Свобода людям, независимость нациям!

“Nobel”i “halal” olmayanlar - Qorbaçov, Ərəfat, Obama, Hall, Çji...

2074 27.11.2023 14:46 Колумнисты A A

 

Ermənistanın baş naziri Nikol Paşinyana Nobel sülh mükafatının vəd olunması barədə yayılan söz-söhbətlər bəzilərinə inandırıcı görünməsə də, buna inananlar da çoxdur.

Bu, yeni söhbət deyil. 1999-cu ildə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının intensivləşməsi ilə bağlı beynəlxalq səviyyədə belə bir fikir təlqin edilirdi ki, iki ölkə qalıcı sülh barədə razılığa gəlsələr, o zaman sülh müqaviləsinə imza atan liderlərə Nobel sülh mükafatı veriləcək. Ancaq o zaman Ermənistan parlamentində spiker Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyan başda olmaqla bir neçə nazir və deputatın güllələnməsi sülh danışıqlarını pozdu. Hərçənd bu hadisə olmasa da, Azərbaycanın o şərtlər daxilində (“DQR”-in müstəqiliyyinin tanınması, Şuşa, Laçın və Kəlbəcərin Ermənistanda qalması) Ermənistanla sülhə gedəcəyi inandırıcı deyildi.

Hazırda isə sülh sazişinin imzalanması üçün elə bir ciddi maneə qalmayıb və 1 əsrdən çox yaşı olan düşmənçiliyin sonlandırılması üçün tarixi şərait yetişib. Böyük dövlətlər imkan versələr, gələn il Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalana bilər, verməsələr, savaşın bir müddət də davam etməsini istəsələr və bunu təşkil etsələr, o zaman Paşinyan nəinki belə bir mükafat alacaq, əksinə, çox şeydən məhrum olacaq.

Nobel mükafatı dünyanın ən şərəfli, ən prestijli mükafatıdır. Onu alim və yazıçılara, siyasətçilərə və iqtisadçılara verirlər.

Bəzən mükafatın laureatların kimliyi mübahisə predmeti olur, çıxarılmış qərarla razılaşmayanlar tapılır, hesab edirlər ki, seçim ədalətli, obyektiv olmayıb.

orbbb.jpg (25 KB)

Məsələn, 1990-cı ilin oktyabr ayının 15-də SSRİ rəhbəri Mixail Qorbaçova Nobel sülh mükafatının verilməsini Azərbaycan, Qazaxıstan, Gürcüstan vətəndaşları obyektiv qərar saymırdılar. Çünki Qorbaçovun birbaşa əmri ilə 1986-cı ildə Almatıda, 1989-cu ildə Tiflisdə, 1990-cu ildə Bakıda dinc əhaliyə qarşı ordudan istifadə edilmişdi, çoxlu mülki insan həlak olmuşdu. Sonrakı il Vilnüsdə bənzər hadisə törədildi və məlum oldu ki, Qorbaçov nəinki qlobal sülh prosesinə töhfə vermək, hətta rəhbərlik etdiyi ölkədə əmin-amanlıq bərqərar etmək iqtidarında deyil. SSRİ dağılandan sonra rusiyalılar da Qorbaçovun Nobel mükafatının “halal”lığını şübhə altına aldılar. İndinin özündə də əsas qənaət bundan ibarətdir ki, bu mükafat Mixail Sergeyeviçə ona görə verilib ki, onun kommunizm quruculuğundan imtinası və SSRİ-nin demontajı istiqamətində fəaliyyətinə dəstək olsun.

“Time” jurnalına görə, sözügedən mükafatın düzgün verilmədiyi başqa hadisələr var.

obbi.JPG (19 KB)

Nəşrin analitikləri hesab edir ki, əslində bu mükafat ABŞ prezidenti Barak Obamaya da verilməməli idi. O, Nobel sülh mükafatını “xalqlar arasında beynəlxalq diplomatiyanın və əməkdaşlığın gücləndirilməsi istiqamətində qeyri-adi səylərinə” görə alıb. Obama bu mükafata prezident vəzifəsinin icrasına başladıqdan 12 gün sonra layiq görülüb. “New York Times” qəzeti bunu “heyrətamiz sürpriz” adlandırıb. Sonrakı illərdə “sülhpərvər” Obama ölkəsinin digər müstəqil dövlətlər ərazisindəki hərbi kampaniyalarına rəhbərlik edib.

1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılmasında fəal roluna görə Nobel sülh mükafatı alan Kordell Hallın laureatlığı mübahisəlidir. 1939-cu ildə 950 yəhudi qaçqını daşıyan gəmi Almaniyadan ABŞ-a gələndə o, dövlət katibi vəzifəsində çalışan Hall siyasi sığınacaq istəyən yəhudiləri ölkəyə buraxmayıb və gəmi Hamburqa qayıdıb. Sonradan onun sərnişinlərinin təxminən dörddə biri Holokostda ölüb. Hall Nobel mükafatı alanda bu hadisə yada düşüb və rezonans doğurub.

arraf.JPG (40 KB)

Yasir Ərəfatın Nobel sülh mükafatına layiq görülməsi də mübahisə predmetdir. Çünki bu şəxs öz xalqının azadlığı uğrunda barışmaz mübariz olsa da, bir çoxları üçün o, terrorçuların ortağıdır. Onunla birlikdə İsrailin baş naziri İshaq Rabin, eləcə də bu ölkənin xarici işlər naziri Şimon Peres də həmin vaxt Nobel mükafatı alıblar. Ancaq göründüyü kimi, Yaxın Şərqə hələ də sülh gəlməyib.

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin Nobel sülh mükafatına layiq görülməsi zamanında müzakirələr fırtınasına səbəb olub. Qərarın özü Nobel mükafatı tarixində ən mübahisəli qərarlardan biri olaraq qalır. Tənqidçiləri amerikalı siyasətçiyə Kondor əməliyyatı və Kambocada baş verən partlayışlar xatırladıb.

1991-ci ildə Nobel sülh mükafatı olan, sonradan Myanmada hakimiyyətə gələn Aun San Su Çji də mübahisəli laureatlardandır. Onun hakimiyyəti dövründə Myanmanın hərbi qüvvələri müsəlman rohincalara qarşı soyqırım törədiblər və xanım Çji buna qarşı çıxış etməyib. Buna görə 2018-ci ildə Kanada parlamenti onu fəxri vətəndaşlıqdan məhrum edib. Hazırda o, ölkəsində xunta tərəfindən həbs edilib.

Beləliklə, aydın olur ki, bu mükafatı alanların heç də hamısı sülhpərvər deyil. Belə anlaşılır ki, Nobel komitəsi bu mükafatı bəzi adamlara keçmişdəki yox, gələcək xidmətinə təşviq üçün verirlər.

24 il əvvəl də, indi də bizdə əsas qənaət budur ki, Ermənistanla əlverişsiz sülh sazişi imzalayaraq Nobel sülh mükafatı qazanmaqdansa, Qarabağı qazanmaq daha yaxşıdır, şərəflidir.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости