh Mükafatı alan rus fiziki Andrey Saxarovun 1988-89-cu illərdə erməni aqressorları dəstəklədiyini də unutmayaq.

Xalid Kazımlı

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости